Bakı, 19 may, AZƏRTAC
Bolqarıstanın Samokov şəhərində keçirilən U-17 Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın sərbəst güləşçiləri qələbə təəssüratını bölüşüblər.
AZƏRTAC xəbər verir ki, idmançılar bununla bağlı Azərbaycanın Güləş Federasiyasının rəsmi saytına açıqlama veriblər.
Hüseyn Rzazadə (48 kiloqram): “Gürcüstan, Türkiyə, Rusiya və Ukrayna güləşçisinə qalib gələrək çempion oldum. Üz-üzə gəldiyim rəqiblər arasında ən güclüsü rus idmançı idi. Qələbəmdə əməyi olan hər kəsə dərin təşəkkürümü bildirirəm. Qələbəmi şəhidlərimizə və qazilərimizə həsr edirəm. Qarşıda bizi böyük sınaq – dünya çempionatı gözləyir. İnşallah, Avropada qazandığım nəticəni Bakıda keçiriləcək düya çempionatında da təkrarlamağa çalışacağam”.
İbrahim Həsənov (51 kiloqram): “Yarış çox yaxşı keçdi. Şükürlər olsun ki, U-17 yaş qrupunda debütümü çempionluqla qeyd etdim. Üstümdə böyük əməyi olan hər kəsə dərin minnətdarlığımı bildirirəm. Milli komandanın məşqçilərinə təşəkkür edirəm. İnşallah, eyni nəticəni Bakıda keçiriləcək dünya çempionatında təkrarlamaq istəyirəm. Dünya çempionatında əsas rəqibim amerikalı güləşçi olacaq”.
Nihad Süleymanlı (80 kiloqram): “İlk qarşılaşmam gürcüstanlı rəqiblə oldu və görüş kifayət qədər ağır keçdi. Hətta yüngül zədələr də aldım. Buna baxmayaraq ruhdan düşmədim. Hədəfim çempion olmaq idi və bu məqsədlə irəliləməyə davam etdim. Daha sonra almaniyalı və macarıstanlı güləşçiyə qalib gələrək yarımfinala yüksəldim. Yarımfinalda rusiyalı idmançı ilə üz-üzə gəldim və şükürlər olsun ki, həmin görüşdə də qələbə qazandım. Finalda isə qardaş ölkədən Emirhan Çayırı məğlub edərək çempion oldum. Həlledici görüşə çıxmazdan əvvəl həyəcanlanmayacağımı düşünürdüm. Amma heç də təsəvvür etdiyim kimi olmadı. Çempionluğun taleyini müəyyənləşdirən bu görüşün həyəcanından yan keçə bilmədim. Buna baxmayaraq, sonadək mübarizə apardım və 10:0 hesablı qələbə ilə Samokov arenasında bayrağımızı dalğalandırdım. Qələbəmi ölkəmizə həsr edirəm. Üzərimdə böyük əməyi, zəhməti olan məşqçilərə minnətdarlığımı bildirirəm. Qarşıdan Bakıda keçiriləcək U-17 dünya çempionatı gəlir. Daha da yaxşı hazırlaşıb, Vətəndə çempion olmaq üçün əlimdən gələni edəcəyəm. Düşünürəm ki, əsas rəqiblər İran və ABŞ təmsilçiləri olacaq. Komanda olaraq çox yaxşı hazırlaşacağıq”.
Qeyd edək ki, sərbəst güləş üzrə Azərbaycan millisi Avropa çempionatını 3 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurub.