EN

"Mançester Siti" İngiltərə Kubokunu qazandı

Xosep Qvardiolanın rəhbərlik etdiyi "Mançester Siti" İngiltərə Kubokunun qalibi olub.

Publika.az xəbər verir ki, Mançester klubu Turnirin finalında Londonun "Çelsi" komandası ilə qarşılaşıb. Londonun "Uembli" stadionunda keçirilən görüş 0:1 hesabı ilə başa çatıb. Matçda yeganə qolu 72-ci dəqiqədə Erlinq Holandın ötürməsindən sonra rəqib qapısına yol tapan Antuan Semenyo vurub.

Oyunun baş hakimi Darren İnqlend matç boyu dörd sarı vərəqə göstərib. O, "Çelsi"nin üç futbolçusunu – Entso Fernandes, Mark Kukurelya və Moyses Kaysedonu, həmçinin "Mançester Siti"nin oyunçusu Abdukodir Xusanovu xəbərdarlıqla cəzalandırıb.

Turnirin yarımfinalında "şəhərlilər" "Sauthempton"u 2:1 hesabı ilə, "Çelsi" isə "Lids Yunayted"i 1:0 hesabı ilə üstələyərək finala yüksəlmişdilər.

İngiltərə çempionatının turnir cədvəlində isə "Mançester Siti" Londonun "Arsenal" klubu ilə çempionluq mübarizəsi aparır. 77 xalı olan "şəhərlilər" liderdən iki xal geri qalaraq ikinci pillədə qərarlaşıb. Aktivində 49 xalı olan "Çelsi" isə doqquzuncu sırada yer alıb.

Chosen
33
publika.az

1Sources