EN

Ölümü aşan ömür

Ölümü aşan ömür

 

Hacı Mirkərim ağanın xidmət və mərifət məktəbi

 

Bu dünyadan köçən bəzi insanlar sadəcə xatirələrdə deyil, insanların həyatında qoyduqları izlə yaşayırlar. Onların ömrü bir məktəb, sözü isə bir yol olur. Mirkərim ağa da elə şəxsiyyətlərdən idi ki, adı çəkiləndə yalnız bir insan deyil, bütöv bir mənəviyyat dünyası yada düşür.
Bu cür şəxsiyyətlərin həyat yoluna nəzər saldıqda aydın olur ki, onların böyüklüyü təkcə gördükləri işlərlə deyil, həm də yetişdikləri mühit, aldıqları tərbiyə və keçdikləri həyat məktəbi ilə bağlıdır. Hər addımı, hər seçimi sonradan formalaşacaq mənəvi irsin bünövrəsini qoyur. Axund Hacı Mirkərim ağanın da həyatına nəzər yetirdikdə, onun kimliyini anlamaq üçün keçdiyi bu yolun başlanğıcına qayıtmaq zərurəti yaranır.
Mirkərim Mirabdulla oğlu Əliyev 25 oktyabr 1939-cu ildə Azərbaycanın cənub bölgəsində, Masallı rayonunun Ərkivan qəsəbəsinin Bağlaküçə məhəlləsində zəhmətkeş və ruhani ailəsində dünyaya göz açıb. Orta təhsilini doğma qəsəbəsində alıb, daha sonra Bədəlan kəndindəki texniki-peşə məktəbini xarratlıq ixtisası üzrə bitirib.
Ailədə səkkiz övlad olublar. Qardaşları Mirqiyas, Mirilyas, Mirdavud, bacıları Mirbacı, Mirxanım və Qızqayıt vəfat edib. Qardaşı Seyidağa isə ömrünün 91-ci ilini yaşayır. Atası Mirabdulla kişi dünyasını dəyişəndə Mirkərimin cəmi 6 yaşı var idi. Ailənin bütün ağırlığı Böyük Vətən müharibəsi iştirakçısı olan böyük qardaşı Mirqiyasın üzərinə düşmüşdü. O, müharibədən bir qolunu itirmiş halda qayıtsa da, böyük fədakarlıq göstərərək qardaş-bacılarını böyütməyi bacarmışdı.
Mirkərim ağa əmək fəaliyyətinə sovxozun tərkibində fəaliyyət göstərən baramaçılıq briqadasında başlayıb. Sonralar ailəlikcə öz torpaqlarını əkib-becəriblər. 10 hektar sahədə taxıl və müxtəlif tərəvəz məhsulları yetişdiriblər. Bununla yanaşı, bir müddət el sənəti olan sandıqçılıqla da məşğul olub.
Onun anası, əslən Səmidxan kəndindən olan Qızbəs (1896–1977), təqvalı və evdar qadın idi. Valideynləri ailənin sonbeşiyinin dini elmə yiyələnməsini arzulayıb və bu istiqamətdə qərar veriblər. Halbuki Mirkərim məktəbdə yaxşı oxuyur və müəllim olmaq istəyirdi. Buna baxmayaraq, valideynlərinin təkidi ilə dini təhsil yolunu seçir və ilk dərslərini atasından alır, Yasin və Qurani-Kərimi öyrənirdi.
Atası Mirabdulla kişi (1875-1955) kənd təsərrüfatı ilə yanaşı, kənddə dini ayinləri də icra edirdi. Bu fəaliyyətinə görə 1930-cu illərin repressiya dövründə təqiblərə məruz qalaraq doqquz ay həbs həyatı yaşayıb. Həmin illərdə qardaşı Seyidəli İrana köçərək Ərdəbil şəhərində məskunlaşıb. O, Mirabdulla kişi ilə bacanaq idi. Onların babası Seyid Ərəb isə Mədinə şəhərindən Ərkivana gələrək burada ailə qurmuş, Seyid İsa adlı bir oğlu olmuşdur.
Mirkərim Əliyevin uşaqlıq və gənclik illəri sovet hakimiyyətinin dinə qarşı ciddi məhdudiyyətlər tətbiq etdiyi bir dövrə təsadüf edib. O, gizli dini təhsil almanın çətinliklərini belə xatırlayardı: “Çox qorxulu, təhlükəli vaxtlar idi. Hər yerdə din adamlarını tuturdular. Biz qonşu kəndlərə dərs almağa gedəndə kitab və dəftərləri köynəyimizin altında gizlədər, çöllərlə, kəndiçi yollarla gedərdik. Dərslər gizlicə, evlərdə keçirilirdi.”
Bütün çətinliklərə baxmayaraq, o, dini biliklərini dövrünün savadlı və nüfuzlu ruhanilərindən ənənəvi üsullarla mənimsəmişdir. Onun elm yolunda mühüm rol oynamış ustadları arasında ərkivanlı Şeyx Bəşir Axund (1861-1966), qayınatası qızılavarlı Hüseynəli, Molla Cəbrayıl və babaserli Şeyx Qüdrətin (1905-1975) adları çəkilir. O, Şeyxülislam Allahşükür Paşazadə ilə birlikdə Şeyx Qüdrətin yanına dərsə gedib.
Bu məktəb Mirkərim ağanın həm dini dünyagörüşünün, həm də mənəvi düşüncə tərzinin formalaşmasında mühüm rol oynayıb. Sonralar özü də bu ənənəni davam etdirərək çoxsaylı din xadimlərinin yetişməsində iştirak etmiş, kamilliyə aparan yolda onlara istiqamət göstərmişdir.
Mirkərim ağa ömrünü dini-mənəvi dəyərlərin təbliğinə, insanların maarifləndirilməsinə və cəmiyyətdə mənəvi birliyin gücləndirilməsinə həsr etmiş nüfuzlu din xadimlərindən biri kimi tanınıb.
Uzun illər Ərkivan qəsəbəsindəki “Hacı Mirkərim Ağa” (Bağlaküçə) məscidində imamlıq edib. Onun moizələri sadə, aydın dili və dərin mənəvi məzmunu ilə seçilərək, xüsusilə Azərbaycanın cənub bölgəsində geniş dinləyici auditoriyası qazanıb.
O, yalnız dini ayinləri icra etməklə kifayətlənməyib, həm də maarifçilik fəaliyyəti göstərərək insanların əxlaqi tərbiyəsinə, sosial həmrəyliyinə və mənəvi yüksəlişinə xidmət edib. Onun fəaliyyəti nəticəsində bölgədə dini biliklərə maraq artmış və bu sahədə canlanma yaranmışdır.
Hacı Mirkərim Əliyev yüksək insani keyfiyyətləri ilə seçilən bir şəxsiyyət idi. O, cəmiyyətdə barışdırıcı mövqeyi, xeyirxahlığı və qayğıkeşliyi ilə tanınırdı. Həqiqəti deməkdən çəkinməz, mübahisəli məsələlərin həllində nüfuzu ilə seçilərdi.
Mirkərim ağa “Ağa” adının həqiqi mənasını öz şəxsiyyətində yaşadırdı. O, bunu cəmiyyətə xidmətində, düz sözə və ədalətə bağlılığında, ləyaqəti və dəyanəti ilə, eləcə də saymaqla bitməyən digər müsbət keyfiyyətlərində aydın şəkildə təsdiqləyirdi.
Onun məclisə daxil olması belə xüsusi hörmətlə qarşılanar, hər kəs ayağa qalxardı. Bu hörmət yalnız onun mənsub olduğu nəsillə deyil, şəxsiyyətinin bütövlüyü ilə bağlı idi.
O deyirdi ki, insanı yalnız vəzifə və var-dövlətlə ölçmək olmaz. Elmə yiyələnməklə yanaşı, torpaqdan və el-obadan ayrılmamaq vacibdir. Kəndli hansı peşə sahibi olursa-olsun, təsərrüfatla məşğul olmalıdır.
Mirkərim ağa haqqında “çoxunun boynunda haqqı var” deyilməsi təsadüfi deyil. O, bir çox insanın dini və mənəvi inkişafında birbaşa rol oynayıb. Ehtiyacı olanlara yardım etməyi özünə borc bilirdi. Dərs deyib, nəsihət verib, kitablar bağışlayıb, tələbələrinin təhsil və yol xərclərini qarşılayırdı.
Onun yolunu davam etdirən tələbələrinin sayı bəlkə də yüzlərlədir. O, onlarla əlaqəni qorumağa xüsusi önəm verərdi və həmişə qürurla deyərdi ki, bu gün tələbələrinin moizə etməsi mənə böyük sevinc bəxş edir.
Azərbaycanın müstəqillik illərində dini həyatın yenidən canlanması dövründə Şeyx Molla Məhəmməd (1928-2002), Hacı Mirkərim ağa, Hacı Əlihəsən Şeyx Bəşir Axund oğlu (1939-2024) və digərləri bu prosesdə fəal iştirak ediblər. Məscidlərin bərpası, dini mərasimlərin açıq keçirilməsi və dini maarifçiliyin genişlənməsində mühüm xidmətlər göstəriblər. 
Mirkərim ağa ilə Şeyx Məhəmməd arasında olan dini dostluq sonradan ailəvi münasibətlərə çevrilmiş, hətta Şeyx vəsiyyət etmişdi ki, onu Mirkərim ağa dəfn etsin və namazını qılsın.
Mirkərim ağa mütaliəyə böyük önəm verir, hər gün saatlarla oxuyaraq zəngin kitabxanasını daha da genişləndirirdi. Minlərlə kitabdan ibarət şəxsi kitabxanası və öz əlyazmaları vardı, üstəlik gözəl xəttə malik idi. O deyirdi: “İnsan qəbr evinədək oxumalı, öyrənməlidir. Nə qədər çox bilsən də, yenə bilmədiklərin qalır. Buna görə də heç vaxt özünü üstün tutmamalısan.”
Oğlu Mirdamədin sözlərinə görə, atasının yanına təkcə Ərkivandan və Masallının kəndlərindən deyil, digər rayonlardan, xüsusilə Cəlilabad, Biləsuvar, Salyan, İmişli və Lənkərandan da dini bilik almaq üçün gələnlər çox olardı. Mirkərim ağa ilk dərslərdə şagirdlərin əxlaqına, oturuş-duruşuna və geyiminə xüsusi diqqət yetirər, vurma cədvəli kimi elementar bilikləri və yazı səliqəsini yoxlayar, bəzən bu qaydalar formalaşmadan dərsə başlamazdı. Çox vaxt şagirdlərinə süfrə açar, imkanı olmayanlara yolpulu verər, ali təhsil alan aztəminatlı gənclərə maddi dəstək göstərərdi.
O, istər ailədə, istərsə də kənarda israfçılığı qətiyyən qəbul etməz, belə hallarla barışmazdı. Evdə nizam-intizamı ciddi şəkildə qoruyar, övladlarına təsərrüfat işlərinin bütün incəliklərini, maldarlıqdan tutmuş bağ-bostan işlərinə qədər öyrədərdi. Bu keyfiyyətlər ona atasından miras qalmışdı. Mirabdulla kişinin vaxtilə geniş maldarlıq təsərrüfatı olmuş, inək və camış saxlamışdı.
Qonaqpərvərliyi ilə seçilən Mirkərim ağa evinə gələn heç kəsi sovqatsız yola salmazdı. Bağ-bostan məhsullarından pay verərdi. Sübh namazından sonra təsərrüfat işləri ilə məşğul olmaqdan xüsusi zövq alardı.
1965-ci ildə ailə quran Mirkərim ağanın 8 övladı (Nəzakət, Mirdaməd, Mirheydər, Ağabala, Mirtohid, Mirsəid) olub. Onların hər biri Qurani-Kərimi oxumağı bacarır. Oğlu Mirdaməd Bağlaküçə məscidində dini icmanın sədridir. Oğlu Mirheydər Bakıdakı “Təzə Pir” məscidində, nəvəsi Mirsadiq isə babasının imamlıq etdiyi məsciddə dini ayinləri icra edir. Hazırda o, həmin məscidin imamıdır. Hər üçü İslam Universitetini bitirib.
Övladları qeyd edir ki, o, ailəsinə qarşı çox qayğıkeş idi, hər bir hərəkətə diqqət yetirirdi. Onları daim elmə, xeyirxahlığa və düzgünlüyə çağırırdı. Heç kimi pisləməz, insanlara yaxşılıq etməyi tövsiyə edərdi.
O, tez-tez belə nəsihət edərdi: yolda kimi görsəniz, maşına götürün, xüsusilə yaşlılara diqqət yetirin, onların yükünə də kömək edin. Deyirdi ki, bu imkanı, bu neməti verən Allahdır və onu bir anın içində insanın əlindən ala bilər. Necə ki, Qurani-Kərimdə buyurulur: “Bilin ki, var-dövlətiniz də, övladlarınız da ancaq bir imtahandır. Böyük mükafat isə Allah dərgahındadır.” (əl-Ənfal surəsi, 28-ci ayə).
Mirkərim ağa dövlətinə və Vətəninə sadiq, el-obasının sözünə dəyər verdiyi əsl ağsaqqallardan idi. O, həyat yolu, davranışı və prinsipləri ilə insanlara doğru istiqamət göstərən nadir şəxsiyyətlərdən sayılırdı. Bu gün isə belə mürəkkəb və dəyişkən dövrdə onun kimi sözü keçən, ədalətli və mənəviyyata bağlı insanlara cəmiyyətin hər zamankından daha çox ehtiyacı var.
Onu tanıyanların və yaxınlarının xatirəsində Mirkərim ağa səmimi və etibarlı bir insan kimi yaşayır. Qeyd edim ki, o, mənim atamın da yaxın dostu idi və hər dəfə məni görəndə onu xoş xatirələrlə yad edərdi. Bu nurani, işıqlı insanın söhbətindən doymaq olmur, ondan ayrılmaq istəmirdin. Bizi bağrına basanda sanki ondan bir cənnət ətri duyulurdu. İnsanlara göstərdiyi diqqət və səmimiyyət isə onu hər kəsə doğma edirdi.
Hacı Mirkərim Ağa 2026-cı il aprelin 8-də, 86 yaşında vəfat etdi. Onun vəfatı doğulub boya-başa çatdığı Ərkivan qəsəbəsi və bütövlükdə bölgə üçün böyük itki kimi qarşılandı. O, doğma yurdunda, Bağlaküçə qəbiristanlığında böyük izdihamla dəfn olundu, ruhuna dualar oxundu. Vida mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, din xadimləri və ictimaiyyət nümayəndələri onun ömrünü dinə, mənəviyyata və insanlara xidmətə həsr etdiyini xüsusi vurğuladılar.
Hacı Mirkərim Əliyevin həyatı bir xidmət, maarifçilik və mənəviyyat məktəbi kimi yadda qaldı. Onun qoyduğu irs təkcə dini biliklərlə məhdudlaşmır, eyni zamanda insanlığa, xeyirxahlığa və həmrəyliyə çağırış kimi dəyərləndirilir. 
Mirkərim ağa cəmiyyətin yaddaşında yalnız din xadimi deyil, insanlara yol göstərən, onları birliyə və yaxşılığa səsləyən mənəvi lider kimi yaşayır.

 

Akif AĞAYEV


 

Chosen
57
qht.az

1Sources