EN

Gecə işləyənlərin maaşı belə hesablanır Əlavə haqq almalısınız

ain.az bildirir, Qafqazinfo portalına istinadən.

Təcrübədə müəssisələrdə gecə saatlarında işləyənlər olsa da, onların əməkhaqlarının gündüz işləyənlərdən fərqlənmədiyi hallarına rast gəlinir. Beləliklə, eyni işi yerinə yetirmələri əsas gətirilərək, onlara eyni məbləğdə əməkhaqqı ödənilir. 

Maraqlıdır, bəs qanunvericilik bu barədə nə deyir? 

“Qafqazinfo”nun məlumatına görə, Əmək Məcəlləsinin 166-cı maddəsində bildirilir ki, gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əməkhaqqı Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş həddən aşağı olmamaqla işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir. Nazirlər Kabinetinin 5 aprel 2001-ci il tarixli Qərarında deyilir ki, gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif maaşının 20 faizi, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilir. 

Gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə əməkhaqqının ödənilməsi barədə izahata görə, çoxnövbəli iş rejimi deyildikdə müəssisə, idarə və təşkilatlarda (fasiləsiz iş axını olan istehsalatlar da daxil olmaqla) gün ərzində iki və daha çox növbədə təşkil olunmuş, növbə müddəti 40 saatlıq iş həftəsində 8 saatdan çox olmayan iş rejimi başa düşülür.

Əmək Məcəlləsinə əsasən, saat 22-dən səhər saat 6-ya qədər olan müddət gecə vaxtı sayılır. Bu halda işçilərin iş rejimi növbə cədvəlləri üzrə qurulur və adətən, iş saatları həftələr üzrə bərabər bölüşdürülür.

İş vaxtının ən azı yarısı gecə vaxtına düşən iş növbəsi gecə növbəsi hesab edilir. İş növbəsinin başlanma və qurtarma saatlarından asılı olmayaraq gecə növbəsindən əvvəlki iş növbəsi isə axşam növbəsi hesab edilir. 

Məsələn, fasiləsiz fəaliyyət göstərən müəssisədə işçilər çoxnövbəli iş rejimində çalışırlar. Bu məqsədlə onlarla bağlanılan müqavilədə axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən olunur. Bu halda ilin hər hansı bir ayı ərzində işçi 160 saat işləyib. Bunun 40 saatı axşam, 40 saatı gecə, 80 saatı isə gündüz növbəsində çalışıb. İşçinin aylıq 1000 manat əməkhaqqı almasını nəzərə alanda, işçinin saatlıq tarif  maaşı 6,25 manat təşkil edəcək.

Axşam növbəsinə görə əlavə haqq: (40x 6,25) 20% = 50 manat

Gecə növbəsində işlərə görə əlavə haqq: (40x6,25) 40% = 100 manat

İşçinin maaşı 1000 + 50 + 100 = 1 150 manat təşkil edəcək. 

Digər iş rejimləri (iş gününün hissələrə bölünməsi və s.) çoxnövbəli və ya iki növbəli iş rejimlərinə aid edilmirlər. Belə iş rejimlərində çalışan işçilərə gecə vaxtına düşən iş vaxtının (saat 22-dən sonra) hər saatına görə saatlıq tarif maaşının 20 faizi həddində əlavə haqq verilir.

Ceyhun Həmid

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
95
5
qafqazinfo.az

10Sources