Mənzil hüququ və əlçatan mənzil anlayışlarının insanlar və cəmiyyət daxilində necə qəbul olunduğu ilə bağlı zəruri dəyişiklikləri həyata keçirməliyik.
Day.Az xəbər verir ki, bu fikirləri BMT-nin Məskunlaşma proqramının təmsilçisi Raina Hedeya WUF13 çərçivəsində Vətəndaş təşəbbüsləri və vətəndaş cəmiyyəti təşkilatlarının Assambleyasının açılış sessiyasında deyib.
O vurğulayıb ki, məcburi köçürülmələrin qarşısını almaq mümkündür və şəhər inkişafı insanların ləyaqəti, yaşayış təhlükəsizliyi və insan hüquqları hesabına həyata keçirilə bilməz.
"Biz əlçatan və sosial mənzil sahəsinə daha güclü dövlət investisiyalarının yatırılmasının, torpaq və xidmətlərə bərabər çıxışın təmin edilməsinin, insanları köçürülmə və kənarlaşdırmadan qoruyan tənzimləyici çərçivələrin formalaşdırılmasının, həmçinin bərabərsizlik və həssaslıq problemlərini aradan qaldıran inklüziv iqtisadi və şəhər siyasətlərinin vacibliyini vurğulamalıyıq.
Bütün bu narrativ və müzakirələr BMT-Habitatın 2026-2029-cu illəri əhatə edən yeni strateji planının əsas mahiyyəti ilə sıx bağlıdır. Strateji planla tanış olanlar bilirlər ki, onun mərkəzində beş əsas istiqamət dayanır. Bunlardan birincisi adekvat mənzil, torpaq və şəhər xidmətləridir. İkincisi iştirakçılıq əsaslı idarəetmə, üçüncüsü inteqrasiya olunmuş şəhər transformasiyası, dördüncüsü tərəfdaşlıqlar və koalisiyalar, beşincisi isə inklüziv maraqlı tərəf iştirakıdır".
Raina Hedeya əlavə edib ki, bütün bunlar hüquq əsaslı, icmayönümlü və inklüziv yanaşmaların mənzil və şəhər inkişafında əsas prinsip kimi qəbul edilməsinin vacibliyini bir daha ön plana çıxarır.