EN

TDT-nin beynəlxalq çəkisi artır

Bu gün Türk Dövlətləri Təşkilatının beynəlxalq çəkisi artır, qlobal proseslərdə rolu və mövqeyi güclənir.

Bu sözləri Prezident İlham Əliyev Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı bildirib.

“Keçən ilin oktyabr ayında Qəbələ Zirvə Görüşündə sədrliyi qəbul edən Azərbaycan təşkilat çərçivəsində əməkdaşlığın daha da dərinləşməsi istiqamətində fəaliyyət göstərir”, - dövlət başçısı bildirib.

Milli Məclisin deputatı Elman Nəsirov Musavat.com-a bildirib ki, Türk Dövlətləri Təşkilatının son illərdə daha fəal və görünən platformaya çevrilməsi, əslində, təşkilata üzv olan dövlətlərin kollektiv siyasi, iqtisadi və geosiyasi çəkisinin artması deməkdir. Bu baxımdan Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər təsadüfi deyil:

“Çünki hazırda türk dövlətləri Avrasiyanın enerji, nəqliyyat, təhlükəsizlik və logistika xəritəsində getdikcə daha mühüm mövqe tutur. TDT-nin güclənməsi ilk növbədə üzv dövlətlərin beynəlxalq danışıqlarda daha koordinasiyalı çıxış etməsinə imkan yaradır. Əvvəllər türk dövlətləri bir çox məsələlərdə ayrı-ayrılıqda mövqe sərgiləyirdilərsə, indi ortaq platforma vasitəsilə vahid siyasi mesaj vermək imkanları genişlənir. Bu isə həm regional, həm də qlobal güc mərkəzlərinin türk dünyasına münasibətini dəyişir.

Azərbaycanın və hesab edirəm bütün türk dövlətlərinin əsas hədəfi türk dünyasının XXI əsrdə nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməsidir. Bu, türk dövlətlərinin iqtisadi, rəqəmsal və nəqliyyat potensialının birləşdirilməsini tələb edir. Türk dövlətləri arasında ortaq tarixi, etnik, mədəni və mənəvi bağlılıq əsasında formalaşan əməkdaşlıq artıq türk dünyasını vahid ailə kimi birləşdirən platformaya çevrilir.

Türk dövlətləri enerji resursları, Orta Dəhliz, tranzit marşrutları və logistika baxımından strateji coğrafiyada yerləşirlər. Çinlə Avropanı birləşdirən alternativ nəqliyyat xətləri məhz türk dövlətlərinin ərazisindən keçir. Bu da TDT-ni yalnız mədəni birlik deyil, iqtisadi-siyasi platformaya çevirir”.

E.Nəsirov deyib ki, dünyada qlobal qarşıdurmaların artdığı dövrdə regional birliklər daha çox əhəmiyyət qazanır:

“Türk dövlətləri ortaq təhlükəsizlik maraqları və qarşılıqlı siyasi dəstək mexanizmləri formalaşdırmağa çalışırlar. Bu isə hər bir üzv dövlətin ayrıca dayanıqlığını artırır.

Türk dövlətlərinin ortaq tarix, dil və mədəni yaxınlığı siyasi əməkdaşlığın sosial bazasını gücləndirir. Bu faktor digər regional təşkilatlardan fərqli olaraq TDT-yə əlavə üstünlük verir”.

Deputat qeyd edib ki, Azərbaycan üçün TDT-nin güclənməsi xüsusi əhəmiyyət daşıyır. Çünki Bakı son illərdə türk dünyasının inteqrasiyası prosesində əsas təşəbbüskar aktorlardan biri kimi çıxış edir:

“Azərbaycanın enerji layihələri, Orta Dəhlizdə rolu və regional diplomatik fəallığı TDT daxilində də onun mövqeyini gücləndirir.

Türk Dövlətləri Təşkilatının beynəlxalq çəkisinin artması bütövlükdə türk dövlətlərinin qlobal siyasətdə daha görünən və təsirli aktorlara çevrilməsi deməkdir. Bu proses davamlı və institusional xarakter aldıqca, türk dünyasının həm regional, həm də beynəlxalq sistemdə təsir imkanları daha da genişlənəcək”.

Etibar Seyidağa,
Musavat.com

 

Chosen
22
musavat.com

1Sources