EN

“Mikro sənətdən memarlığa” adlı sərgi keçirilib

2026-cı il mayın 18-də “WUF13 Urban Expo”dakı QHT Agentliyinin pavilyonunda, Bakı şəhəri, 18 may 2026-cı il “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində “Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım” İctimai Birliyi tərəfindən qlobal şəhərsalma fəlsəfəsinə yeni baxış bucağı gətirən “Mikro sənətdən memarlığa” adlı tematik sərgi keçirilmişdir. Sərgi, tarixi irsi statik arxiv materialından çıxarıb, müasir şəhərlərin gələcək simasını müəyyən edən dinamik layihə resursuna çevirmək konsepsiyası ilə iştirakçıların böyük marağına səbəb olmuşdur.

 

Tədbir zamanı araşdırmaçı tətbiqi sənət ustası, Azərbaycan Rəssamlar İttifaqının üzvü İsgəndər Sərdarlı ziyarətçilərə yeni şəhərsalma və memarlıq epoxasında xalqların zəngin mədəni irs xəzinəsindəki xarakterik elementlərinin yaşadılmasının həyati vacibliyindən danışmışdır. Sənətkar vurğulamışdır ki, XXI əsr Azərbaycan mücrülərində və el sənəti nümunələrində tətbiq edilən riyazi nisbətlər, ornament simmetriyası və konstruktiv həllər, sadəcə dekorativ obyektlər deyil, gələcəkdə inşa ediləcək irimiqyaslı binaların və şəhər simvollarının konseptual təməli, vizual yol xəritəsidir. Bu yanaşma memarlara tarixi yaddaşın ən kiçik fraqmentini böyük bir şəhərsalma kompleksinin vizual nüvəsinə çevirməyi təklif edir.

 

Adı çəkilən İctimai Birliyin Sənətdə yeni texnologiyalar və innovasiyalar departamentinin rəhbəri, Azərbaycan Rəssamlar İttifaqının üzvü, qrafik dizayner Toğrul Sərdarlı isə sərgi iştirakçılarına ən müasir texnologiyalarla istənilən mədəni irs elementlərini memarlığa transformasiya etmək üçün yaratdıqları xüsusi elmi metodologiyanın mahiyyətindən bəhs etmişdir. T.Sərdarlı rəqəmsal bərpa və yüksək dəqiqlikli 3D mühəndislik vasitəsilə tarixi və dağıdılmış abidələrin "memarlıq genetikası"nın müasir şəhər mühitinə necə uğurla adaptasiya edildiyini və gələcək nəsillərə qüsursuz şəkildə ötürülməsi yollarını əyani şəkildə nümayiş etdirmişdir.

 

Sərgidə formatına görə dünyada yeganə olan “Sərdar Sandıq Mücrü Ocağı”nın təqdim etdiyi institusional model yüksək qiymətləndirilmişdir. Bildirilmişdir ki, itirilmiş qədim incilərin adını və fəlsəfəsini yaşadan bu ocaq, UNESCO-nun mədəni yaddaşın mühafizəsi çağırışlarına və müasir ekoloji, dayanıqlı şəhərsalma tələblərinə verilən ən praktiki cavabdır.

 

“Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım” İctimai Birliyi milli-mədəni irsin, unudulmaqda olan qədim el sənətlərinin qorunması, sənətin yüksək texnoloji (3D mühəndislik, rəqəmsal bərpa) sintezi və beynəlxalq platformalarda təbliği istiqamətində fəaliyyət göstərən, elmi-metodoloji əsaslara söykənən yaradıcılıq və beyin mərkəzidir.

 

Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım İctimai Birliyinin İnformasiya Mərkəzi.

Chosen
35
2
qaziler.az

3Sources