Bəşəriyyətin gələcəyi bu gün yalnız iqtisadi imkanlar, siyasi proseslər və geosiyasi maraqlarla deyil, yaşayış məntəqələrinin necə qurulacağı, insanların hansı mühitdə yaşayacağı, tarixi yaddaşın necə qorunacağı və müasir inkişafın hansı dəyərlər üzərində formalaşacağı ilə də müəyyən olunur. Bu mənada şəhərsalma artıq dövlətlərin mədəni səviyyəsini, idarəçilik modelini, insan amilinə münasibətini və gələcəyə baxışını müəyyən edən əsas strateji istiqamətlərdən hesab edilir.
Məhz belə bir zamanda BMT-nin ən nüfuzlu beynəlxalq platformalarından olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Azərbaycanda keçirilməsi ölkəmizin dünyada artan nüfuzunun, təhlükəsiz və etibarlı tərəfdaş kimi qəbul olunmasının göstəricisidir. Forum çərçivəsində Prezident İlham Əliyev tərəfindən səsləndirilən fikirlər isə şəhərsalma məsələlərinə münasibətdən savayı, həm də Azərbaycanın qədim dövlətçilik ənənələrini, milli-mədəni irsini, müasir inkişaf modelini və gələcəyə baxışını əks etdirən mühüm siyasi strateji mesajlar idi. Dövlətimizin başçısının çıxışı bir daha təsdiq etdi ki, Azərbaycan yalnız enerji resursları və iqtisadi layihələri ilə deyil, həm də şəhərsalma, humanitar əməkdaşlıq, multikultural dəyərlər və davamlı inkişaf sahəsində dünyanın diqqət mərkəzində olan dövlətlərdən birinə çevrilib.
Azərbaycan dünyada tarixən şəhər salan xalq kimi tanınıb. Minilliklər boyu bu torpaqlarda formalaşan şəhər mədəniyyəti, memarlıq məktəbi və urbanizasiya ənənələri xalqımızın yüksək sivilizasiya daşıyıcısı olduğunu sübut edir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, qədim Şamaxı, Gəncə, Naxçıvan, Qəbələ, Şəki kimi şəhərlər böyük mədəniyyət və dövlətçilik mərkəzləri olub. Şamaxıda 743-cü ildə tikilmiş qədim məscid, Naxçıvandakı Möminə Xatun türbəsi, Gəncənin tarixi siması, Qəbələ və Şəkinin qədim abidələri Azərbaycan xalqının memarlıq təfəkkürünün və şəhərsalma ənənələrinin canlı nümunələridir. Bu baxımdan xalqımız şəhər yaradan, şəhər mədəniyyəti formalaşdıran xalq kimi tarixdə iz qoyub.
XIX əsrin ikinci yarısından başlayaraq Azərbaycanda urbanizasiya prosesi yeni mərhələyə qədəm qoydu. Xüsusən Bakının neft sənayesinin inkişafı ilə dünyanın diqqət mərkəzinə çevrilməsi şəhərsalma prosesinə yeni nəfəs gətirdi. Avropa memarlarının Bakıda inşa etdikləri binalar, İçərişəhərlə müasir Bakının harmoniyası, qədimliklə yeniliyin vəhdəti ölkəmizin memarlıq konsepsiyasının əsasını təşkil edir. Prezident İlham Əliyevin sözləri ilə desək "Bakıda qədimliklə yenilik, tarixi irsin qorunması ilə müasirləşmə arasında təbii vəhdət" yarandı.
Bu gün həmin siyasət sistemli, genişmiqyaslı və məzmunlu şəkildə davam edir. Daha dəqiq desək, ölkəmizdə müasirləşmə tarixi yaddaşın qorunması ilə paralel aparılır. Prezident çıxışında Bakıdakı İçərişəhər, Qız qalası və Bakı bulvarı kimi məkanları təsadüfən xüsusi vurğulamadı. Bu nümunələr müasir tikililərlə birlikdə Azərbaycan dövlətinin milli-mədəni irsə münasibətinin göstəriciləridir.
Bu istiqamətdə həyata keçirilən tədbirlərin müəllifləri isə Prezident İlham Əliyev və Mehriban xanım Əliyevadır. Son illər Azərbaycanda aparılan genişmiqyaslı abadlıq işləri, şəhərsalmada yeni mərhələnin başlanması, park və bulvarların, yeni yaşayış massivlərinin salınması, tarixi abidələrin bərpası, müasir infrastruktur layihələrinin icrası birbaşa dövlət başçısının və Birinci vitse-prezidentin diqqət və nəzarəti altında həyata keçirilir. Onu da xüsusi qeyd etmək yerinə düşər ki, ölkəmizdə şəhərsalma siyasəti, sadəcə, tikinti və abadlıq anlayışı daşımır. Bu siyasətin əsasında insan amili, rahat yaşayış mühiti, milli kimliyin qorunması və müasir şəhər idarəçiliyi dayanır. Dövlətimizin başçısının 2026-cı ili "Şəhərsalma və Memarlıq İli" elan etməsi də bu sahəyə verilən strateji əhəmiyyətin göstəricisidir.
İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri müasir şəhərsalma tarixinin unikal nümunəsi kimi qiymətləndirilir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Ermənistan tərəfindən viran qoyulmuş şəhərlər, o cümlədən Ağdam beynəlxalq müşahidəçilər tərəfindən "Qafqazın Xirosiması" adlandırılıb. Lakin cəmi 5 il ərzində həmin ərazilərdə nəhəng quruculuq proqramı həyata keçirildi. Artıq Ağdamı yeni şəhərsalma mədəniyyətinin nümunələrindən biri kimi dəyərləndirsək, səhv etmərik. Qarabağın incisi Şuşa yenidən qurulur, qədim qala divarları və tarixi abidələr bərpa edilir, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Füzulidə, Ağdərədə, Zəngilanda "ağıllı kənd" və "ağıllı şəhər" layihələri həyata keçirilir. Müasir texnologiyalar, "yaşıl enerji", ekoloji yanaşma və innovativ idarəetmə prinsipləri bu layihələrin əsasını təşkil edir.
Artıq keçmiş məcburi köçkünlər doğma torpaqlarına qayıdır, yaşayır, işləyir və təhsil alırlar. Yeni məktəblər, xəstəxanalar, hava limanları, yollar, körpülər, tunellər və sənaye zonaları Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi nəhəng şəhərsalma konsepsiyasının tərkib hissəsidir.
Bu gün Azərbaycanın unikallığı yalnız şəhərsalma sahəsində deyil. Dünyada müharibələrin, qarşıdurmaların və siyasi gərginliyin artdığı bir dövrdə ölkəmiz qlobal əməkdaşlıq və dialoq məkanına çevrilib. Qısa müddət ərzində BMT-nin COP29 və WUF13 kimi nəhəng beynəlxalq tədbirlərinin Bakıda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir. WUF13 Forumunda 182 ölkədən 45 mindən çox iştirakçının qeydiyyatdan keçməsi Azərbaycanın beynəlxalq etimad qazandığını bir daha nümayiş etdirir. Bu gün Bakı dünyanın mühüm beynəlxalq tədbirlər keçirilən mərkəzlərindən birinə çevrilib.
Azərbaycan coğrafi baxımdan böyük əraziyə malik dövlət olmasa da, siyasi çəkisi, iqtisadi gücü və beynəlxalq proseslərə təsir imkanları ilə seçilən nüfuzlu bir dövlətdir. Ölkəmiz dünyada həm də enerji təhlükəsizliyi məsələlərinin müzakirə olunduğu əsas platformalardan biri kimi tanınır. Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan eyni zamanda nəqliyyat-logistika layihələri, humanitar əməkdaşlıq, multikulturalizm və beynəlxalq dialoq sahəsində də mühüm təşəbbüslərlə çıxış edir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan həm qədim tarixini qoruyan, həm də gələcəyin modern şəhərlərini quran dövlət modeli ortaya qoyur. WUF13 çərçivəsində səsləndirilən fikirlər bir daha göstərir ki, Azərbaycan yalnız öz şəhərlərini yenidən qurmur, eləcə də regionun gələcək inkişaf modelini formalaşdırır.
Elşən QƏNİYEV,
"Azərbaycan"