AZ

Paşinyan və revanşistlər ölüm-dirim savaşında: Ermənistanın gələcəyi təhlükədə  

Mayın 8-dən etibarən Ermənistanda 2026-cı il iyunun 7-də keçiriləcək parlament seçkiləri ilə bağlı seçkiqabağı təşviqat kampaniyasına rəsmi start verilib. Qeyd edək ki, ölkədə siyasi mübarizənin ən gərgin mərhələsi hesab olunan təşviqat dövrü iyunun 5-dək davam edəcək. Artıq Ermənistan siyasi səhnəsində həm hakimiyyət, həm də müxalifət qüvvələri arasında ciddi qarşıdurma atmosferinin formalaşdığı müşahidə olunur.

Ermənistan Mərkəzi Seçki Komissiyası seçkilərdə iştirak üçün ümumilikdə 19 siyasi qüvvəni qeydiyyata alıb. Bu rəqəm Ermənistanın daxili siyasi mühitində parçalanmanın və siyasi qütbləşmənin daha da dərinləşdiyini göstərən əsas məqamlardan biri hesab olunur. Ekspertlərin fikrincə, bu seçkilər həm parlament uğrunda, həm də ölkənin gələcək siyasi kursunun müəyyənləşdirilməsi baxımından həlledici xarakter daşıyır.

Revanşist qüvvələrin seçkilərdə güclənmək ehtimalı nə qədərdir? İrəvanın Rusiya ilə münasibətlərindəki gərginlik seçki kampaniyasında hansı formada istifadə edilə bilər? Seçkilərin Azərbaycan-Ermənistan sülh prosesinə təsiri necə ola bilər?

Musavat.com-a danışan siyasi şərhçi Heydər Oğuzun fikrincə, Ermənistan həqiqən çox önəmli yol ayrıcındadır:

“İrəvanın taleyi 7 iyunda keçiriləcək parlament seçikiləri ilə birbaşa bağlıdır. Ermənistan bu seçkilərlə təkcə öz parlamentini yox, həm də gələcək siyasi oriyentasiyasını müəyyənləşdirəcək. İrəvan ya taleyini yenidən Rusiyaya bağlayıb onun vassalı kimi qalacaq, dolayısıyla onunla eyni taleyi bölüşəcək, ya da Avropaya inteqrasiya xəttini seçib dünyaya açılacaq. Müşahidələr onu deyir ki, sadə erməni xalqı Avropaya meyllənməyə, regional iqtisadi inteqrasiyaya daha meyillidir və Azərbaycanla Türkiyənin son zamanlar ortaya qoyduğu sülhpərvər siyasətdən müsbət yöndə təsirlənir. Belə ki, Azərbaycan Ermənistanı yanacaqla və qida məhsullarının tranziti ilə təmin etməklə ermənilərə Rusiyanın ağuşuna sığınmadan da rahat yaşaya biləcəklərini göstərir. Türkiyə isə öz növbəsində sərhədlərini açaraq onlara Avropa ilə inteqrasiya üçün yaşıl işıq yandırır. Bütün bunlar erməni xalqını daha yaxşı gələcək üçün ümidləndirir. Hesab edirəm ki, bu müsbət siqnallar və mesajlar Paşinyanın da seçkilərdə qazanma şansını artırır”.

Heydər Oğuzun fikrincə, Paşinyanın rəqibləri olan Köçəryan-Serj Sarkisyan-Samvel Karapetyan üçlüyü Rusiya və xarici ölkələrdə yaşayan erməni diasporu tərəfindən dəstəklənsə belə, sadə xalq üçün yaxşı heç nə vəd etmir:

“Erməni seçiciləri başa düşür ki, bu üçlüyün yanında yer almaq müharibəyə səs vermək deməkdir. II Qarabağ döyüşlərindən sonra nə qədər zəif olduqlarını anlayan erməni toplumu Rusiyanın da bəd ayaqda ona yardım edə bilmədiyini anladı. Üstəlik, Ukrayna savaşından sonra Rusiya da əvvəlki gücünü də itirib. İndi dünyada heç kim, hətta bəlkə də Putinin özü də Rusiyanın Qərbə qarşı qələbə çalacağına inanmır. Eyni hisslər II Qarabağ döyüşlərində Rusiyanın himayəsinə sığınıb sürprizlərlə qarşılaşan ermənilər üçün də keçərlidir. Məhz bu səbəbdən də ermənilərin böyük hissəsinin rus hiləsinə inanacağını zənn etmirəm. Ermənistanda keçirilən rəy sorğuları da bunu göstərir. Məlumata görə, respondentlərin 25-30%-i Paşinyana rəğbət göstərsə də, onun rəqiblərinin nüfuzu bundan daha azdır. Avropa İttifaqı və ABŞ rəsmilərinin son zamanlar Ermənistana səfərləri, Azərbaycan Prezidentinin Avropa Siyasi Birliyinin İrəvanda keçirdiyi zirvə görüşündə çıxışı və s. kimi addımlar erməni toplumunun Qərbə inteqrasiya fikrini möhkəmləndirməyə xidmət edirdi və fikrimcə, bu istiqamətdə istənilən nəticələr əldə olundu. Böyük ehtimalla, Paşinyan bu təşəbbüslərin meyvəsini parlament seçkilərində dərəcək. Xalqından mandat alan Paşinyan Azərbaycanın “qırmızı xətt” kimi ortaya qoyduğu son tələbini (Konstitusiya dəyişiklərini) də yerinə yetirəcək. Əks halda regional və qlobal inteqrasiyadan qazandığı avantajlarını itirmək təhlükəsi ilə üz-üzə qalacaq. Hesab edirəm ki, erməniləri buna inandırmaq üçün sülhü və mehriban qonşuluğun gətirdiyi nemətləri onlara daddırmaq lazımdır. Ən əsası isə ermənilər russuz yaşamağın mümkünlüyünə inanmalıdırlar ki, Azərbaycan son zamanlar Ermənistanla iqtisadi münasibətlər qurmaqla bunu etməyə çalışır".

Xalidə Gəray
Musavat.com

Seçilən
19
1
musavat.com

2Mənbələr