Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.
Mayın 15-də Qazaxıstanın Türküstan şəhərində Prezident Kasım-Jomart Tokayevin sədrliyi ilə Türk Dövlətləri Təşkilatının “Süni İntellekt və Rəqəmsal İnkişaf” mövzusunda qeyri-rəsmi Zirvə görüşü keçirilib.
Toplantıda Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan Prezidenti Sadır Japarov, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti və TDT rəhbərliyi iştirak edib.
Gununsesi.info -ya danışan siyasi şərhçi Turan Rzayevin fikrincə, Zirvə görüşünün məhz süni intellekt və rəqəmsal inkişaf mövzusuna həsr olunması Türk dünyasının qlobal texnoloji rəqabətdə daha fəal mövqe tutmaq niyyətini göstərir.
Onun sözlərinə görə, Trans-Xəzər Fiber-Optik Kabel xətti və “Rəqəmsal İpək Yolu” kimi təşəbbüslər Orta Dəhlizi yalnız logistika marşrutu deyil, həm də strateji məlumat və rəqəmsal tranzit xəttinə çevirir.
Şərhçi bildirib ki, TDT hazırda “superblok” modelindən daha çox mərhələli və realist inteqrasiya xətti seçir. Burada əsas prioritet iqtisadi əməkdaşlıq, tranzit gücünün artırılması, rəqəmsal suverenlik və ortaq mədəni kimlik bazasının gücləndirilməsidir.
Turan Rzayev hesab edir ki, ABŞ-Çin rəqabətinin dərinləşdiyi şəraitdə Türk dövlətləri sərt blok seçimi əvəzinə balanslaşdırılmış çoxvektorlu siyasət yürüdəcək.
Onun qənaətincə, Türk dünyasının əsas üstünlüyü hər hansı güc mərkəzinə tam qoşulmaq deyil, Şərqlə Qərb arasında strateji körpü və idarəedici dəhliz rolunu gücləndirməkdir. Bu isə regionun həm enerji, həm logistika, həm də rəqəmsal axınlar baxımından geosiyasi əhəmiyyətini artırır.
Gununsesi.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.