Türkiyənin məşhur müğənnisi Kenan Doğulu ilə bağlı gündəmə gələn şantaj xəbərləri ölkə mediasında geniş müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı ilk dəfə açıqlama verən Kenan Doğulu yayılan xəbərlərin yeni hadisə olmadığını bildirib. Müğənni qeyd edib ki, sözügedən məsələ təxminən bir il əvvəl yaşanıb və hüquq-mühafizə orqanlarına müraciət olunub.
Türkiyə mətbuatının yaydığı məlumata görə, sənətçi şübhəli mesajlardan sonra təhlükəsizliyi ilə bağlı narahatlıq keçirdiyini bildirərək prokurorluğa şikayət edib. İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan araşdırma zamanı mesajların göndərildiyi xəttin xarici mənşəli olduğu müəyyənləşdirilib. Lakin şübhəli şəxsin kimliyini müəyyən etmək mümkün olmayıb.
Kenan Doğulu isə açıqlamasında bildirib ki, hüquqi proses artıq yekunlaşıb:
“Bu hadisə təxminən bir il əvvəl baş verib. Lazımi müraciətlər edilib və məsələ hüquqi şəkildə araşdırılıb. Dosya ilə bağlı “takipsizlik” qərarı verilib”.
Türkiyə mediasında yer alan xəbərlərə görə, sənətçidən tələb olunan məbləğ 300 min dollar olub. Şantaj mesajlarında “otel videoları” ifadəsinin yer alması sosial şəbəkələrdə geniş rezonans doğurub.
Qeyd edək ki, Kenan Doğulu Türkiyənin tanınmış pop musiqi ifaçılarından biridir və uzun illərdir sənət fəaliyyətini davam etdirir. O, həmçinin aktrisa Beren Saat ilə evlidir.