“Türkiyənin şəhərləşmə sahəsində keçmişdən gələn ciddi problemləri olsa da, son illərdə iqlim dəyişikliyinin təsirləri ilə birlikdə dayanıqlı şəhərlər anlayışı daha da ön plana çıxır”.Bu fikirləri Mətbuat.az-a açıqlamasında Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu çərçivəsində Türkiyənin Ətraf Mühüt, Şəhər və İqlim Dəyişikliyi Nazirliyi nümayəndəsi Pınar Zoral deyib. O bildirib ki, Bakıda keçirilən forum yüksək səviyyədə təşkil olunub və şəhərin tədbirə hazırlığı xüsusi diqqət çəkir:“Azərbaycan və Bakı bu tədbirə çox yaxşı hazırlaşıb. UN-Habitat təşkilatına da təşəkkür edirik. Bütün şəhərdə forumun ab-havası hiss olunur və çox uğurlu toplantı keçirilir.”Şəhərləşmə və iqlim riskləri barədə danışan nazirlik nümayəndəsi vurğulayıb ki, xüsusilə təbii fəlakətlərə qarşı dayanıqlı şəhərlərin qurulması artıq qaçılmaz zərurətə çevrilib: “Türkiyə zəlzələləri çox ağır yaşayan ölkələrdən biridir. Hər ölkənin coğrafiyasına uyğun öz problemləri var. Amma düşünürəm ki, son illərin ən vacib anlayışı məhz "dayanıqlı şəhərlər" mövzusudur. Burada da xüsusilə mənzil və yaşayış məsələləri ətrafında çox dəyərli fikir mübadiləsi aparılır. Pınar Zoral qeyd edib ki, noyabr ayında Türkiyənin Antalya şəhərində keçiriləcək COP tədbiri ilə bağlı hazırlıq işləri də intensiv şəkildə davam edir.Gülbəniz Hüseynli / Metbuat.az