EN

“Şuşanın dirçəlişi hər bir azərbaycanlıda qürur hissi yaradır” - POLAD BÜLBÜLOĞLU

“Şuşada keçirilən möhtəşəm konsertlər və şəhərin gündən-günə yenilənməsi insanı həqiqətən qürurlandırır. Hər dəfə Şuşaya gələndə yeni küçələrin, yeni evlərin və yeni tikililərin şahidi oluruq. Bu dəyişikliklər hər bir azərbaycanlıda böyük sevinc hissi yaradır”.

SİA xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Polad Bülbüloğlu jurnalistlərə açıqlamasında deyib.

Deputat bildirib ki, Qarabağın dirçəlişi, xüsusilə də Şuşanın sürətli inkişafı olduqca sevindiricidir.

Polad Bülbüloğlu qeyd edib ki, tarixi baxımdan altı il uzun müddət olmasa da, bu qısa dövrdə görülən işlər həqiqətən təsirlidir: “Yeni yollar çəkilir, binalar tikilir, şəhərin infrastrukturu tamamilə yenilənir”.

O vurğulayıb ki, hazırda Şuşada təxminən 1500 nəfərə yaxın əhali yaşayır və sakinlər doğma şəhərlərinə qayıtmağın sevincini yaşayırlar.

Deputatın sözlərinə görə, yaşlı nəslin nümayəndələri uzun illər Şuşanın azad olunacağı günü həsrətlə gözləyiblər və bu arzunun gerçəkləşməsi hər bir azərbaycanlı üçün böyük xoşbəxtlikdir.

Polad Bülbüloğlu əlavə edib ki, Şuşada keçirilən beynəlxalq forumlar və tədbirlər Azərbaycanın dünyada tanıdılması, eləcə də Qarabağda aparılan bərpa-quruculuq işlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Müəllif: Günel Fərzəliyeva
Chosen
50
1
sia.az

2Sources