EN

SON DƏQİQƏ! Rusiya nüvə təlimlərinə başladı

Rusiya Silahlı Qüvvələri bu gün gündən etibarən mümkün təcavüz təhdidi şəraitində nüvə qüvvələrinin hazırlanması və tətbiqi üzrə genişmiqyaslı təlimlər keçirir.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mayın 22-dək davam edəcək təlimlərə 64 mindən çox hərbçi cəlb olunub.
 

Nazirliyin açıqlamasına görə, manevrlərdə Strateji Raket Qoşunları, Şimal və Sakit okean donanmaları, Uzaqmənzilli Aviasiya Komandanlığı, həmçinin Leninqrad və Mərkəzi hərbi dairələrinin bir sıra qüvvələri iştirak edir.


Məlumatda qeyd olunub ki, təlimlərin məqsədi rəhbər və əməliyyat heyətinin hazırlıq səviyyəsinin artırılması, tabelikdə olan qüvvələrin idarə edilməsinin təkmilləşdirilməsi, ehtimal olunan düşmənin qarşısının alınması üzrə tapşırıqların icrası zamanı koordinasiya və qarşılıqlı fəaliyyətin yoxlanılmasıdır.

Təlimlər çərçivəsində nüvə qüvvələrinə aid bəzi birləşmə və hərbi hissələrin döyüş hazırlığı vəziyyətinə gətirilməsi, həmçinin Rusiya ərazisində yerləşən poliqonlara ballistik və qanadlı raket buraxılışlarının həyata keçirilməsi planlaşdırılır.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, manevrlərə ümumilikdə 7 800-dən çox silah və xüsusi texnika, o cümlədən 200-dən artıq raket buraxılış qurğusu, 140-dan çox uçuş aparatı, 73 suüstü gəmi və 13 sualtı qayıq cəlb olunub.

Onlardan 8-i strateji təyinatlı raket daşıyan sualtı qayıqlardır.

Bundan əlavə, təlimlər zamanı Belarus ərazisində yerləşdirilən nüvə silahlarının birgə hazırlanması və tətbiqi məsələlərinin də işlənəcəyi vurğulanıb.

Bizim.Media

Chosen
10
bizim.media

1Sources