EN

WUF13: Azərbaycanın dünyaya memarlıq və şəhərsalma təqdimatı - TƏHLİL

Bakı, 18 may, AZƏRTAC

Bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınır. Eyni zamanda, ölkəmiz sabitlik adası kimi xarakterizə olunur. Məhz bu səbəblərdən də Azərbaycan mötəbər beynəlxalq tədbirlərin keçirildiyi mərkəzlərdən biridir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) Bakıda keçirilməsi qərarı da bu reallıqların əyani nümunəsidir. Əlbəttə, belə bir qərarın qəbul olunması heç də təsadüfi deyil. Çünki Azərbaycanda şəhərsalma və memarlıq ənənələrinin çoxəsrlik zəngin bir keçmişi var.

Bu fikirlər Milli Məclisin deputatı Samir Vəliyevin “WUF13: Azərbaycanın dünyaya memarlıq və şəhərsalma təqdimatı” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Azərbaycan memarlığının tarixi və daş yaddaşı

Bu gün ölkə ərazisində dövlət tərəfindən mühafizə olunan müdafiə qalaları, karvansaralar, məscid, məbəd və türbələr milli memarlığın parlaq ənənələrini əks etdirir. Möminə Xatun türbəsi, Xudafərin körpüsü, “Atəşgah” kompleksi və digər bu kimi misilsiz nümunələr Azərbaycanın memarlığının rəmzlərinə çevrilib. İndiyədək özünəməxsus Azərbaycan memarlığının gözəl nümunələri olan İçərişəhər və Şirvanşahlar sarayı kompleksi, Qız Qalası, Şəkinin tarixi mərkəzi və Xan sarayı UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Təkcə bu fakt Azərbaycan memarlığının və şəhərsalma ənənələrinin nə qədər zəngin olduğunu əyani şəkildə təsdiqləyir. Qürurverici haldır ki, tariximizin daş yaddaşını məhz milli memarlarımız yaradıblar. 900 illiyi UNESCO səviyyyəsində qeyd olunan böyük memar Əcəmi Naxçivaninin yaradıcılığı bütövlükdə Yaxın Şərq ölkələrinin orta əsrlər memarlığına güclü təsir göstərib və bir məktəbə çevrilib.

Heydər Əliyev və müasir Azərbaycan şəhərsalması

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi də məhz qədim tariximizdən bu günə qədər gəlib çatan, eləcə də müasirləşən memarlıq və şəhərsalma ənənələrinə verilən dəyərdir. Azərbaycan memarlığının inkişafında ayrı-ayrı dövrləri fərqləndirmək mümkündür. Xüsusilə də Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illər Azərbaycan şəhərsalma və memarlığının inkişafında xüsusi mərhələ təşkil edir. Respublikanın müxtəlif regionlarında yeni sənaye və yaşayış məntəqələri salınıb, mövcud şəhərlərin baş planları yenilənib. Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Mingəçevir kimi şəhərlərdə sosial və nəqliyyat infrastrukturu genişləndirilib, müasir mikrorayon sistemi tətbiq olunub. Məhz həmin dövrdə formalaşdırılan layihələndirmə və planlaşdırma mexanizmləri sonrakı mərhələlərdə şəhərsalma siyasətinin davamlılığını təmin edən mühüm baza rolunu oynayıb.

Müasir Azərbaycanın şəhərsalma strateji xətti

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra şəhər quruculuğu sahəsindəki yeni təzahürlər ölkədə inşa edilən monumental komplekslərin memarlıq həllində özünü qabarıq şəkildə büruzə verir. Azərbaycanın milli inkişaf strategiyasında şəhərsalma prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda paytaxtdan ölkənin bütün bölgələrinə qədər genişmiqyaslı şəhərsalma transformasiyası həyata keçirilir. “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nın əsas xüsusiyyətlərindən biri çoxmərkəzli inkişaf modelinin tətbiqidir. Bu modelə əsasən, bütün fəaliyyətlərin bir mərkəzdə cəmlənməsi əvəzinə, Bakı şəhəri boyunca bir-biri ilə əlaqəli mərkəzlər və alt-mərkəzlər şəbəkəsi formalaşdırılır.

Ölkəmizdə, o cümlədən işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusilə diqqətəlayiqdir. Heydər Əliyev Fondu tərəfindən mədəni abidələrimizin bərpası, təhsil, səhiyyə, mədəniyyət ocaqlarının inşası və yenidən qurulması, milli-mədəni irsimizin qorunması, incəsənət nümunələrimizin təbliği və həyata keçirilən digər layihələr ümumi məqsədlərimizin reallaşmasına layiqli töhfələrdir.

Qarabağ və Şərqi Zəngəzurun intibahı: dayanıqlı şəhərsalmanın Azərbaycan modeli

Bu gün Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə reallaşdırdığı bərpa modelini fəxrlə təqdim etmək mümkündür. Bu model dayanıqlılıq, ərazi reinteqrasiyası və insanyönümlü inkişaf prinsiplərinə əsaslanır. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması və Böyük Qayıdış prosesi çərçivəsində 8 şəhərin Baş planı, 3 şəhərin Müfəssəl planı və 101 yaşayış məntəqəsi üzrə şəhərsalma əsaslandırması təsdiq olunub. Üç müasir hava limanı inşa olunub, yüz kilometrlərlə ölçülən avtomobil və dəmir yolları salınıb, yüzlərlə körpü, onlarla tunel, viaduk inşa edilib. Elektrik enerjisi, su təchizatı, habelə sosial və humanitar sahələrdə genişmiqyaslı layihələr reallaşdırılır.

Bütövlükdə, Ermənistanın işğal etdiyi və otuz il ərzində viran qoyduğu ərazilərimizdə 44 günlük Vətən müharibəsindəki Zəfərin ardınca innovativ yanaşmaların tətbiqi ilə həyatı yenidən canlandıran genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycan dövlətinin memarlıq və şəhərsalmaya müfəssəl baxışını aydın nümayiş etdirir.

Şəhərsalma sahəsində Azərbaycanın uğurlu fəaliyyəti beynəlxalq müstəvidə layiqincə qiymətləndirilir. İrimiqyaslı qlobal tədbirlərdən hesab edilən Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının Bakı şəhərində keçirilməsi də ölkəmiz üçün bir sıra istiqamətlərdə mühüm imkan yaradır. Xüsusilə, WUF13 Azərbaycan dövlətinin Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi ən müasir şəhərsalma siyasətinin beynəlxalq ictimaiyyətə təqdimatı baxımından əlamətdar olacaq.

Chosen
18
1
azertag.az

2Sources