EN

Elçibəy, Qamsaxurdiya, Ter-Petrosyan və iyun...

 

Nə kiminsə bioqrafı olmaq fikrim var, nə də hansısa proseslərin, o cümlədən də post-sovet məkanında baş verən ilk hərəkatların tarixçisi – salnaməçisi olmaq. Rəhmətlik Səməd Vurğunun Vaqifi deyiridi ki, bu yurdun övladıyam mən də, az-az uydururam yeri gələndə! Onun sözü olmasın, bizim uydurmaq həvəsimizin də böyük tarixi kökləri var...

Konkret olsaq, qarşıdan iyun gəlir. Güman, hamı 1993-cu ildən nəsə yazacaq və burada qəbahət bir iş yoxdur, bir az təəssüfləndirici budur ki, yeni şey deyilmir. İlk baxışda bəlkə də deyilməlisi mümkün olanların artıq hamısı deyilibdir. Ola bilər. Amma bir dəfə yazmışdım ki, bizim antik tariximizdə bəzi məsələlərlə bağlı daha çox aydınlıq var, nəinki 40-50 il bundan qabaqkı tariximizlə... Prosesləri kompleks şəkildə, ansambl kimi götürəndə bəzi detalları daha yaxşı başa düşürsən. Eləcə də Cənubu Qafqazdakı. Bəli, Qamsxurdiya, Elçibəy və Ter -Petrosyan! Əbülfəz Elçibəy həm də ona görə qınanırdı ki, bəs AXC hakimiyyəti niyə heç olmasa, üç yox, cəmi bircə il çəkdi? Yaxşı, dostlar, Gürcüstanda Qamsaxudiyanın hakimiyyəti neçə il çəkdi? Əbülfəz Elçibəy qınanırdı ki, guya əvvəldən məqsədi hakimiyyətə Heydər Əliyevi gətirmək olub! Bəs Qamsaxurdiyadan sonra hakiməyyətə kim gəldi? Qamsaxurdiya da “Şevannadzenin adamı” idi yoxsa? Ya da bəlkə Qamsaxudiyanı da Şevarnadze özü devirmişdi?..

Detallara varmayacam, azı ona görə ki, onların çoxu sizin kimi elə mənim özümə də məlum deyil. İllərdir iyun hadisələrinin haqqında düşünəndə görürsən ki, burada Kreml izi də var, hətta qardaş Türkiyə izi də, üstəlik, mənə elə gəlir, o proseslər həm də neft qoxuyurdu. Bilmirəm, iddia edə bilmərəm ki, prosesdə “alfa”, ya “betta” vardı, ya yox, amma pis ssenariləşdirilməmişdi, həm də sonradan xeyli detal oldu ki, prosesin ondakı əsas “aktor”larının ciddi şəkildə Moskvayla bağlı olduqlarını deməyə əsas verdi. O ki qaldı qardaş Türkiyə faktoruna, əlbəttə, hər şeyin doğru-dürüstünü onda böyük siyasətin bilavasitə içində olanlar bilir. Amma mənə elə gəlir ki, Əbülfəz bəy “siyasi oyun partiyası”nı genişləşndirməklə bir növ Kremli çaşdırdı – bəlkə də yanılıram, amma mənə belə gəlir.

Bilmirəm, yenə də mənə elə gəlir ki, Kreml Heydər Əliyev ssenarisini nəzərdə tutmamışdı. Bu məsələnin Türkiyəylə bağlı məqamlarına gələndə, Əbülfəz bəyin bir çox yazılı və şifahi açıqlamlarında dəfələrlə qeyd edilmişdi ki, Ankara Heydər Əliyevin daha ciddi şəkildə Azərbaycan siyasətinə cəlb edilməsini israr edirdi, xüsusən də rəhmətlik Dəmirəl. Bu, nəylə bağlı idi? O dövrdə Azərbaycana hər şeydən əvvəl stabillik lazım idi ki, bura Tacikstan olmasın, “banan respublikası”na (88-92-yə qədər artıq üç hakimiyyət dəyişmişdi!) çevrilməsin, stabillik olsun ki, dövlət qurula bilsin. Dəmirəl də, həm də digər Türkiyə siyasətçiləri maraqlı idi ki, Azərbaycanda hakimiyyət bu işi bacara biləcək, təcrübəli bir adamın əlində olsun. İllər sonra rəhmətlik Dəmirəl müsahibəsində bir şey dedi: “Elçibəy də vətənpərvər, millətini sevən adam idi, amma bu iş (yəni siyasət – H.S.) səbr tələb edən işdir”.

Qərəz, Ankarada deyəsən, başa düşmüşdülər ki, təəssüf, Əbülfəz bəy və komandası bunu bacarmayacaq, ona görə də onların da seçimi Heydər Əliyev oldu. Bu adamlar Azərbaycan sarıdan bir növ, arxayın olmaq istəyirdilər, axı iş-güclərini atıb yalnız Azərbaycanla məşğul ola bilməzdilər! Onlara Heydər Əliyev kimi təcrübəli adam lazım idi ki, özü prosesləri nəzarətə götürə bilsin. Ankaranın başqa dəstəklərinə gəldikdə, bunlar hamısı oldu, hətta bu gün də müəyyən qədər davam edir.
O ki qaldı iyun hadisələrinin həm də “neft qoxumasına”, hər şey bir tərəfə, bəzən nibətən avtoritar hakimiyyətlərlə bəzi problemləri həll etmək daha asan olur: bir adamla danışırsan, həll edirsən və məsələ bitir! Amma demokratiya olanda kiçik bir məsələni həll etmək üçün az qala, on instansiya keçməli olursan! Vallah, yalançı olmaq isətmirəm, məncə, belə bir fikir səslənmişdi ki, əvəlki hakimiyyət gələcək sazişin az qala, hər maddəsi uğrunda “vuruşurdu”!
Üstəlik, növbəti hakimiyyətin dövründə hətta Rusiyanın da maraqları nəzərə alındı – sazişdə LUK-OYL da pay aldı, üstəgəl, bir müddət üçün Bakı- Novorossiysk kəməri də nəzərə alındı...
Həm də kapitalizm özü də müəyyən mənada demokratiyanın nəticəsi olsa da kapitalistlərin heç də hamısı demokraiyadan ötrü ölmürlər, ona görə ki, xeyli problem yaradır və birini dedik. Digəri budur ki, demokratiya və insan haqları həm də sosail haqlar - hüquqlar, sosial öhdəliklər deməkdir, hər kapitalist isə istəyər ki, hamını mümkün qədər ucuz qiymətə işlətsin!

O vaxt bir cənublu dost vardı, keçmişdə İranda kommunist olmuşdu. O məsələn, deyirdi ki, siz bu “yırtıcı təşkilatları” çox tanımırsınız, onlar hara gedir, oranı viran qoyurlar! Əlbəttə, bu, bir azca kommunist, “anti- imperialist” yanaşması idi.
Amma az da olsa, həqiqət də vardı burada – dünyada hüquq müdafiəçiləri (özü də tək anti-qlobalistlər yox!) dövlətlərdən də çox TMK-la (trans-milli korporasiyalar!) mübarizə aparırlar. Əlbəttə, bütün hallarda, başqa bir yol da yox idi onda. İlk neft müqavilələrini reallaşdırmaq üçün bizim nəinki maliyyə, texniki, heç zəruri biliyimiz yox idi, baxmayaraq, neft sanayesi Azərbaycan üçün yeni sahə deyildi. Amma sonradan məlum oldu ki, məsələn, dənizdən neft çıxarmaq üçün Neft Daşları kimi şəhərcik tikməyə ehtiyac yox...

Qayıdaq o dövrün siyasətinə. Gürcüstanda Qamsaxurdiyadan sonra Şevarnadze gəldi. İnsafən, bu adamın da məqsədi Gürcüstana və xalqına kömək etmək idi. İnsanların çoxu unutqan olur. Amma Tiflisdə bir mitinqdə Şevarnadze istefa vermək istidiyini deyəndə insanlar hamısı yerə oturmuş, yəni faktiki olaraq diz çökmüşdülər ki, belə etmə! Axı bu da olmuşdu Gürcüstanın yaxın tarixində! Heç kim demir ki, Şevarnadze bu kiçik ökəni cənnətə çevirdi, yox, bacarmadı, amma haracansa apardı. Keçmiş Qafqaz liderlərindən Moskva, Kremllə bağlı məncə, Ter-Petroysan idi. Ermənistanda faktiki olaraq milli-azadlıq hərəkatı yox, “Qarabağ hərəkatı” olmuşdu. Odur, bu gün jurnalist Paşinyan deyəndə ki, Qarabağ problemi Ermənistanın müstəqil olmasının qarşısını almaq üçün idi, adam düz deyir. Eyni şeyi Azərbaycana da deyirdilər: ya ərazinizdən, ya da suverenliyinizdən keçin! Xoşbəxtlikdən bunların heç birinə ehtiyac olmadı: torpaq da alındı, suverenlik də oldu...

Ter-Petrosyan axıra qədər Kremlin ssenarisindən çıxa bilmədi, kəskin şəkildə ona qrşı getməyə cəsarəti çatmadı, bu gün də Paşinyana dəstək olmaq əvəzinə ona mane olur, halbuki özü də bir ara cəhd etmişdi ki, Azərbaycanla başqa siyasətə aparsın, amma Kreml gözünü ağardan kimi gedib kirimişcə Mateanadaranda qədim erməni əlyazmalrını oxumağa başladı! Onun atası Suriya, ya Livan kommunisti olmuşdu, bəlkə də KQB ilə bağlılıq ailəvi bir məsələ idi, ya da hər şey onun sadəcə, gizli daşnak olmasıyla əlaqəlidi, amma o vaxt bu adam Kremlin havasına oynamasaydı çox şeylər başqa cür ola bilərdi, özü də bütün regionda...

Qərəz, ilk Qafqaz “siyasi qartalları”ndan yalnız Levon uzunömürlü oldu və yalnız ona görə ki, Kremllə bağlı adam idi. O ki qaldı digər post-sovet məkanındakı liderlərə, hələ 90-cı illərdə bir az araşdırmışdıq bunu özümüz üçün: yanılmıramsa, hətta Baltik respublikalarında birinci dalğa demokratları çox qalmadılar hakimiyyətdə. Çox çətin dövr idi, demokratlar üçün qəti əlverişli deyildi, Rusiyanın təzyiqləri yana, tez-tez qeyri-populyar qərarlar qəbul etmək lazım gəlirdi və bütün bunlar istər - istəməz hakimiyyətlərin müddətliyinə də ciddi təsir edirdi...Amma böyük hesabla götürəndə sonluq tamam uğursuz da olmadı, hər halda Kremlin istədikləri alınmadı. Baltik respublikaları, ümumiyyətlə, Moskvanın təsir dairəsindən uzaqlaşdılar. İrəvanda seçkilər uğurla başa çatsa, Cənubi Qafqazda da Moskva regiondan tamam getmək haqqında düşünməli olacaq. Moldovada ötən il bacara bilmədilər. Yalnız Ukrayna çox acı tale yaşamalı oldu. Amma məşhur məsəl var ki, hər dalandan bir qurtuluş olur, İnşallah, Kiyev də qurtular...

Chosen
16
50
musavat.com

10Sources