AZ

Paşinyan xəritəni kəsmədi - Azərbaycan və Türkiyəyə mesaj verdi?

Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan xəritəsi formasında hazırlanan tortu kəsməkdən imtina edib. Onun bu addımı ciddi müzakirələrə səbəb olub.

Heç şübhəsiz ki, bu, ilk baxışdan adi və protokol xarakterli detal kimi görünür. Amma baş nazirin “Bu, çoxlu şərhlərə yol açacaq” kimi fikir səsləndirməsi əslində regionda davam edən mürəkkəb siyasi proseslərin fonunda olduqca diqqətçəkən mesaj hesab olunur.

Paşinyan nə demək istəyirdi? Nə üçün o, Ermənistan xəritəsi formasında hazırlanan tortun kəsilməsinin qarşısını aldı? Ermənistan rəhbəri bununla həm daxili auditoriyaya, həm də xarici qüvvələrə hansı siqnalı verməyə çalışdı?

Paşinyanın bu davranışı Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı illərlə davam edən ərazi iddiaları ilə bağlı dəyişən siyasi xəttinin növbəti işarəsi hesab oluna bilərmi?

Politoloq Əli Orucov Musavat.com-a söylədi ki, Paşinyan qeyri-adi hərəkətləri ilə erməni cəmiyyətini heyrətləndirməkdə və diqqətini özünə çəkməkdədir: "Onun "Real Ermənistan" adlandırdığı Ermənistanın xəritəsi formasında hazırlanmış tortun kəsilməsinin qarşısinı alması müzakirələrə yol açdı. Özünün də dediyi kimi tortun kəsilməsi də bir çox şərhlərə yol açacaqdı. Rəqibləri Karapetyan və Köçəryan bundan Paşinyana qarşı müxtəlif yozumlar edərək istifadə edə bilərdilər. Onsuz da Moskvaya xidmət edən qüvvələr erməni cəmiyyətində vahimə və qorxu yaratmaqla seçiciləri çəkindirməyə çalışırlar. Onların təbliğatında iki əsas xətt var. Birincisi, Rusiya ağalığını saxlamaq, Rusiyasız Ermənistanın var ola bilməyəcəyini aşılamaq, ikincisi isə Türkiyənin və Azərbaycanın Ermənistanı əridəcəyi isterikasını geniş kütlələrə yaymaqdır. Və revanşistlərin Paşinyana qarşı istifadə etdikləri əsas "arqument" Qarabağla bağlıdır. Halbuki bu mövzu çoxdan qapadılıb və yenidən gündəliyə gətirilməsi İrəvan üçün həyatı risklər deməkdir. Fikrimcə, Paşinyanın Ermənistan xəritəsində hazırlanmış tortun kəsilməsinə imkan verməməsi simvolik məna kəsb edir. Yəni bu dövlət və onun hazırkı sərhədləri toxunulmazdır və bütövlüyünu qoruyacağı mesajıdır. Baş nazir rəqiblərinə demək istəyir ki, Ermənistanın ərazi bütövlüyü və suverenliyinə heç bir əl uzana bilməz. Əslində onun bu hərəkətləri daxili auditoriyaya hesablanıb. Son dövrlər Kremlin və Ermənistandakı Kremlyönlü güclər təbliğatlarında Azərbaycan və Türkiyə təhlükəsini daha çox qapardırlar. Halbuki Bakı və Ankara Ermənistanla münasibətlərin normallaşmasına və sülh müqaviləsinin tezliklə imzalanmasına, əlaqələrin genişlənməsinə maraq göstərirlər. Hər iki dövlətin də Ermənistana qarşı hər hansı bir ərazi iddiası yoxdur. Demək, Ermənistanın parçalanıb hissələrə bölünməsi təhlükəsi də yoxdur. Bir şərtlə ki, İrəvan xam xəyallar və iddialara düşməmiş olsun".

Cavanşir Abbaslı
Musavat.com

Seçilən
1
50
musavat.com

10Mənbələr