EN

Anar Quliyev: “Urban Expo” sərgisində 85 ölkədən 260 təşkilat təmsil olunur

WUF13 həqiqətən qlobal miqyas daşıyır.

APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində keçirilən rəsmi açılış mətbuat konfransındakı çıxışında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 milli koordinatoru Anar Quliyev deyib.

O qeyd edib ki, 17 may tarixinədək 182 ölkədən ümumilikdə 42 367 nəfər qeydiyyatdan keçib: “Forumun ilk günü — 17 may tarixində iştirak sayı 21 108 nəfər olub. Forum həmçinin çox fəal Urban Expo ilə zənginləşdirilib. Burada milli hökumətlər, şəhər administrasiyaları, beynəlxalq təşkilatlar, akademik dairələr, innovatorlar və özəl sektor liderləri praktik həlləri və tərəfdaşlıqları nümayiş etdirirlər.

Urban Expo statistikası foruma olan böyük marağı göstərir. Ümumi sərgi sahəsi təxminən 35 min kvadratmetrdir, bunun təxminən yarısı ekspozisiya sahəsidir. Ümumilikdə 85 ölkədən 260 iştirakçı təşkilat, 122 stend və pavilyonda təmsil olunur. Tərəfdaş kateqoriyalarına görə 15-i akademiya və tədqiqat qurumlarıdır, ən böyük qrup 136 təşkilatdan ibarət vətəndaş cəmiyyəti nümayəndələridir, 44 özəl sektor nümayəndəsi, o cümlədən 14 startap iştirak edir, 41 milli hökumət pavilyonu, 10 dövlət sektoru şirkəti və 6 yerli və regional hökumət nümayəndəsi mövcuddur.

Urban Expo-da 1500 kvadratmetrlik sahədə qurulan Azərbaycan pavilyonu irsimizi, şəhər inkişaf yolumuzu, turizm potensialımızı və Qarabağ ilə Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı yenidənqurma layihələrini nümayiş etdirəcək”.

O bildirib ki, pavilyon “vizyondan fəaliyyətə-insanlarla birlikdə” konsepsiyası əsasında hazırlanıb və Azərbaycanın şəhər transformasiyası yolunu təqdim edir:

“WUF13 çərçivəsində biz həmçinin Azərbaycanın töhfəsini və forumun inkişaf edən ruhunu əks etdirən yeni təşəbbüsləri təqdim etməkdən qürur duyuruq”.

Chosen
20
1
apa.az

2Sources