EN

Pul xatirinə alçaqlıq etməyə ehtiyac yoxdur... Balzakın Qobsek novellasından bir hissə

Kulis.az saytından alınan məlumata görə, ain.az bildirir.

Bu gün görkəmli fransız yazıçı Onore de Balzakın doğum günüdür.

Kulis.az onun "Qobsek" novellasından bir hissəni Mikayıl Rəfilinin tərcüməsində təqdim edir.

Mən onun üzünə baxdım. Bir baxışla mən hər bir şeyi başa düşdüm. Bu, yoxsulluqdan çalışmağa məhkum edilmiş bir qız idi; o, hər halda ehtiramlı bir fermer ailəsindən çıxmış olacaqdır; üzündə adətən kəndli arvadlarında olduğu kimi, bir neçə çil var idi. Üzünün xətlərində ismətli bir şey hiss olunurdu. Mən özümü səmimiyyət və təmizlik məskənində hiss etdim, sərbəst və asan nəfəs alırdım. Yazıq və sadədil qız! O, nəyə isə etiqad edirdi: rənglənmiş taxtadan qayrılmış sadəcə çarpayısının baş tərəfindən, iki şimşad budağı ilə İsanın Çarmıxdakı surəti asılmışdı. Mən xeyli mütəəssir oldum. Gəlirli bir müəssisəni satın almağı onun üçün asanlaşdırmaq məqsədilə, yalnız yüzə on iki faizlə ona borc verməyə hazır olduğumu hiss etdim.

"Lakin, - deyə düşündüm, - bəlkə də, onun gənc bir əmi oğlusu var. Bu zavallı qızın imzasından istifadə edərək pul ələ keçirməyə başlayacaq və nəhayət, onu məhv edəcəkdir".

Mən dəfələrlə, xeyirxahlığın, bunu edən üçün zərərli olmasa da, borc alan adamı məhv etdiyini görmüşdüm. Odur ki, öz alicənab niyyətlərimdən qorxaraq, buradan getməyə qərar verdim. Siz buraya daxil olduğunuz vaxt, ağlıma belə bir fikir gəldi ki, Fanni Malvo yaxşı bir zövcə ola bilərdi. Mən onun pak, yalnız həyatını, veksellərə qədər yuvarlanan və daha uzaqlara, qəbahət uçurumunun dibinə qədər yuvarlanacaq olan, qrafinyanın həyatı ilə müqayisə etdim. O, bir dəqiqə dərin bir sükuta daldı. Bu zaman mən diqqətlə onun üzünü nəzərdən keçirirdim.

Sonra yenə sözə başlayaraq: - İndi, - dedi, - siz nə fikirdəsiniz, insan qəlbinin ən gizli bucaqlarına nüfuz etmək, insanların həyatını yaxından seyr etmək və onu boyasız-bəzəksiz bir şəkildə görmək o qədər də boş bir məşğələ deyil, eləmi? Daima dəyişən bir tamaşa: iyrənc və zəhərli yaralar, müdhiş bir ələm, sevgi, axırı Sena sularında intihara gəlib çıxan bir yoxsulluq, bir gənci dar ağacına sürükləyən əyləncələr və ümidsizlik qəhqəhəsi, ehtişamlı ziyafətlər... Dünən bir faciə: mehriban bir ata öz uşaqlarını artıq dolandıra bilmədiyi üçün özünü asır.

Sabah bir komediya: bir gənc mənimlə Dimanşi səhnəsi oynamağa çalışaraq, bunu zəmanəmizə görə dəyişir. Yeni vaizlərin natiqlik məharətinin necə tərifləndiyini eşitmişsinizmi? Bəzən onlara mən də qulaq asaraq vaxtımı itirirdim, bəzən onlar məni rəyimi dəyişməyə məcbur edirdilər, lakin necə deyirlər, onlar heç bir zaman mənim hərəkət və rəftarımı dəyişə bilməzdilər. Bilirsinizmi, sizin bütün bu sevimli vaizləriniz, bu Mirabo, Vernyo və başqaları - mənim natiqlərimin yanında pəltəkdən başqa bir şey deyildirlər.

Sevgi atəşinə tutulmuş gənc bir qız, iflas ərəfəsində olan qoca bir tacir, oğlunun cinayətini gizlətmək istəyən bir ana, işsiz bir aktyor, hörmətini itirmiş və pulu olmadığından əməklərinin məhsulundan məhrum qalmış olan yüksək rütbəli bir adam - dəfələrlə məni öz qüdrətli sözlərilə sarsıtmışlar. Bu yüksək ruhlu aktyorlar yalnız mənim üçün oynayırdılar, lakin məni aldada bilmirdilər. Mənim baxışım tanrının baxışı kimi bir şeydir.

Mən insanların qəlblərindəkini oxuyuram. Mənim üçün heç bir şey gizli deyildir. Puł kisəsini açan və bağlayan adam üçün heç bir şeydə "yox" cavabı ola bilməz. Nazirləri idarə edən dəftərxana xidmətçilərindən başlayaraq, məşuqələrinə qədər hökm edənlərin vicdanını satın almaq üçün mən kafi dərəcədə varlıyam. Əcəba bu, hakimiyyət deyilmidir?

Mən ən gözəl qadınlara hakim olmaq və onların nazlı nəvazişlərini duymaq iqtidarındayam. Əcəba nəşə bu deyilmidir? Hakimiyyət və nəşə - bütün ictimai quruluşumuzun zirvəsi bu deyilmi? Bizim kimiləri Parisdə olsa-olsa on nəfərdir. Lakin dilsiz, susqun və tanınmayan bizlər sizin müqəddəratınızın amirləriyik. Bəs həyat?

Əcəba həyat, hərəkəti pulla idarə olunan bir maşın deyilmidir? Biliniz ki, səbəb hər zaman nəticəyə çevrilir: siz heç bir zaman can və vücud, ruh və maddə arasında hüdud cıza bilməyəcəksiniz.

Qızıl - sizin həyatı idarə edən siniflərinizin mənəvi fəlsəfəsidir. Biz eyni maraqlarla bir-birimizə bağlıyıq.

Biz həftənin müəyyən günlərində yeni körpü yaxınlığındakı "Femida" kafesinə toplaşırıq. Biz orada bir-birimizə maliyyə aləminin sirlərini açırıq. Heç bir sərvət bizi aldada bilməz. Bütün ailələrin sirri bizim əlimizdədir. Bizim əlimizdə bir növ qara bir kitab vardır ki, ictimai kredit, bank ticarət haqqındakı ən mühüm məlumatı buraya qeyd edirik. Birja fırıldaqçıları olan bizlər elə bir müqəddəs ittifaq təşkil etmişik ki, orada az-çox sərvəti olanların ən əhəmiyyətsiz hərəkətləri belə müzakirə və müqayisə edilir. Həm də biz hər zaman hər bir şeyi düzgün təhlil edirik. Biri məhkəmə prosesinə, digəri maliyyə işlərinə, o birisi - inzibati idarələrə, dördüncü isə ticarətə nəzarət edir.

Oğullar, rəssamlar, yüksək cəmiyyət adamları, Parisin ən nadinc sakinləri olan qumarbazlar da mənim nəzarətim altındadır. Hər birimiz qonşumuzun sirrini xəbər veririk. Aldanmış ehtiraslar, aldanmış şöhrətpərəstlik - çərənçi olur.

Qəbahətlər, narazılıqlar, intiqam hissləri - polis idarəsinin ən yaxşı agentləridir. Mənim peşə yoldaşlarım da mənim kimi, hər şeyin ləzzətini çəkmiş, hər şeydən doymuş və nəticədə hakimiyyət və pul xatirinə hakimiyyət və pulu sevməyə başlamışlar. Sonra boş və soyuq otağını göstərərək:

- Burada, - dedi, - başqalarının yanında bir sözlə özündən çıxan, boş bir şey üçün qılıncını siyirən ən çılğın bir məşuq, qollarını büküb dəli kimi mənə yalvarmağa başlar. Ən vüqarlı bir kommersant, gözəlliyindən məğrur bir qadın, təşəxxüslü bir zabit - hər kəs burada əzab, yaxud acı göz yaşlarilə ağlayaraq yalvarırlar. Adları gələcək nəsillərin dilində əzbər olacaq bir rəssam və ədib burada yalvarmağa başlar. Nəhayət, burada, - dedi və əli ilə alnına toxundu, - burada bir tərəzi var ki, bununla bütün Parisin irs və mülk işləri çəkilir. Sonra gümüşə çalan göyümsov, solğun üzünü mənə doğru uzadaraq əlavə etdi:

- Siz yenə də bu fikirdəsiniz ki, hərəkətsizliyi ilə sizi hər zaman heyrətə salan bu ağ və solğun maskanın altında sevinc yoxdur? Mən öz otağıma qayıdanda lap sərxoş kimi idim. Bu balaca boylu, quru vücudu qoca gözlərimin qarşısında böyümüş idi. O, mənim gözlərimin qarşısında, qızılın hökmünü təcəssüm etdirən fantastik bir xəyala çevrilmişdi. Həyat və insanlar məndə dəhşət oyadırdılar. Öz-özümə soruşurdum: "Doğrudanmı, hər bir şeyi həll edən puldur!" Xatirimdədir, o gecə mən çox gec yatdım. Ətrafımda qızıl yığınları görürdüm. Gözəl qrafinya məndə maraq oyatmışdı. Utana-utana etiraf etməliyəm ki, qrafinyanın fikri, zəhmət və məchuliyyətə məhkum edilmiş sadə və ismətli qızın xəyalını büsbütün mənə unutdurmuş idi. Lakin səhər tezdən oyanar-oyanmaz mehriban və nazlı Fanninin xəyalı gözlərimin qarşısında bütün gözəlliyilə canlandı. Artıq yalnız onu düşünməyə başladım... Vikontessa Dervilin sözünü kəsərək:

- Şərbət içmək istəyirsinizmi? - deyə soruşdu.

- Məmnuniyyətlə, - deyə o cavab verdi.

Madam Qranle zəngi çalaraq:

- Lakin, - dedi, - zənnimcə bütün bunların bizə dəxli yoxdur.

Dervil: - Lənət şeytana! - deyə bağırdı. - Mən Kamillanı oyatmaq və səadətinin bir az əvvəl Qobsek babadan aşılı olduğunu ona söyləmək istəyirdim; lakin bu möhtərəm qoca səksən doqquz yaşında ikən öldüyü üçün de Resto yaxın zamanda böyük bir sərvət sahibi olacaqdır. Bu, izah tələb edir. Fanni Malvoya gəlincə, siz onu tanıyırsınız: o mənim arvadımdır. Qrafinya:

- Biçarə, - dedi, - adətən ürəyi açıq olduğundan, böyük məclislərdə belə bunu etiraf etməyə hazırdır. Vəkil: -- Mən bu barədə bütün dünyaya car çəkə bilərəm, - dedi. - İçiniz, içiniz, mənim yazıq Dervilim. Siz hər zaman ən xoşbəxt və ən yaxşı adam olacaqsınız. Bir az mürgüləmiş olan dayı başını qaldıraraq:

- Mən sizi Gelder küçəsində bir qrafinyanın yanında buraxdım, - dedi, - siz orada nə edirdiniz?

Dervil yenə sözə başlayaraq:

- Qoca hollandiyalı ilə olan söhbətimizdən bir neçə gün sonra mən diplom əsərimi müdafiə etdim, - dedi. - Mən lisensiat dərəcəsini, sonra isə vəkil adını aldım.

Qoca xəsisin mənə olan etimadı daha da artdı. O, dolaşıq işlərində pulsuz olaraq mənimlə məsləhətləşərdi; bu işlər hansı bir hüquqşünasa olduqca şübhəli görünə bilsə də, şəksiz sənədlər əsasında idi. Kimsənin zərrə qədər təsir edə bilmədiyi bu adam, mənim məsləhətlərimə müəyyən bir ehtiramla qulaq asardı.

Doğrudur, o bu məsləhətlərdən hər zaman çox ustalıqla istifadə edərdi. Nəhayət, üç il xidmət etdiyim bir idarənin müdiri təyin olunduğum gün, mən Qre küçəsindəki evi tərk edərək, mənə mənzil, yemək və yüz əlli frank maaş verən sahibkarımın evinə köçdüm. Bu, məsud bir gün idi. Qoca sələmçi ilə vidalaşdığım zaman, o mənə qarşı nə şəfqət, nə narazılıq göstərmədi, o məni onu ziyarət etməyə məcbur etmirdi, lakin mənim üzümə qeybdən xəbər verən bir adam nəzərilə baxmışdı. Bir həftə sonra qoca qonşum yanıma gəldi və mənə xeyli ağır bir mülk işi gətirdi; o yenə də haqqını verən bir adam kimi sıxılmadan, əvvəlki kimi məndən pulsuz məsləhətlər alırdı. İkinci ilin sonunda, yəni min səkkiz yüz on doqquzuncu ildə, mənim sahibkarım kef çəkməyi sevən və yaman israfçıl bir adam olduğundan, çətin vəziyyətə düşərək, idarəsini satmağa məcbur oldu. O zaman vəkillik haqqı indiki kimi həddindən artıq bahalı olmasa da, o yenə də öz idarəsini yüz əlli min franka satırdı. Fəal, oxumuş, bilikli bir adam yalnız etimad və etibar qazana bilsəydi, yaxşıca dolanar, bu məbləğin faizlərini verər və on il ərzində borcundan qurtula bilərdi.

Lakin mən xırda Noyon burjuasının yeddinci uşağı idim, bir quruşluq mayam belə yox idi, tanıdığım bir kapitalist vardısa, o da Qobsek baba idi.

Şan-şövkət arzusu və bir ümid işığı mənə onun yanına getmək üçün cəsarət verdi. Nəhayət, bir axşam yavaş addımlarla mən Qre küçəsinə çatdım. Qaranlıq evin qapısını döydüyüm zaman qəlbim bərk-bərk çırpınırdı.

Vaxtilə bu qoca xəsisin mənə söylədiklərini bir-bir xatirimə gətirdim. O zaman bu qapının astanasından başlayan müdhiş iztirabları təsəvvürümə gətirə bilməzdim. İndi isə bir çox başqa adamlar kimi, mən özüm də yalvarmağa gəlmişdim. Öz-özümə dedim ki, yenə də belə deyil. Həqiqi adam heç bir yerdə öz ləyaqətini itirməməlidir. Pul xatirinə alçaqlıq etməyə ehtiyac yoxdur; biz də onun kimi ağlımızı başımızda saxlamalıyıq.

"Qınadığım şeylərə qarşı məndə maraq oyatmağa haqqınız yoxdur..." - Floberin "Hisslərin tərbiyəsi" romanından sitatlar

Bütün unudulmuş əlifbalarla susdum sənə... - Səbinə Xasıyevanın şeirləri

O yay yadındamı, mənim mələyim? - Bodler

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
9
kulis.az

1Sources