EN

XIX əsrin sonu XX əsrin əvvəlində Bakıda memarlığın intibahı

ain.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Azərbaycanın Rusiya tərəfindən ilhaq edilməsi, ölkənin şəhərsalma və memarlığının inkişafında da yeni mərhələnin əsasını qoydu. Bu, xüsusən XIX əsrin ikinci yarısında Azərbaycanın kiçik şəhər-qalalarından birinin inqilabdan əvvəlki Rusiyanın böyük sənaye mərkəzinə çevrilməyə başladığı dövrdə baş verdi. Feodal qapalılığını ləğv edən və daha qabaqcıl şəhərsalma prinsiplərini irəli sürən kapitalizm sisteminin mənfi tərəflərinə baxmayaraq, bu dövrün şəhərsalma prosesinin bütün mərhələləri Bakının planlaşdırmasında və bir sənaye şəhəri kimi inkişafında öz əksini tapdı.

Doğrudur, XIX əsrin sonu – XX əsrin əvvəllərində Bakı memarları tərəfindən yaradılan irsin müasir Bakı memarlığının aktiv elementi olması üçün Sovet Azərbaycanın memarları da çox böyük işlər görüblər. 100 ildən çox müddətdə (1806–1918) Bakı sənaye şəhəri kimi inkişaf edirdi. Bu illərdə sosializm yenidənqurması üçün də mühüm rol oynamış şəhərin planlaşdırmasını həyata keçirən yeni təşkilat yaradıldı. Lakin Bakının planlaşdırılmasında əhəmiyyətli rol oynayan bu təşkilat şəhərin inkişafının ana xətlərinin, ümumiyyətlə, şəhərsalmanın qaydaların yaxşı icra etməmişdir. Belə ki, dövrün mövcud şəhər sahələri əməli faydaları ilə yanaşı, diqqətçəkən gözəl memarlıq elementlərindən ola bilmədilər. Şəhər planında onların dəyərinin lazımınca qiymətləndirilməməsinə səbəb müvafiq abadlığın olmaması idi. “Teatralnaya”, “Birjevaya”, “Kubinskaya”, “Marinski bağçası”, “Parapet” və s. kimi şəhər sahələri və bağları yalnız sosializmin yenidənqurma fəaliyyətindən sonra şəhərsalma mədəniyyətinin tərkib hissəsinə çevrildilər.

Şəhərin sürətli inkişaf dövründən miras qalmış memarlıq nümunələri müstəqillik illərində də özünün “ikinci baharını” yaşamış və bu gün də Bakının planlaşdırmasında böyük qayğı ilə qorunmaqdadır. Eyni zamanda, formalaşmış şəhər orqanizminin bütövlüyünü qorumaq məqsədilə onun tarixi məhəllələrinin memarlıq və şəhərsalma irsi, yenidənqurma prosesində də həssas yanaşma və diqqət tələb etmişdir.

1859–1918-ci illər Bakının ikinci quberniya şəhəri olduğu və inqilabdan əvvəlki Rusiyanın böyük sənaye mərkəzlərinin sırasına qatıldığı vaxtlardır. Bu zaman şəhər artıq sənaye artımına görə Orta və Yaxın Şərqin paytaxt şəhərlərini, əhali artımına görə isə dünyanın böyük şəhərlərini geridə qoymuş, şəhərsalma cəhətdən isə həm inkişaf xarakterinə, həm də planlaşdırma məzmununa görə daha dolğun olmuşdur.

Bu fakt onu deməyə əsas verir ki, XIX–XX əsrlərdə Bakının bənzərsiz şəhərsalma tarixi olmuşdur. Türkmənçay müqaviləsinin imzalanmasından sonra yeni sosial-iqtisadi və siyasi şəraitdə dinc tikinti işləri başlandı. Bakı sürətlə kapitalizm dövrünə daxil oldu. Bu, şəhərin böyüməsinə təkan verdi və fərqli bədii-memarlıq qaydalarına malik yeni növ binaların tikintisinə gətirib çıxardı.

Bakı Xəzər dənizində ən yaxşı liman şəhəri olmaqla Rusiyanın Qacarlar dövləti ilə ticarətində mühüm rol oynayırdı. Bu ticarətdə Xəzər dənizi sahillərində yerləşən bölgələr də fəal iştirak edirdilər.

1806-cı ildə Bakı xanlığı Rusiya tərəfindən işğal olunduqdan sonra onun memarlıq sahəsində inkişafında yeni mərhələ başlandı. 1859-cu ildə Bakı qəzası Bakı quberniyasının mərkəzinə çevrildi. Yaxın və Orta Şərq ölkələri, Orta Asiya və Rusiya ilə ticarət əlaqələrini inkişaf etdirmək üçün dəniz kənarında yerləşən Bakının rahat buxtası vardı. Şəhərin yerləşdiyi coğrafi mövqeyi şəhər ərazisinin genişlənməsi və inkişafı üçün əlverişli idi. XIX əsrin ikinci yarısından başlayaraq Abşeron neft yataqlarının plana uyğun istehsalı dövründəki Bakı, nəinki Çar Rusiyasının, hətta bütün dünyanın ən iri sənaye və iqtisadi mərkəzinə çevrilməyə başladı. 1872-ci ildə iltizam sistemi ləğv edildikdən sonra Bakı neft sənayesi və buna uyğun olaraq şəhər sürətlə inkişaf etməyə başladı. Görkəmli Azərbaycan maarifçi-demokratı Həsən bəy Zərdabi Bakının həmin dövrünü qələmə alarkən yazırdı ki, “...hər tərəfdən bura kapital və bilik axmağa başladı və keçmiş inzibati sürgün yerində həyat qaynadı”.

Artıq 1894-cü ildə Bakıda neft hasilatı 340 milyon puda çatdı və bu göstəriciyə görə Amerikada ilə bərabərləşdi. Sonrakı illərdə isə onu ötüb keçdi. Yəni 1850-ci illə müqayisədə, XIX əsrin sonunda Bakıda neft hasilatı 1500 dəfə artmışdı. Bu da şəhərin inkişafında həlledici bir amilə çevrildi.

XIX əsrin sonuna yaxın Bakının neft sənayesi öz inkişafının ən yüksək pilləsinə qalxdı və neft hasilatı üzrə dünyada birinci yerə çıxdı. Qısa müddətdə Bakıda neft sənayesi kapitalist təşkilinin aşağı formasından inhisarçı birliyin yüksək formalarına kimi təkamül yolu keçdi. Bakı şəhəri böyük templə inkişaf edirdi. Şəhərin sənaye inkişafı və ərazisinin genişlənməsi tempi, Rusiya imperiyasının bir çox böyük şəhərləri ilə müqayisədə, daha irəlidə idi. 1923-cü ildə tədqiqatçı V.Surikov yazırdı: “Bakı Amerika tərzi şəhər sayılır, yəni onun inkişaf intensivliyi Amerikanın iri şəhərlərinin inkişafı kimi başgicəlləndiricidir”. Həmin dövrün şəhərsalma tələblərinə cavab verən iqlim və topoqrafik xüsusiyyətləri nəzərə almaq, artıq yaranmış hissələri nizamlamaq və yeni layihələndirilən məskunlaşma rayonlarını inkişaf etdirmək üçün şəhərin baş planının hazırlanmasına ehtiyac var idi.

Bakının memarlığının planlaşdırmasında yeni mərhələ 1878-ci ilə aiddir. Həmin illərdə hazırlanmış plan Bakı şəhərinin memarı O.Porfirovun yekun rəyi əsasında qəbul edilmişdi. Bu plan şəhərin qərb hissəsinin inkişafı baxımından, peşəkarcasına işlənib hazırlanmış yeganə baş plan idi. Planda nəzərdə tutulan layihələrdə şəhəri məhəllələrə bölməklə ərazinin genişləndirilməsi və yerli xüsusiyyətlər, mövcud tikililər nəzərə alınırdı. Bu plan layihə sənədi kimi hüquqi qüvvəyə malik olmasa da, sonrakı tarixlərdə ondan istifadə olunmuşdur. Artıq həmin dövrdə Bakıda tikilən məhəllələrin sayı artaraq Bayılda 20-ə, Qara şəhərdə 30-a çatmışdı. 1878-ci ildə Bakının ərazisi Qara şəhər və Bayıl istiqamətində genişlənməklə 250 hektara çatmışdı. Bu qısa müddətdə – 15 il ərzində Bakıda tikinti işləri 3 dəfə artmışdı və bu artım tempi Rusiya İmperiyasının şəhərləri üçün qeyri-adi idi.

Bakının sürətli inkişafı, şəhərin limanının artmaqda olan rolu, onun quberniya mərkəzinə çevrilməsi və qalanın hərbi məntəqə kimi öz rolunu itirməsinə digər amillər də öz təsirini göstərdi. Məhz həmin dövrdə Bakı şəhərinin bu günə qədər qorunub saxlanmış spesifik rayonlaşdırılması, inzibati-ictimai mərkəzin və şəhərin kənar hissələrinin – Canubda Bayıl və Şərqdən Qara şəhərin formalaşmasına səbəb oldu. Beləliklə, qeyd etdiyimiz dövrdə Böyük Bakının əsası qoyuldu.

Şəhərin ərazisi genişlənir, yeni rayonlar yaranır, bununla bərabər mərkəzi yerlər arasındakı uyğunsuzluq meydana çıxırdı. Bakı şəhər Duması mərkəzin abadlaşdırılmasına diqqət yetirsə də, ətraf rayonlar bu diqqətdən kənarda qalırdı.

1880-ci illərin əvvəllərində Bakının şimal-şərq hissəsində məskunlaşma ərazisi və sənaye zonaları arasında iri yaşıl massivlərin yerində dəmir yolu vağzalının binası tikildi. 1883-cü ildə Bakı-Tiflis dəmir yolunun istifadəyə verilməsindən sonra küçələrin istiqaməti dəyişdi. Bakının şərq hissəsində vağzal sənaye zonası və Abşeronla əlaqə yaradan əhəmiyyətli küçələr salındı. Bunlardan biri indiki 28 May (keçmiş “Telefon”) küçəsi, 1893-cü ildə İsa (“Romanov”) küçəsi idi. Burada əsas etibarilə nəqliyyat kantorları və topdan satış ticarət müəssisələri yerləşirdi.

1870-ci ildə Dövlət Şurasının “Şəhər əsasnaməsi” təsdiq edildi. Bu əsasnamə Mərkəzi Rusiyaya nisbətən Cənubi Qafqazda gec tətbiq edildi. 1878-ci ildə şəhər özünüidarə islahatı Azərbaycan şəhərləri içərisində yalnız Bakıda tətbiq edildi. Bu islahatın tətbiq edilməsinin şəhər idarəçiliyində böyük əhəmiyyəti var idi. Belə ki, şəhər despotik polis idarəçiliyindən azad olub, seçkili və kollektiv idarəçiliyə keçdi. Amma buna baxmayaraq, şəhər başçısı vəzifəsinə, bir qayda olaraq, qeyri-azərbaycanlılar seçilirdilər.

Şəhər Dumasının Bakının abadlaşdırılması istiqamətində göstərdiyi fəaliyyət sahələrindən biri də dənizkənarı bulvarın salınması ilə əlamətdar oldu. Bakıda dənizkənarı bulvarın əsası 1865-ci ildə memar Qasım bəy Hacıbababəyov tərəfindən qoyuludu. XX əsrin əvvəllərindən etibarən Bakının şəhərsalma strukturunun inkişafında, şəhərin planlaşdırılmış bütöv orqanizm kimi formalaşmasında Qasım bəy Hacıbababəyov, N.A.fon der Nonne və M.H.Hacınski kimi şəhərsalma mütəxəssisləri və memarlar çox böyük rol oynamışlar.

Neft sənayesinin inkişafı nəticəsində Bakı şəhəri artıq böyük ticarət limanına çevrilmişdi. 1902-ci ildə Duma Bakının dənizkənarı şəhər kimi, sahil zolağında çoxsaylı körpülərin olduğunu nəzərə alaraq, dənizkənarı ərazidən əhaliyə bulvar şəklində bir pay ayırmağı nəzərə almışdı. Şəhər idarəsinin üzvü M.H.Hacınski bundan istifadə edib 1909-cu ildə bu ərazidə Bulvarın salınması təşəbbüsü ilə Dumada çıxış etdi. Onun çıxışından sonra Bulvarın tikintisi üçün 10 min rubl ayrıldı. Bu, o dövr üçün çox böyük vəsait idi.

Şəhərin baş planının inkişafının bütün mərhələlərinin fərqləndirici xüsusiyyətləri varislik, şəhərsalma məsələsinin həllinə səmərəli yanaşma və düzgün qiymətləndirmə təşkil edirdi. Çünki hər plandan hər hansı bir kənara çıxma xərclərin artmasına səbəb olurdu. Şəhər yüz il boyunca ictimai xarakterli yaşıllığın yaradılması uğrunda inadla mübarizə aparırdı. Baha başa gələn yaşıllıqların suvarılması kifayət qədər olmasa da, yerli su mənbələrinin hesabına həyata keçirilirdi. Buna baxmayaraq, Bakının memarlıq-planlaşdırma strukturunda bir-birinin ardınca, az sayda da olsa, bağlar, parklar salınır və illər keçdikcə, dəniz kənarındakı Bulvar genişlənirdi. Bağlar, şəhər bağçaları kimi yaşıl memarlıq nümunələrinin meydana çıxması öz ahəngi, özünəməxsus koloriti ilə şəhərin ümumi görünüşünə xüsusi estetik məzmun qatırdı.

Şəhər strukturunda yaşıl memarlıq elementlərinin inkişafı Abşeronda özünəməxsus planlaşdırmaya malik şəhərkənarı villaların tikilməsinə yol açdı. Şəhərkənarı villalarda bağ-park sənətinin yerli ənənələri əsasında geniş ərazilərin yeni məkan həllı tətbiq edildi. Bu, təkcə Abşeronun şimal sahilinin, daha doğrusu, əsasən Mərdəkan və Şüvəlanın abadlaşdırılması ilə məhdudlaşmadı, eləcə də şəhərin bütünlüklə yaşıllıqla “bəzənmə” mədəniyyətinin inkişafı və ümumi artımına kömək etmiş oldu.

XX əsrin əvvəllərində Bakı kapitalist şəhərlərə xas ziddiyyətlərlə dolu böyük aqlomerasiyaya çevrilsə də, şəhər planlaşdırma strukturunun maraqlı nümunələrini saxlamağa çalışırdı. Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra Bakıda şəhərsalmada yeni bir dövr başlandı.

Elman MİRZƏYEV,tarix üzrə fəlsəfə doktoru

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
6
1
xalqqazeti.az

2Sources