EN

"WUF13 əhatə dairəsinə görə xüsusi əhəmiyyət daşıyır" - Deputat

“Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası Azərbaycanın beynəlxalq nüfuzunun və qlobal təşəbbüslərdə fəal iştirakının daha bir mühüm göstəricisi kimi diqqət çəkir. COP29-dan sonra ölkəmizdə keçirilən ikinci ən böyük beynəlxalq tədbir olan WUF13 həm iştirakçı sayına, həm də müzakirə olunan məsələlərin əhatə dairəsinə görə xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev açılış mərasimində çıxışı zamanı rekord sayda iştirakçının Bakıya gəlməsini vurğulayaraq, Azərbaycanın artıq beynəlxalq tədbirlərin etibarlı ünvanına çevrildiyini bir daha diqqətə çatdırdı”.

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili qeyd edib ki, WUF13-ün Bakıda keçirilməsi heç də təsadüfi seçim deyil: “Son illərdə Azərbaycanın şəhərsalma siyasətində həyata keçirdiyi ardıcıl və məqsədyönlü fəaliyyət beynəlxalq təşkilatların da diqqətini cəlb edib. Paytaxt Bakının simasında qədimliklə müasirliyin harmoniyası aydın görünür. Tarixi İçərişəhərin qorunması ilə yanaşı, şəhərin müasir memarlıq layihələri əsasında inkişaf etdirilməsi Azərbaycanın milli irsə münasibətinin göstəricisidir. Dövlət başçısının vurğuladığı kimi, bu yanaşma ulu babalarımızdan gələn memarlıq ənənələrinin müasir baxışla birləşdirilməsinin nəticəsidir. Forum çərçivəsində işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma və şəhərsalma siyasətinin beynəlxalq auditoriyaya təqdim olunması da xüsusi əhəmiyyət daşıyır. UN-Habitat ilə birgə keçirilmiş Milli Şəhərsalma forumları, Ağdam, Zəngilan və Xankəndidə keçirilmiş tədbirlər Azərbaycanın postmünaqişə dövründə nümayiş etdirdiyi quruculuq modelinin mühüm elementidir. Uzun illər işğal nəticəsində dağıdılmış şəhərlərin müasir urbanizasiya prinsipləri əsasında yenidən qurulması təkcə infrastruktur layihəsi deyil, həm də milli yaddaşın və tarixi kimliyin bərpasıdır. Bu gün Azərbaycan şəhərsalma sahəsində yalnız region üçün deyil, daha geniş coğrafiya üçün nümunəvi təcrübə formalaşdırır. “Ağıllı şəhər” və “yaşıl enerji” konsepsiyalarının Qarabağ və Şərqi Zəngəzurda tətbiqi ölkənin gələcəyə hesablanmış inkişaf strategiyasını əks etdirir. Prezident İlham Əliyevin çıxışında növbəti nəsillər qarşısında məsuliyyət məsələsinə toxunması da təsadüfi deyildi. Tarixi və memarlıq irsinin qorunması dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi təqdim olunur. Bütün bunlar göstərir ki, Azərbaycan yalnız iqtisadi və siyasi baxımdan deyil, həm də şəhərsalma və mədəni irsin qorunması sahəsində qlobal platformalarda söz sahibi olan ölkəyə çevrilir. WUF13 isə bu reallığın beynəlxalq miqyasda təsdiqi kimi qiymətləndirilə bilər”.

Chosen
14
1
unikal.az

2Sources