EN

Ermənistanda seçkiöncəsi gərginlik artır

Paşinyan revanşist-millətçi qanadı və xarici güclərin təsiri altında milyarder namizədləri hədələdi: “Roberti də məhv edəcəyəm, kaluqalı oliqarxı da. Mən onları hissə-hissə məhv edəcəyəm. Bəli, hədələyirəm, məhv edəcəyəm”.

Ermənistanda iyunun 7-nə təyin edilmiş parlament seçkiləri yaxınlaşdıqca ölkədə siyasi mühit getdikcə gərginləşir. Mayın 8-dən başlayan təbliğat-təşviqat kampaniyası iyunun 5-dək davam edəcək.Ölkənin ali qanunverici orqanı olan Milli Məclisdəki yerlər uğrunda 17 partiya və 2 blok olmaqla 19 siyasi qüvvə mübarizə aparır. Seçki kampaniyasında iştirak edən baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası, keçmiş prezident Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” bloku, rusiyalı milyarder, “Taşir” şirkətlər qrupunun rəhbəri Samvel Karapetyanın lideri olduğu “Güclü Ermənistan” bloku, ölkənin ən varlı iş adamlarından olan Qaqik Sarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” Partiyası və digər siyasi qüvvələr seçkilərdə qələbə qazanmaq üçün bütün qüvvələrini səfərbər ediblər. Bu səbəbəbdən müxtəlif siyasi partiyalar və bloklar arasında arasında rəqabət pik nöqtsinə çatıb, qarşıdurmalar güclənib, qütbləşmə artıb.

Seçki kampaniyasında iştirak etmək üçün məzuniyyətə çıxan hazırkı baş nazir, “Vətəndaş Müqaviləsi” Partiyasının lideri N.Paşinyan ilk gündən elan etdi ki, onlar üçün prioritet seçkiləri beynəlxalq demokratik standartlar ruhunda keçirmək, Ermənistan xalqının iradəsinin sərbəst ifadəsini təmin etmək və seçicilərin iradəsinə hər hansı qanunsuz təsirin qarşısını almaq olacaq. Partiyanın parlament seçkiləri üçün hazırladığı proqramın əsasını “Real Ermənistan” ideologiyası, Azərbaycanla sülhün institutsionallaşdırılması, regional kommunikasiyaların açılması və Qərblə əlaqələrin dərinləşdirilməsi təşkil edir. 2026-2031-ci illəri əhatə edən proqramda isə hədəflər sülh sazişinin yekunlaşdırılması, delimitasiya prosesinin davam etməsi və Rusiydadan asılılığın azaldılmasıdır. N.Paşinyan bu proqramla sülh dövrünü qorumaq, ölkəni geosiyasi tələlərdən çıxarmaq missiyasını qarşıya qoyduğunu bəyan edib.

Əsas siyasi xətti sülh gündəliyi, iqtisadi islahatlar və avrointeqrasiya üzərində qurulan N.Paşinyan bildirib ki, erməni cəmiyyəti “müvəqqəti durğunluq psixologiyasından” imtina etməli və ölkəni son vətəni kimi qəbul etməlidir. Baş nazirin sözlərinə görə, vətən axtarışı artıq başa çatıb. O, qeyd edib ki, keçmişə yönəlik iddialar ölkənin gələcəyinə mane olur: “Biz öz vətənimizi tapmışıq və bu, Ermənistan Respublikasıdır. Əgər bizim şüuraltımızda daim Vana, Muşa, Qarabağa, Naxçıvana qayıtmaq ideyası olarsa, biz öz ölkəmizi sadəcə bir tranzit məntəqəsi kimi qəbul etməyə başlayacağıq”.

Paşinyan, həmçinin əlavə edib ki, bu yanaşma ölkəni “tranzit nöqtəsinə” çevirir, insanları təhlükəsizlik və sabitlik hissindən məhrum edir. Hökumət rəhbəri Qarabağdan köçən ermənilərə də müraciət edərək, onları Ermənistanda məskunlaşmağa və bu ölkəni özlərinin son yaşayış yeri kimi qəbul etməyə çağırıb.

Qırx dörd günlük İkinci Qarabağ müharibəsinin hüquqi və siyasi nəticələrini qəbul etməyən, Azərbaycana və qardaş Türkiyəyə qarşı müharibə ritorikası ilə tanınan, revanşizmi seçki kampaniyasında əsas alətə çevirməyə çalışan Koçaryandan və 2025-ci ilin iyun ayında vergidən yayınma, çirkli pulların yuyulması, xüsusilə iri məbləğdə əmlakın mənimsənilməsi, eləcə də hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlarda ittihamı ilə həbs olunan və hazırda ev dustaqlığında olan, Paşinyanın “kaluqalı oliqarx” adlandırdığı S.Karapetyandan fərqli olaraq baş nazir bildirib ki, Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması üçün hər hansı “qarant” institutuna ehtiyac görmür.

N.Paşinyan qeyd edib ki, bu məsələdə artıq eyni səhvləri təkrarlamaq niyyətində deyil: “Son nəticədə biz özümüzdən başqalarına qarşı istifadə edilməsinə yol verməməliyik. Eyni zamanda sonradan kənara atılmağımıza səbəb olan qüsurlu dairəni qırmalıyıq”. O, bunun mühüm tarixi və siyasi dəyişiklik olduğunu vurğulayıb.

Ekspertlər bildirirlər ki, iyunun 7-də Paşinyan qalib gəlsə, bu kurs davam edəcək. Əksinə, R.Köçəryan, yaxud S.Karapetyan qalib gələrsə, Ermənistan ikitərəfli danışıqlardan imtina edəcək. Bu isə sülh danışıqlarının yarımçıq qalması, iki ölkə arasında gərginliyin yenidən alovlanması ilə nəticələnəcək.

Seçkiqabağı təşviqat kampaniyasının növbəti günündə baş nazir Nikol Paşinyan hakim “Vətəndaş Müqaviləsi” Partiyasının üzvləri və tərəfdarları ilə birlikdə İrəvanda seçicilərlə görüşüb. Vətəndaşlarla görüş zamanı baş nazirə yaxınlaşan bir qadın onu təhqir etməyə, müxtəlif cinayətlərdə günahlandırmağa, qışqırmağa başlayıb və Paşinyanın vətəndaşları diz çökdürməyə çalışdığını bildirib.

Uzun müddət sakit dinlədikdən sonra özündən çıxan N.Paşinyan qadına cavab olaraq deyib ki, o, vətəndaşları yox, Robert Koçaryanı diz çökdürəcək: “Siz kimi nəzərdə tutursunuz? Əgər siz Robertsinizsə, sizi diz çökdürəcəyəm, Robertinizi diz çökdürəcəyəm, artıq diz çökdürmüşəm, yenə edəcəyəm. Robertiniz həbsxanada oturacaq, onu çökdürəcəyəm. Roberti də məhv edəcəyəm, kaluqalı oliqarxı da”.
Nikol Paşinyan əlavə edib: “Mən onları hissə-hissə məhv edəcəyəm. Bəli, hədələyirəm, məhv edəcəyəm”.

İnanmaq istərdik ki, dərin geosiyasi dəyişikliklər dövründə müərəkkəb seçkiqabağı vəziyyətlə üzləşən Ermənistanda seçicilər-erməni cəmiyyəti ağlını başını toplayıb iyunun 7-də sülhün, əmin-amanlığın və rifahın tərəfdarı olan namizədlərə səs verəcək, regionda yeni müharibə ssenarilərini reallaşdırmağa çalışan məkrli xarici güclərin dəstəklədikləri revanşistləri isə rədd edərək əbədi olaraq tarixin üfunətli zibilliyinə göməcəklər…

Zahid Rza, “İki sahil”

Chosen
49
ikisahil.az

1Sources