EN

Türkiyə NATO üçün Rumıniyaya kimi uzanan yanacaq kəmərinin tikilməsini təklif edib

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Buxarest, 17 may, AZƏRTAC

Rumıniyanın “Știrile ProTV” televiziya kanalı Agerpres agentliyinə istinadla xəbər verir ki, Türkiyə NATO-nun şərq cinahının enerji və logistika təhlükəsizliyini gücləndirmək məqsədilə Rumıniyaya qədər uzanacaq hərbi yanacaq kəmərinin tikintisini təklif edib.

AZƏRTAC xəbər verir ki, layihə Türkiyədən başlayaraq Bolqarıstan üzərindən Rumıniyaya qədər uzanan yeni yanacaq marşrutunun yaradılmasını nəzərdə tutur. Kəmərin NATO qüvvələrinin regiondakı hərbi bazalarının və logistika mərkəzlərinin yanacaq təminatında mühüm rol oynaya biləcəyi bildirilir.

Qeyd olunur ki, təşəbbüs NATO-nun Avropadakı mövcud Yanacaq Kəmərləri Sisteminin şərq istiqamətində genişləndirilməsi planları çərçivəsində müzakirə edilir. Layihənin dəyərinin təxminən 1,2 milyard dollar olduğu bildirilir.

Ekspertlərin fikrincə, Qara dəniz regionunda təhlükəsizlik risklərinin artması fonunda Rumıniya NATO üçün əsas logistik və strateji mərkəzlərdən birinə çevrilir. Türkiyənin irəli sürdüyü marşrutun həm iqtisadi, həm də hərbi baxımdan daha əlverişli variant hesab olunduğu vurğulanır.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
27
2
azertag.az

3Sources