EN

“Bu böhran bizə ciddi təsir göstərmir”

“Təchizat zənciri baxımından bu böhran bizə ciddi təsir göstərmir. Çünki enerji təchizatı və marşrutların şaxələndirilməsi siyasəti bizim üçün bu günün məsələsi deyil. Bu siyasət uzun illərdir həyata keçirilir və tərəfdaşlarımız, eləcə də qonşu ölkələrlə birlikdə neft, qaz, elektrik enerjisi və nəqliyyat bağlılığı üzrə şaxələndirilmiş təchizat sistemi formalaşdırmağa nail olmuşuq”.

Yenilik.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “Euronews”a müsahibəsində deyib.
“Əlbəttə, Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir. Bəziləri yüksək neft qiymətlərinin faydalı ola biləcəyini düşünə bilər. Bəli, elədir. Ancaq eyni zamanda, neft ehtiyatları ilə zəngin olan ölkələrin bir çoxu öz vəsaitlərini istiqrazlara yatırır, bir çoxu isə səhm bazarlarına investisiya edir. Belə qeyri-sabitlik baş verdiyi vaxt fond bazarları aşağı düşür. Nəticədə biz yüksək neft qiymətlərindən müəyyən gəlir əldə etsək də, bazarlarda investisiyalarımızda itki baş verir. Beləliklə, bu, hər kəsə təsir edir.
Lakin öz enerji layihələrimiz baxımından biz təhlükəsiz mövqedəyik. Siz də qeyd etdiyiniz kimi, biz daim diplomatiyanın tərəfdarıyıq. Diplomatiya olmadan biz öz ehtiyatlarımızı bazarlara çıxara bilməzdik. Çünki bunun üçün digər ölkələrin ərazisindən keçmək, qonşularla və qonşuların qonşuları ilə yaxşı münasibətlər qurmaq, çoxtərəfli əməkdaşlıq formatı formalaşdırmaq, istehsalçılar, tranzit ölkələr və istehlakçılar arasında qarşılıqlı uduşlu vəziyyət yaratmaq lazım idi ki, hər kəs qaydalara əməl etsin və gəlir qazansın.
Bu baxımdan düşünürəm ki, Azərbaycanın təcrübəsi faydalı ola bilər. Böhran həll olunduqdan sonra, – bu, tez və ya gec baş verəcək, – yəqin ki, yeni bir vəziyyət yaranacaq. Bir çox ölkələr enerji siyasətlərini və enerji ehtiyatlarının çatdırılması yollarını yenidən nəzərdən keçirəcəklər. Çox güman ki, Azərbaycanın coğrafiyası və mövcud resursları bu gün olduğundan daha çox tələb olunacaq”, – dövlət başçısı bildirib.
Chosen
15
12
yenilik.az

10Sources