EN

ISW: Rusiya iqtisadiyyatı müharibənin yükü altında dərin böhrana sürüklənir...

Analitiklər Kremlin iqtisadi problemləri statistika və hərbi təbliğatla gizlətməyə çalışdığını bildirirlər...

Poliqon xəbər verir ki, ABŞ-də fəaliyyət göstərən Müharibə Tədqiqatları İnstitutu (ISW) Rusiyanın iqtisadi vəziyyəti ilə bağlı yaydığı hesabatda Kremlin real problemləri rəsmi statistika və hərbi ritorika vasitəsilə ört-basdır etməyə çalışdığını bəyan edib. Analitiklərin fikrincə, Rusiya iqtisadiyyatı Ukraynaya qarşı davam edən müharibənin təsiri altında getdikcə daha ağır böhranla üzləşir.

Hesabatda qeyd olunur ki, Rusiya prezidenti Vladimir Putin iqtisadiyyatda “müsbət nəticələr” əldə olunduğunu iddia etsə də, büdcə göstəriciləri və biznes sektorundakı vəziyyət bunun əksini nümayiş etdirir.

ISW-nin məlumatına görə, 2026-cı ilin ilk dörd ayında Rusiyanın büdcə kəsiri 78,4 milyard dollara çatıb. Bu göstərici Kremlin il üzrə planlaşdırdığı kəsir həddini 150 faizdən çox üstələyib. Analitiklər bildirirlər ki, böyük maliyyə vəsaitləri əsasən müharibənin maliyyələşdirilməsinə, müqaviləli hərbçilərə ödənişlərə və ölkədaxili sosial sabitliyin qorunmasına yönəldilir.

“Rusiya iqtisadiyyatı inkişaf hesabına deyil, hərbi xərclər və süni şəkildə yaradılan tələbat hesabına ayaqda saxlanılır”, deyə hesabatda vurğulanır.

ISW həmçinin qeyd edir ki, Kremlin artan hərbi xərcləri qarşılamaq üçün vergiləri yüksəltməsi, dövlət borclarını artırması və biznes üzərində təzyiqləri gücləndirməsi iqtisadi vəziyyəti daha da ağırlaşdırır. “Forbes” nəşrinin məlumatına əsasən, təkcə 2026-cı ilin ilk rübündə Rusiyada 209 mindən çox kiçik və orta sahibkarlıq subyekti fəaliyyətini dayandırıb.

Analitiklər Rusiyada aşağı işsizlik səviyyəsinin də iqtisadi rifah göstəricisi olmadığını bildirirlər. Onların fikrincə, bu vəziyyət əsasən səfərbərlik, işçi qüvvəsi çatışmazlığı və insanların kütləvi şəkildə hərbi sektora yönləndirilməsi ilə bağlıdır. Hərbçilərə yüksək maaş və bonusların verilməsi isə inflyasiyanı sürətləndirir və iqtisadiyyatın müharibədən asılılığını daha da artırır.

ISW hesabatında həmçinin xəbərdarlıq edilir ki, Rusiyaya qarşı sanksiyaların zəiflədilməsi Kremlin raket istehsalını sürətləndirməsinə və Ukrayna şəhərlərinə qarşı hücum imkanlarını genişləndirməsinə şərait yarada bilər.

Ukrayna rəsmiləri bildirirlər ki, Rusiya ordusu istehsal olunan raketləri demək olar dərhal istifadə edir və həmin raketlərdə Qərb istehsalı olan komponentlərdən yararlanılır. Bu isə sanksiya mexanizmlərinin tam effektiv işləmədiyi ilə bağlı narahatlıqları artırır.

Poliqon.info

Chosen
94
poliqon.info

1Sources