
Bu gün yağan yağışlar Bakının bir çox ərazilərində vəziyyəti yenidən, bu dəfə lap ağırlaşdırıb.
Bu barədə AFN.az-a Abşeron rayonu, Məhəmmədi kəndi, Nəriman Nərimanov küçəsinin sakinləri bildiriblər. Sakinlər redaksiyamıza bugünkü mənzərəni əks etdirən görüntülər də təqdim edərək vurğulayıblar ki, ötən günlərdə də eyni durum yaşanıb: "Motor 24 saat işləyir, heç bir faydası yoxdur. Videodan da gördüyünüz kimi, bütün küçə suyun altındadır, elə yerlər var dayazdır, yenə az-çox hərəkət etmək olur, elə yerlər var, ümumiyyətlə girmək olmur. Küçənin bir yerindən çıxış vardı, o da bağlanıb artıq, girova çevrilmişik. Abşeron rayon İcra Hakimiyyətinə zəng edirik, telefona cavab vermirlər, gedirik heç kimi yerində tapa bilmirik. Bələdiyyəmizin Tiktok hesabı da var, 8-9 borunu uzadıb yerə, paylaşıb ki, Məhəmmədi kəndinin problemini həll etmişəm. Sakinlərin özünün çəkdiyi kanalizasiya da dolub daşıb, tərsinə vurur artıq".
Sakinlər bildiriblər ki, birinci yağışlar yağanda həm Fövqəladə Hallar Nazirliyindən, həm Abşeron Rayon İcra Hakimiyyətindən gələn olub: "İcra hakimiyyəti bir dənə köhnə motor qoydu, o da 1 saat işlədi yandı. Sonra FHN gətirdi, o da 7 gün çəkdi. Axırda FHN də yaxın durmadı, dedilər bizdən bu qədərdir. Camaat yığışdıq özümüz motor, 300 metrəyə yaxın da boru aldıq. Amma indi vəziyyət o qədər həssasdır ki, o da faydasızdır. Dəfələrlə şikayətə getmişik, nə icra hakimiyyəti, nə bələdiyyə maraqlanmır. Onların işi ancaq maklerlərə nəzarət etməkdir, maklerlər ev tikir, onlar da pullarını alır otururlar yerlərində. Bir məhlədə 250 ev tikilib aralarında 10 santimetr məsafəylə. Hər ev gündə azı 500 litr su işlətsə, məhlənin suyun altında qalması üçün bəs edir, kanalizasiya da yoxdur. 2 aya yaxındır öz büdcəmizlə yanacaq alırıq, motoru işlək vəziyyətdə saxlayırıq. Makler evi alanlar qarışmırlar da, deyirlər biz ev alanda maklerlər deyiblər ki, bizim mərkəzləşmiş kanalizasiya sistemimiz var. Amma yoxdur, hamısı eyni yerə axır, nəticədə də belə vəziyyət yaranır. Heç bir dövlət qurumu, bələdiyyə də məsuliyyəti üzərinə götürüb, problemi həll etməyə çalışmır".