EN

Böyük Britaniya hökuməti Lotu Qulinin qardaşı Namiq Səlifova qarşı sanksiya tətbiq edib

Azərbaycanlı kriminala sanksiyaların İranla əlaqələr səbəbindən tətbiq olunduğu bildirilir..

Poliqon xəbər verir ki, Böyük Britaniya hökuməti mərhum kriminal avtoritet Nadir Səlifovin qardaşı Namiq Səlifov da daxil olmaqla bir qrup şəxsə qarşı sanksiyalar tətbiq edib. Səbəb kimi onların İranla əlaqələri göstərilir. Böyük Britaniyanın xarici işlər naziri Yvette Cooper adından mayın 11-də yayımlanan press-relizdə bildirilir ki, bu sanksiyalar beynəlxalq təhlükəsizlik və Birləşmiş Krallığın təhlükəsizliyi üçün təhdid hesab edilən şəxs və təşkilatlara qarşı yönəlib.

Britaniya “Lotu Quli”nin qardaşını təhlükə hesab edir...

“Bu addımlar Böyük Britaniyanın ölkənin milli təhlükəsizliyinə, regional sabitliyə və qlobal iqtisadiyyata qarşı İran təhdidlərinə qarşı mübarizə əzmini nümayiş etdirir. Sanksiyalar xaricdə dissidentlərə qarşı hücumların qarşısını almağa və İran rejiminin qeyri-qanuni gəlir mənbələrini məhdudlaşdırmağa imkan verəcək”, deyə Britaniya XİN rəhbəri bildirib.

Açıqlamada qeyd olunur ki, İran xarici ölkələrə təhdid yaratmaq üçün cinayətkar qruplaşmalardan istifadə edir.

“Bu sanksiyalar paketi birbaşa Böyük Britaniya küçələrinin təhlükəsizliyini və Yaxın Şərqdə sabitliyi təhdid edən təşkilat və şəxslərə qarşı yönəlib. İran rejiminin müəyyən hissələri tərəfindən dəstəklənən və Böyük Britaniya ilə Avropanın təhlükəsizliyini təhdid edən kriminal strukturlara, eləcə də qeyri-qanuni maliyyə şəbəkələrinə imkan verilməyəcək. Biz bu addımları bütün Avropa üzrə koordinasiya edirik”, deyə Kuper vurğulayıb.

İranın kriminal və maliyyə şəbəkələrinə qarşı addımlar...

Bundan əlavə, Böyük Britaniya İranla əlaqəli kriptovalyuta və maliyyə əməliyyatlarında iştirak etdiklərinə görə Berelian Exchange və GCM Exchange platformalarına, eləcə də iranlı narkobaron Naji Sharifi Zindashtinin şəbəkəsinə qarşı da sanksiyalar tətbiq edib. Həmin təşkilatların aktivləri dondurulub, rəhbərləri isə vəzifələrindən uzaqlaşdırılıb.

Sanksiya siyahısına daxil edilən şəxslər arasında Mənsur Zərrinqələm və Nasir Zərrinqələm qardaşlarının da adları yer alıb. Onlar bundan əvvəl 2025-ci ilin iyun ayında ABŞ hökuməti tərəfindən də sanksiyalara məruz qalmışdılar. Qardaşların İranın “kölgə bankçılığı” şəbəkəsinə rəhbərlik etdikləri bildirilir. ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) məlumatına görə, onlar beynəlxalq maliyyə sistemi vasitəsilə milyardlarla dollar vəsaiti yuyublar.

Namiq Səlifovun aktivləri dondurulub...

Britaniya hökumətinin sanksiya siyahısına Namiq Səlifovla yanaşı İran mənşəli daha üç nəfər də daxil edilib. Xarici işlər naziri Yvette Cooper bildirib ki, Namiq Səlifovun 2023-cü ildə İranla bağlı tətbiq edilmiş sanksiyalar çərçivəsində siyahıya salınması üçün əsaslar mövcuddur.

“Səlifov Böyük Britaniyada və ya digər ölkələrdə İran hökuməti adından düşmən xarakterli fəaliyyətlərdə iştirak edib və ya iştirak etməkdədir”, deyə bəyanatda vurğulanıb.

Böyük Britaniya hökuməti Səlifovun aktivlərinin dondurulması, onun ölkədən çıxışına qadağa qoyulması və direktor olduğu şirkətlərdə vəzifə tutmaq hüququndan məhrum edilməsi barədə qərar qəbul edib. Bununla belə, Səlifovun Böyük Britaniyada hansı aktiv və şirkətlərə sahib olduğu açıqlanmayıb.

Mənbə: Haqqin.az portalı

Poliqon.info

Chosen
40
poliqon.info

1Sources