Mənzil məsələsi qlobal gündəliyin əsas prioritetlərindən biridir.
APA xəbər verir ki, bunu WUF13-ün Milli Koordinatorunun müavini Gülşən Rzayeva WUF13 çərçivəsində keçirilən "Sosial inklüzivlik və yoxsulluğun aradan qaldırılması üçün mənzil təminatı" mövzusunda nazirlər toplantısında çıxışı zamanı deyib.
O qeyd edib ki, hər bir ölkənin iqtisadi imkanları, institusional sistemi və sosial ehtiyacları fərqli olsa da, ümumi məqsəd təhlükəsiz, adekvat və əlçatan mənzillə təminatdır.
Gülşən Rzayeva interaktiv müzakirələrin müxtəlif ölkələrin təcrübələrinin paylaşılması, praktiki həllərin hazırlanması və inklüziv yanaşmaların təşviqi baxımından mühüm əhəmiyyət daşıdığını deyib.
O, həmçinin BMT-Habitat tərəfindən yaradılmış Açıq Tərkibli Hökumətlərarası İşçi Qrupunun fəaliyyətinə toxunaraq, Azərbaycanın Somali ilə birlikdə prosesin həmsədri seçildiyini xatırladıb.
Onun sözlərinə görə, bu qlobal mənzil gündəliyinə töhfə vermək baxımından böyük məsuliyyətdir.
Gülşən Rzayeva bildirib ki, Azərbaycanda mənzil siyasəti sosial siyasətin əsas istiqamətlərindən biridir. O qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsindən sonra ölkədə genişmiqyaslı bərpa, yenidənqurma və məskunlaşma proqramları həyata keçirilir.
O vurğulayıb ki, yeni yaşayış məkanlarının qurulması yalnız mənzil təminatı deyil, həm də dayanıqlılıq, sabitlik və uzunmüddətli inkişaf üçün əsas amildir. Bundan əlavə, mənzil siyasətinin iqtisadi inkişaf, məşğulluq, iqlim fəaliyyəti və şəhərlərin dayanıqlılığı ilə birbaşa bağlı olduğu diqqətə çatdırılıb.
Forum çərçivəsində keçirilən müzakirələrin yoxsulluğun azaldılması, sosial inklüzivlik və şəhər inkişafı baxımından mühüm rol oynadığı bildirilib.
“Bizim güclü tərəfdaşlıq və əməkdaşlıq vasitəsilə dialoqdan praktik və həyata keçirilə bilən addımlara keçmək üçün mühüm imkanımız var”, – Gülşən Rzayeva əlavə edib.