EN

Köçəryanın "xilaskar" oyunu: Sabiq prezident Paşinyanı niyə indi hədəfə alıb? – ÖZƏL

"Ermənistanın sabiq prezidenti Robert Köçəryanın 44 günlük müharibə ilə bağlı son açıqlamaları ilk növbədə seçkiöncəsi daxili auditoriyaya hesablanmış siyasi mesaj kimi qiymətləndirilə bilər. Onun "müharibənin 3-4-cü günündən nəticələrin ağır olacağını anlamışdım və prosesə müdaxilə etməyə çalışırdım" fikri reallıqdan daha çox sonradan formalaşdırılmış siyasi mövqe təsiri bağışlayır. Çünki həmin dövrdə Ermənistanda bütün əsas qərarlar birbaşa hökumət və baş nazir aparatının nəzarətində idi və ölkənin rəsmi siyasi kursunu müəyyən edən əsas fiqur Nikol Paşinyan idi." 

Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. Siyasi şərhçi qeyd edib ki, Robert Köçəryan uzun illər Ermənistanın həm siyasi, həm də hərbi elitasında təsir imkanlarına malik olsa da, 44 günlük müharibə dövründə onun rəsmi idarəetmədə iştirak etmədiyi unudulmamalıdır. Bu baxımdan "erkən müdaxilə edə bilərdim" tezisi daha çox özünü alternativ siyasi lider kimi təqdim etməyə hesablanmış yanaşma kimi görünür. Xüsusilə də o dövrdə Ermənistan daxilində ciddi idarəetmə böhranı, orduda koordinasiya problemləri və siyasi xaos mövcud idi. Belə bir şəraitdə keçmiş prezidentin qeyri-rəsmi kanallarla müharibənin taleyinə həlledici təsir göstərə bilməsi inandırıcı görünmür. Digər tərəfdən, Köçəryanın açıqlamalarında diqqət çəkən əsas məqam məsuliyyəti bölüşdürmək cəhdidir. Ermənistan cəmiyyətində 44 günlük müharibənin nəticələrinə görə günahkar axtarışı hələ də davam edir. Köçəryan isə bu bəyanatlarla həm özünü prosesdən kənarda saxladığını göstərməyə, həm də dolayısı ilə Paşinyan hakimiyyətini bacarıqsızlıqda ittiham etməyə çalışır. Bu, Ermənistanda artıq start götürmüş siyasi qarşıdurmanın yeni mərhələyə keçdiyini göstərir. Onun "hakimiyyət mənim əlaqələrimdən istifadə etməyə imkan vermədi" fikri də siyasi ritorika elementidir. Çünki müharibənin taleyi artıq regional və beynəlxalq geosiyasi reallıqlar çərçivəsində müəyyənləşirdi. 

"Hesab edirəm ki, Azərbaycan Ordusunun döyüş meydanındakı üstünlüyü və siyasi rəhbərliyin qətiyyətli mövqeyi fonunda proses təkcə Ermənistan daxilində hansısa siyasi fiqurun müdaxiləsi ilə dəyişəcək səviyyədə deyildi. Bu açıqlamaların Ermənistanda seçkiqabağı atmosferə təsiri isə kifayət qədər ciddi ola bilər. Köçəryan revanşist və radikal elektoratı yenidən öz ətrafında toplamağa çalışır. O, Paşinyanın zəif lider obrazını gücləndirməyə və "təcrübəli dövlət adamı" imici formalaşdırmağa cəhd edir. Bu isə Ermənistan daxilində köhnə hakimiyyət komandası ilə mövcud iqtidar arasındakı qarşıdurmanı daha da sərtləşdirə bilər.
Eyni zamanda, belə bəyanatlar Ermənistan cəmiyyətində revanşist düşüncələrin yenidən qızışdırılmasına xidmət edir. Halbuki regionun ehtiyacı yeni qarşıdurma ritorikası deyil, davamlı sülh və real siyasi məsuliyyət mühitidir. 44 günlük müharibənin nəticələri artıq Cənubi Qafqazda yeni geosiyasi reallıq formalaşdırıb və bu reallığı dəyişmək populist çıxışlarla mümkün deyil", - deyə B.Quliyev əlavə edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
61
olaylar.az

1Sources