EN

WUF13-ün Azərbaycanda keçirilməsi tarixi hadisədir

“Bakı şəhərində Birləşmiş Millətlər Təşkilatının ən nüfuzlu qlobal urbanizasiya platformalarından biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) keçirilməsi tarixi hadisədir. “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan bu beynəlxalq tədbir BMT-nin Məskunlaşma Proqramı - UN-Habitat tərəfindən təşkil edilir və şəhərsalma, dayanıqlı inkişaf, inklüziv yaşayış mühiti kimi qlobal əhəmiyyətli məsələlərin müzakirəsi üçün mühüm platforma hesab olunur”.

Publik.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, WUF13-ün məhz Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun artdığını, qlobal proseslərdə fəal iştirakını və xüsusilə şəhərsalma ilə dayanıqlı inkişaf sahələrində həyata keçirilən siyasətin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini göstərir. Forumun regionda ilk dəfə olaraq Azərbaycanda təşkil edilməsi isə ölkəmizin beynəlxalq əməkdaşlıq və müasir şəhərsalma gündəliyində artan rolunun mühüm göstəricisidir. Tədbirin açılış mərasimində Prezident İlham Əliyevin dediyi kimi, bu qlobal tədbiri təşkil etməklə biz şəhərsalmanın inkişafına böyük sadiqliyimizi nümayiş etdiririk. Bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınır. Eyni zamanda, ölkəmiz sabitlik adası kimi xarakterizə olunur. Məhz bu səbəblərdən də, Azərbaycan mötəbər beynəlxalq tədbirlərin keçirildiyi mərkəzlərdən biridir. Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) Bakıda keçirilməsi qərarı da bu reallıqların əyani nümunəsidir. 2022-ci ildən etibarən ölkəmiz üç Milli Şəhərsalma Forumunu “UN-Habitat” ilə birgə keçirib. Ağdamda, Zəngilanda və Xankəndidə tədbirlər təşkil olunub.

Dövlətimizin başçısı mayın 18-də “Euronews” televiziyasına müsahibəsində də vurğulayıb ki, WUF13-ə ev sahibliyi etmək bizim üçün böyük şərəfdir. “Təbii ki, bu forum bizim üçün indiyədək görülən işlər, gələcək planlarımız barədə auditoriyaya və beynəlxalq ictimaiyyətə məlumat vermək, eyni zamanda, tərəfdaşlarımızın təcrübəsindən yararlanmaq baxımından da bir fürsətdir. Çünki iştirak səviyyəsi, dövlət və hökumət başçılarının sayı göstərir ki, bu gün şəhərsalma məsələləri bir çox dünya liderlərinin diqqət yetirdiyi mövzulardan biridir. Mən çıxışımda da qeyd etdiyim kimi, tarixi və memarlıq irsinin qorunması ilə şəhərlərin müasirləşdirilməsi bir-biri ilə uzlaşmalıdır”,-deyə cənab Prezident bildirib.

Millət vəkilinin sözlərinə görə, dövlətimizin başçısı çıxışında Qarabağın və Şərqi Zəngəzurun 30 ilə yaxın Ermənistanın işğalı altında olduğunu xatırladaraq orada hərtərəfli miqyaslı dağıntılar olduğunu bildirib. Ziyarətçilərin Ağdamı Xirosimaya bənzətdiklərini də vurğulayan Prezident qeyd edib: “Biz onu “Qafqazın Xirosiması” adlandırırıq, çünki şəhər demək olar ki, mövcud deyil”.

Chosen
3
3
publika.az

4Sources