EN

Avropa çempionu olan Hüseyn Rzazadə: "Bu nəticəni dünya çempionatında da təkrarlamağa çalışacağam"

Azərbaycanın sərbəst güləşüzrə U-17 millisinin üzvü Hüseyn Rzazadə (48 kq) Avropa çempionatında qazandığı çempionluğu Bakıda keçiriləcək dünya çempionatında da təkrarlamaq istəyir.

"Report"un məlumatına görə, Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlama verən idmançı Bolqarıstanın Samokov şəhərində qazandığı qızıl medal barəsində danışıb.

"Gürcüstan, Türkiyə, Rusiya və Ukrayna güləşçisinə qalib gələrək çempion oldum. Üz-üzə gəldiyim rəqiblər arasında ən güclüsü rus idmançı idi. Qələbəmdə əməyi olan məşqçilərə – Röyal Ağamalıyev, Ceyhun Ağamalıyev, Xəyal Ağamalıyevə, eləcə də Ramal Qəniyevə və Fərid İsmayılova dərin təşəkkürümü bildirirəm. Həmçinin yığma komandanın böyük məşqçisi Əsgərxan Novruzova, məşqçilər Vahid Məmmədov və Yaşar Əliyevə minnətdaram. Bu yolda dəstəyini, dualarını məndən əsirgəməyən valideynlərimə və hər zaman yanımda olan yaxınlarıma təşəkkür edirəm. Qələbəmi şəhidlərimizə və qazilərimizə həsr edirəm. Qarşıda bizi böyük sınaq – dünya çempionatı gözləyir. İnşallah, Avropada qazandığım nəticəni Bakıda keçiriləcək dünya çempionatında da təkrarlamağa çalışacağam", - deyə o bildirib.

İbrahim Həsənov (51 kq) 17 yaşadək güləşçilər arasında debütünün uğurlu olduğunu vurğulayıb:

"Yarış çox yaxşı keçdi. Çox şükür ki, U-17 yaş qrupunda debütümü çempionluqla qeyd etdim. Üstümdə böyük əməyi olan şəxsi məşqçim Rauf Xəlilova və ailəmə dərin minnətdarlığımı bildirirəm. Milli komandanın məşqçilərinə təşəkkür edirəm. İnşallah, eyni nəticəni Bakıda keçiriləcək dünya çempionatında təkrarlamağa çalışacağam. Dünya çempionatında əsas rəqibim amerikalı güləşçi olacaq".

Daha bir qızıl medalçı Nihad Süleymanlı (80 kq) isə mübarizələrin gərgin keçdiyini bildirib:

"İlk qarşılaşmam gürcüstanlı rəqiblə oldu və görüş kifayət qədər ağır keçdi. Hətta yüngül zədələr də aldım. Buna baxmayaraq ruhdan düşmədim. Hədəfim çempion olmaq idi və bu məqsədlə irəliləməyə davam etdim. Daha sonra almaniyalı və macarıstanlı güləşçiyə qalib gələrək yarımfinala yüksəldim. Yarımfinalda rusiyalı idmançı ilə üz-üzə gəldim və şükürlər olsun ki, həmin görüşdə də qalib gəldim. Finalda isə qardaş ölkədən Emirhan Çayırı məğlub edərək çempion oldum. Həlledici görüşə çıxmazdan əvvəl həyəcanlanmayacağımı düşünürdüm. Amma heç də təsəvvür etdiyim kimi olmadı. Çempionluğun taleyini müəyyənləşdirən bu görüşün həyəcanından yan keçə bilmədim. Buna baxmayaraq, sonadək mübarizə apardım və 10:0 hesablı qələbə ilə Samokov arenasında bayrağımızı dalğalandırdım. Qələbəmi ölkəmizə həsr edirəm. Üzərimdə böyük əməyi, zəhməti olan şəxsi məşqçilərim Əlisa Abbasov və Hüseyn Nəsirova, həmçinin millinin məşqçilərinə dərin minnətdarlığımı bildirirəm. Qarşıda Bakıda keçiriləcək U17 dünya çempionatı gəlir. Daha da yaxşı hazırlaşıb, Vətəndə çempion olmaq üçün əlimdən gələni edəcəyəm. Düşünürəm ki, əsas rəqiblər İran və ABŞ təmsilçiləri olacaq. Komanda olaraq çox yaxşı hazırlaşacağıq".

Qeyd edək ki, Azərbaycanın sərbəst güləş üzrə U-17 millisi Avropa çempionatını ikinci sırada bitirib. Böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov, Yaşar Əliyev və Allahverdi Vəliyevin rəhbərliyi altında Hüseyn Rzazadə (48 kq), İbrahim Həsənov (51 kq) və Nihad Süleymanlı (80 kq) Avropa çempionu olub. Rəşid Nazarov (65 kq) gümüş, Tunar Həsənov (45 kq), Abbas Şəfiyev (55 kq) və Hakim Tağıyev (110 kq) isə bürünc medal qazanıb.

Chosen
1
2
far.az

10Sources