EN

Yaponiyada vaskulit dərmanını qəbul edən 20 nəfər ölüb

BAKI, 16 may. TELEQRAF

Yaponiyanın “Kissei Pharmaceutical” şirkəti vaskulitin müalicəsində istifadə olunan “Tavneos” preparatını qəbul edən 20 pasiyentin ölüm halının qeydə alındığını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə şirkət rəsmi məlumat yayıb.

Bildirilib ki, bütün hallarda ölümün birbaşa dərmanla əlaqəli olduğu tam təsdiqlənməyib.

Şirkət ağır qaraciyər zədələnməsi hallarının aşkarlanması səbəbindən tibb müəssisələrinə yeni pasiyentlər üçün preparatın təyin edilməsindən çəkinməyi tövsiyə edib.

Məlumata görə, “Kissei Pharmaceutical” yaranmış vəziyyətlə bağlı Yaponiya Səhiyyə Nazirliyi ilə məsləhətləşmələr aparır.

Şirkətin açıqlamasında qeyd olunur ki, dərman 2022-ci ildə bazara çıxarılandan bəri Yaponiyada təxminən 8,5 min pasiyentə təyin edilib.

Hazırda müalicə alan xəstələrə qaraciyər zədələnməsi riskinin tam izah olunması və alternativ müalicə üsullarının nəzərdən keçirilməsi tövsiyə olunub. Bildirilir ki, qaraciyər zədələnməsi əvvəldən preparatın ciddi yan təsirləri siyahısına daxil edilib.

Qeyd edək ki, “Tavneos” preparatı Amerikanın “ChemoCentryx” şirkəti tərəfindən hazırlanıb və bu şirkət “Amgen” korporasiyasının törəmə strukturudur.

ABŞ Qida və Dərman Administrasiyası isə aprelin 27-də preparatın qeydiyyat sənədlərində etibarsız məlumatların aşkarlanması və effektivliyi ilə bağlı şübhələr səbəbindən dərmanın Amerika bazarından geri çağırılması niyyətini açıqlayıb.

Chosen
96
3
teleqraf.com

4Sources