EN

"Ağ Evdə 2028 savaşı başlayıb: Trampın ətrafında gizli rəqabət qızışır" - "Wired Magazine" (ABŞ) 

"Respublikaçılar növbəti prezident seçkilərinə hələ illər qalsa da, Trampın komandasında artıq varis uğrunda mübarizə başlayıb..."

ABŞ prezidenti Donald Trampın administrasiyasında 2028-ci il prezident seçkiləri ilə bağlı daxili müzakirələr başlayıb. 

Moderator.az xəbər verir ki, bu barədə ABŞ-ın "Wired Magazine" nəşri yazıb.

Tramp artıq özündən sonrakı namizədi müzakirə edir

Nəşr yazır ki, Ağ Evdə artıq Respublikaçılar Partiyasının gələcək namizədi ilə bağlı ciddi rəqabət formalaşır. Məlumata görə, Tramp yaxın günlərdə qeyri-rəsmi görüşlər zamanı ətrafındakılardan kimi dəstəklədiklərini soruşub. Əsas müzakirə olunan fiqurlar isə vitse-prezident Cey Di Vens və dövlət katibi Marko Rubio olub. Hətta Tramp onların mümkün tandemini "arzular komandası" adlandırıb.

Ağ Evdə iki əsas favorit formalaşıb

Nəşrin yazdığına görə, Trampın Mar-a-Laqodakı sponsorları daha çox Rubionu dəstəkləyir, Ağ Evdə "adi seçicilərə yaxın" hesab olunan qruplar isə Vensə üstünlük verir. Qeyd olunur ki, Vens son günlər siyasi komandasını gücləndirməyə başlayıb və artıq yeni strateji dəyişikliklər planlaşdırır. Onun ətrafında milli təhlükəsizlik və siyasi idarəetmə sahəsində təsirli fiqurların toplanması diqqət çəkir.

Xüsusilə, milli təhlükəsizlik üzrə yeni müşavir Kliff Simsin vitse-prezident komandasına yaxınlaşması Vensin mövqelərini gücləndirən addım kimi qiymətləndirilir. Nəşr bildirir ki, Simsin MKİ rəhbəri Con Retklifflə yaxın əlaqələri Vensin milli təhlükəsizlik mövzularında təsir imkanlarını artıracaq.

İran müharibəsi fonunda Respublikaçılar təzyiq altındadır

"Wired" yazır ki, Respublikaçılar Partiyası hazırda İran müharibəsi və Konqresdəki iri dövlət xərcləri səbəbindən daxili təzyiqlə üzləşir. Bu fonda 2028-ci il uğrunda mübarizə daha erkən başlayıb. Eyni zamanda Rubio son günlər İran məsələsi ilə bağlı keçirdiyi brifinqlərdən sonra daha çox diqqət çəkməyə başlayıb.

Ağ Evin onun çıxışlarından paylaşdığı videolar və mediada yayılan müsbət reaksiyalar Rubionun mümkün prezidentlik ambisiyaları ilə bağlı iddiaları gücləndirib. Bununla belə, Ağ Ev rəsmi olaraq həm Vensin, həm də Rubionun Tramp komandasında mühüm rol oynadığını vurğulayır və onların arasında açıq rəqabət olduğu barədə iddiaları təsdiqləmir.

Chosen
43
1
moderator.az

2Sources