EN

Dünyada bu maşından iki dənədir – Birini nişanlısına hədiyyə etdi – FOTO

Türkiyənin Muğla vilayətində yaşayan və toya hazırlaşan Saltuğ Taşlıdağ toy öncəsi nişanlısı Ece Demirkırana xüsusi hədiyyə təqdim etmək qərarına gəlib.

Bizim.Media “Haberler”ə istinadla xəbər verir ki, o, atası ilə birlikdə istifadəsiz vəziyyətdə olan köhnə bir “Jeep” alaraq öz emalatxanalarında onun bərpasına başlayıblar.
 

Gecə-gündüz davam edən iş nəticəsində avtomobil 4 ay ərzində tamamilə yenilənib, çəhrayı rəngə boyanıb və xüsusi detallarla dizayn edilib.


Cehiz aparılması mərasimində isə bərpa olunan avtomobil davul-zurna sədaları altında kran vasitəsilə yük maşınına yüklənib. Çəhrayı tüllərlə bəzədilən avtomobil və kortej gəlin evinin yerləşdiyi Gümüşlük məhəlləsinə yollanıb. Cehizlərin dəvələrə yükləndiyi mərasimdə həmin avtomobil də gəlin Ece Demirkıranın evinə aparılıb.

Küçələrdə çəhrayı avtomobili və onu müşayiət edən korteji görən sakinlər təəccüblərini gizlədə bilməyiblər.

Kortejin gəldiyini görən gəlin Ece Demirkıran isə avtomobili görəndə əvvəlcə təəccübləndiyini, daha sonra böyük sevinc yaşadığını bildirib.

Saltuğ Taşlıdağ avtomobilin xüsusi olduğunu vurğulayaraq deyib:

“Atamla birlikdə 4 aylıq zəhmət nəticəsində 1952-ci il istehsalı olan cipi 2026-cı ilə uyğunlaşdırdıq. Onu daha texnoloji və Bodruma uyğun idman görnüşlü hala gətirdik. Bu gün cehiz mərasimidir və avtomobili nişanlıma hədiyyə edəcəyik. Nömrə nişanımız da xüsusidir — ‘34 ECE 225’. ‘ECE’ həyat yoldaşımın adını, ‘25’ isə Ərzurumlu olduğumuzu göstərir. Eyni zamanda ‘22-5’ rəqəmləri toy tariximiz olan 22 mayı ifadə edir. Avtomobilin rəngi də xüsusi seçilib. Dünyada bu modeldən cəmi iki ədəd var. Onlardan biri muzeydə saxlanılır, digəri isə yollarda olacaq”.

Ece Demirkıran isə hədiyyəyə görə çox xoşbəxt olduğunu bildirib:

“Mənim üçün belə xüsusi hədiyyə hazırladıqları üçün nişanlıma təşəkkür edirəm. Çox təəccübləndim. Türkiyədə yeganə çəhrayı hərbi cipdir və mənim üçün yenidən bərpa edilib. Hər detalı xüsusi seçilib və böyük zəhmətlə hazırlanıb”.








Bizim.Media

Chosen
2
1
bizim.media

2Sources