EN

Böyük Britaniya hökuməti Lotu Qulinin qardaşı Namiq Səlifova qarşı sanksiyalar tətbiq edib

Azərbaycanlı kriminala sanksiyaların İranla əlaqələr səbəbindən tətbiq olunduğu bildirilir..

Poliqon xəbər verir ki, Böyük Britaniya hökuməti beynəlxalq təhlükəsizliyə təhdid hesab etdiyi bir qrup şəxs və təşkilata qarşı yeni sanksiyalar paketi tətbiq edib. Sanksiya siyahısına mərhum kriminal avtoritet Nadir Səlifov, “Lotu Quli” ləqəbli Nadir Səlifovun qardaşı Namiq Səlifov da daxil edilib.

Məlumata görə, Böyük Britaniya Xarici İşlər Nazirliyinin adından mayın 11-də yayımlanan press-relizdə qeyd olunub ki, sanksiyalar İranla əlaqəli fəaliyyətlərdə iştirak edən və Birləşmiş Krallığın, eləcə də beynəlxalq təhlükəsizliyin maraqlarına təhdid yaradan şəxslərə qarşı yönəlib.

Sənəddə vurğulanıb ki, rəsmi London İranın xaricdə təsir şəbəkələrinin fəaliyyətini diqqətlə izləyir və milli təhlükəsizliyə təhlükə yaradan şəxslərə qarşı tədbirləri davam etdirəcək. Böyük Britaniya hakimiyyəti hesab edir ki, bu şəxslər müxtəlif maliyyə və təşkilati əlaqələr vasitəsilə İranın maraqlarına xidmət edən fəaliyyətlərdə iştirak ediblər.

Sanksiyalar çərçivəsində adı çəkilən şəxslərin Böyük Britaniyadakı mümkün aktivlərinin dondurulması, maliyyə əməliyyatlarına məhdudiyyətlərin qoyulması və ölkəyə giriş qadağası kimi tədbirlərin tətbiqi nəzərdə tutulur.

Qeyd edək ki, Namiq Səlifov mərhum qardaşı Nadir Səlifovun ölümündən sonra onun yaxın çevrəsində ən çox adı hallanan şəxslərdən biri hesab olunur. “Lotu Quli” kimi tanınan Nadir Səlifov 2020-ci ildə Türkiyədə qətlə yetirilmişdi və postsovet məkanında ən nüfuzlu kriminal avtoritetlərdən biri kimi tanınırdı.

Poliqon.info

Chosen
61
poliqon.info

1Sources