Bu gün Bakıda BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Hökumətinin birgə təşkilatçılığı ilə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) işinə başlayır. Qlobal əhəmiyyət daşıyan WUF13-ün məhz Bakıda keçirilməsinin əsaslı səbəbləri mövcuddur, xüsusilə üç amil ön plana çıxır.
Birincisi, Azərbaycan qlobal tədbirlərin təşkilində müstəsna təcrübəyə malikdir: 2010-cu ildən sonra Bakı beynəlxalq səviyyəli müxtəlif tədbirlərə - siyasi, iqtisadi, idman, mədəniyyət, ekologiya, bir sözlə bütün sferaları əhatə edən mərasimlərə ev sahibliyi edib; COP29-un paytaxtımızda yüksək səviyyədə təşkili bunun nəhəng nümunələrdindən biridir;
İkincisi, Bakı qlobal problemlərin müzakirə edilməsi və həll yollarının tapılmasında dialoq platforması rolunu oynayır;
Üçüncüsü, bəşəriyyətin çətinliklərlə üzləşdiyi müasir dövrdə proseslərə siyasi ambisiyaları kontekstində yanaşan bir çox ölkədən fərqli olaraq, Azərbaycan daha gözəl dünyanın qurulması, qlobal problemlərə qarşı həll yollarının tapılmasına öncüllük edir: koronavirus bəlasına qarşı qlobal həmrəylik, vaksinlərin bərabər paylanılması təşəbbüsləri, COP tarixində ekoloji fəlakətlərlə mübarizənin effektiv formada təşkili üçün imza atılan ilklər yaxın tarixin hadisələridir;

Bakı bu dəfə qlobal urbanizasiya problemlərinin həll edildiyi mərkəz kimi dünyanın gündəmindədir.
Urbanizasiya qlobal tendensiya olmaqla yanaşı, ciddi çətinliklər də yaradır. Sənayenin və müasir texnologiyaların inkişafı fonunda şəhərlərə axın memarlıqdan tutmuş sosial-iqtisadi münasibətlərə qədər geniş spektrdə çağırışları ortaya çıxarır, xüsusilə əhali sayının artımasının şəhərlərin genişlənməsinə təsirləri fonunda.
- Şəhərlərin genişlənməsi, yaxud yeni şəhərlərin salınmasında düzgün arxitekturanın qurulması: burada həm küçə və yaşayış yerlərinin funksionallığı qorunmalı, həm estetik prinsiplərə əməl edilməlidir;
- Şəhərlərin salınmasında müasirliklə yanaşı, milli memarlıq üslubunun saxlanılması da vacib amildir, xüsusilə tarixi köklərin qorunması baxımından;
- İnfrastruktur, ictimai məkanlar, yaşıl zonalar dayanıqlı, həm də effektiv şəkildə qurulmalıdır;
Və bütün bunların fonunda hazırda zərurətə çevrilən ekoloji amillər nəzərə alınmalıdır.

Dünyadakı təcrübələri və mövcud nümunələri incələdikdə şəhərsalma prinsiplərinə kompleks yanaşmanın çox az hallarda baş verdiyini görmək olur. Arxitekturanın qurulması tələblərə uyğun olsa da, bəzən ekoloji amillər nəzərə alınmır, yaxud yaşıl zonaların – parkların, istirahət güşələrinin sayı yetərli olmur və ya milli memarlıq “dəfn edilir”. Azərbaycanın şəhərsalma təcrübəsi qlobal miqyasda ən unikal nümunələrdən hesab oluna bilər. Paytaxt Bakı bunun əyani örnəyidir: müasirliklə tarixin iç-içə olduğu, infrastruktur, yaşıl zonalar və ictimai məkanların effektiv şəkildə qurulduğu, ekoloji prinsiplərin qorunduğu şəhər;
Azərbaycanın şəhərsalma təcrübəsi COP və WUF arasında strateji kommunikasiyanı yaradır və qlobal miqyasda presedentə çevrilir. Bu təcrübənin əsasında ulu öndər Heydər Əliyevin şəhərsalma fəlsəfəsi dayanır. Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda şəhərsalma istiqamətində mühüm işlərə imza atıb. Şəhərlərin salınması zamanı hazırda beynəlxalq tələb olan prinsiplərin – şəhərlərin funksionallığı, estetikası və ekoloji amillərin nəzərə alınması, o zaman Heydər Əliyev tərəfindən həyata keçirilirdi. 70-ci illərdə Azərbaycanda şəhərsalma prosesi sürətləndi. Əvvəlki dövrlərdə cəmi 37 şəhərin baş planı hazırlanmışdısa, Heydər Əliyevin səyi nəticəsində baş planı hazırlanan şəhərlərin sayı 60-a çatdı, eyni zamanda, bir sıra şəhər tipli qəsəbələr inşa edildi. Şəhərsalma prosesində ekoloji prinsiplərə xüsusi diqqət yetirilirdi.

1971-ci ildə qəbul edilən “Bakının və Abşeron yarımadasının daha da yaşıllaşdırılması tədbirləri haqqında” qərar belə nümunələrdəndir. 70-ci illərdə yaşıllaşdırma işləri nəticəsində Bakıda park və bağların sayı 3 dəfədən çox artmışdı. Eyni prinsiplərə uyğun işlər respublikanın hər yerində - Gəncədə, Sumqayıtda, Mingəçevirdə, Lənkəranda, Astarada, Kəlbəcərdə, Laçında, Naxçıvanda və digər şəhərlərdə də həyata keçirildi. Müasir infrastrukturun yaradılması prosesində tarixi abidələrimizin qorunması və milli memarlıq üslubuna əməl edilməsi əsas prinsiplərdən idi. 1981-ci ildə qəbul edilən “Azərbaycan SSR-də şəhərsalma, memarlıq və arxeologiya abidələrinin qorunması, bərpası və istifadəsinin yaxşılaşdırılması tədbirləri haqqında” qərar da buna xidmət edirdi. Ulu öndər Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıdandan sonra Azərbaycanda şəhərsalma işləri yeni vüsət aldı. 1993-2003-cü illər respublikada nəhəng yenidənqurma prosesi həyata keçirildi. Heydər Əliyevin fəlsəfəsinə görə şəhər sadəcə yaşayış yeri yox, həm də xalqın tarixi yaddaşının və mənəvi kimliyinin dayışıcı məkanı idi. Ölkədə şəhərsalma prosesi də məhz bu fəlsələyə uyğun aparılırdı.

2003-cü ildə Azərbaycana rəhbərliyə başlayan Prezident İlham Əliyev də şəhərsalma fəaliyyətində bu fəlsəfəyə istinad edir, müasir texnologiyalar və innovasiyaların tətbiqi ilə onu daha da zənginləşdirirdi.
- Tarixlə müasirliyin harmoniyası;
- İnsan amilinə hesablanmış arxitektura;
- Funksionallıq və dayanıqlılıq;
- Milli memarlıq üslubunun saxlanılması;
- Ətraf mühitin qorunması və ekoloji prinsiplərinə əməl edilməsi;
Prezident İlham Əliyevin şəhərsalma fəaliyyətində bu kimi amillər prioritetdir.
Heydər Əliyev Mərkəzi, Bakı bulvarı, Alov qüvvələri, Ağ şəhər, Dağ üstü park. Müasir tikililər, əlçatan nəqliyyat, genişləndirilən və yenidən qurulan Bakı metrosu. Parklar, xiyabanlar, hər yaşayış binasının həyətində istirahət güşələri, qorunan və yeni salınan yaşıl zonalar. Və öz qədimliyi ilə ucalan möhtəşəm İçərişəhər, Qala divarlarının arasında müasir bulvarın uzandığı Xəzərə doğru boylanan əsrlərin Qız Qalası...

Bakı dünyanın ən gözəl şəhərlərindən olmaqla yanaşı, şəhərsalma təcrübəsində unikal nümunələr arasındadır. Prezident İlham Əliyevin dövründə təkcə paytaxtımız yox, respublikanın bütün şəhərlərinin siması dəyişib. Hər bir şəhərimiz öz tarixi memarlığını saxlamaqla yenidən qurulub. Və bütün şəhərlərin qurulmasında insan amili xüsusilə nəzərə alınıb: əhalinin rahat yaşaması üçün əlçatan infrastruktur, yaşıl zonalar, qorunan ətraf mühit və s.
2020-ci ildə torpaqlarımız azad edildikdən sonra Azərbaycan qlobal şəhərsalma nəzəriyyələrini dəyişdirən nümunələr yaratdı.
- Azad olunmuş ərazilər minalardan təmizlənərək, təhlükəsiz bölgəyə çevrildi;
- Yer üzündən silinmiş şəhərlərimizin baş planları hazırlanaraq, tarixi üslubunun saxlanılması ilə yenidən bərpa edilir;
- Əhalinin qayıdışından öncə infrastruktur qurulur, iş yerləri yaradılır;
- Və “Böyük Qayıdış” proqramı uğurla icra edilir;
Aparılan nəhəng miqyaslı abadlıq-quruculuq işləri dünya təcrübəsində yeni hesab olunur, çünki bütün şəhərsalma prinsipləri nəzərə alınaraq, yenidənqurmanın bu qədər sürətlə aparıldığı ikinci bir nümunə yoxdur. Prezident İlham Əliyev də bəyan edib ki, “Azərbaycanın şəhərsalma sahəsində innovativ təcrübəsi, xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri beynəlxalq səviyyədə nümunəvi xarakter daşıyır”.

“Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri belə nümunələrdəndir. Ümumilikdə azad olunmuş ərazilərdə şəhərsalma prosesi zamanı yaşıl enerji, rəqəmsal idarəetmə, ekoloji təhlükəsizlik kimi amillərə əsaslanan model qlobal miqyaslı presedentə çevrilir.
Bütün bunlar Azərbaycanın WUF13-ə ev sahibliyi etməsini şərtləndirən amillərdir. Azərbaycanın bütün beynəlxalq proseslərdə olduğu kimi, WUF prosesində də yeni təcrübələr yaradacağı bəllidir. Artıq Foruma hazırlıq mərhələsi BMT tərəfindən müsbət təcrübə kimi dəyərləndirilib. Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə UN-Habitat arasında imzalanmış Niyyət Məktubu WUF13-ün uğurlu hazırlıq və təşkilati modelinin institusional təcrübəyə çevrilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bu sənəd gələcək WUF sessiyalarına ev sahibliyi edəcək ölkələr üçün qərarqəbuletmə və təşkilati koordinasiya prosesində praktik yol xəritəsi rolunu oynayacaq. “WUF13 Bakı standartları”nın gələcək forumlarda tətbiqi tədbirlərin operativ səmərəliliyinin artırılmasına, təşkilati idarəetmənin təkmilləşdirilməsinə və beynəlxalq şəhərsalma platformalarında vahid yanaşmanın formalaşdırılmasına töhfə verəcək.
Yeni qlobal urbanizasiya siyasəti məhz Bakıda formalaşacaq. Və Azərbaycan hər zaman olduğu kimi, bu dəfə də bəşəriyyətin gələcəyinə mühüm töhfə verəcək.
Asif Nərimanlı