Ermənistanda qalmaqallı cinayət hadisəsi baş verib.
Publika.az yerli mediaya istinadən xəbər verir ki, dünən Armavir bölgəsində atışma baş verib. "Tert" saytı silahlı insidentin qız üstündə baş verdiyini yazıb: "Saat 10:30 radələrində Ermənistan Respublikası Daxili İşlər Nazirliyinin Armavir Regional Polisi İdarəsinə azyaşlı oğlanın Vağarşapat Tibb Mərkəzinə gətirilməsi barədə məlumat daxil olub. Onun bədəninin müxtəlif nahiyələrində kəsik və deşilmiş yaralar olub.
Həkimlər uşağın əməliyyat otağında olduğunu və baş verənləri izah edə bilmədiyini bildiriblər. Tibb işçiləri uşağın həyata qaytarılması uğrunda mübarizə apardığı vaxtda polis müəyyən edib ki, cinayətin qurbanına çevrilən şəxs Eçmiədzin sakini 15 yaşlı S.P.-dir".
Nəşr yazıb ki, hüquq-mühafizə orqanları əməkdaşları onu da müəyyən ediblər ki, həmin gün, təxminən saat 10:20-də Eçmiədzindəki Birinci Vazgen küçəsində 18 yaşlı Qapet G., 18 yaşlı Narek G. və xəstəxanaya aparılan 15 yaşlı S.P. arasında mübahisə baş verib. Mübahisə zamanı dava iştirakçılarından biri, Kotayk bölgəsinin sakini, 18 yaşlı yeniyetmə əlindəki bıçaqla S.P.-nin bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib.
Mübahisə zamanı Qapet G. əlindəki tapançadan havaya bir neçə dəfə atəş də açıb. Polis həmin gəncləri, eləcə də cinayətdə istifadə edilmiş tapançanı aşkarlayıb.