EN

Adi Kumar: “Bakı urbanistika sahəsində əsas qlobal oyunçuların qarşılıqlı əlaqəsi üçün müstəsna platformaya çevrilib”

Adi
“Bu forumu son dərəcə təsiredici hesab edirəm. Burada bir araya gələn spikerlərin və iştirakçıların səviyyəsi hazırda bizə ən çox lazım olan bilikləri təqdim edir - qeyri-formal yaşayış məntəqələrinin transformasiyası, mənzil böhranının aradan qaldırılması və şəhər inkişafı ilə bağlı problemlərin həlli üçün”.
Bunu 1news.az-ın müxbirinə BMT-Habitatın maraqlı tərəflərlə əlaqələr üzrə baş eksperti Adi Kumar Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) dördüncü günü çərçivəsində deyib. Onun sözlərinə görə, Bakıda keçirilən forum bu sahədə çalışan əsas qlobal oyunçularla görüş və qarşılıqlı əməkdaşlıq üçün həqiqətən də müstəsna platformadır. “Sizin çox gözəl ölkəniz və gözəl şəhəriniz var. Plov sadəcə möhtəşəmdir - mətbəxinizlə tanış olmaq çox xoş oldu. İnsanlar olduqca mehribandır və ümumilikdə bu, heyrətamiz təcrübədir. Bundan əlavə, şəhərdə tam təhlükəsiz şəkildə gəzmək mümkündür ki, bu da Bakını ziyarət üçün xüsusi dərəcədə cəlbedici edir. Bu, mənim Bakıya ilk səfərimdir”, - deyə Adi Kumar bildirib. Müasir meqapolislərin üzləşdiyi çağırışlardan danışan ekspert vurğulayıb ki, ötən bazar günü müşahidə olunan güclü yağışların yaratdığı vəziyyət hava anomaliyaları ilə mübarizədə daha effektiv yanaşmaların tətbiqinin təcili zəruriliyini bir daha göstərdi. Onun fikrincə, şəhərlərin iqlim dayanıqlığı bu gün yalnız Bakı üçün deyil, dünyanın bütün şəhərləri üçün həyati əhəmiyyət daşıyır.

“Bununla yanaşı, Bakı bu sahədə nümunəvi şəhərə çevrilə bilər. COP29-a ev sahibliyi etməklə şəhər unikal təcrübə qazanıb. İndi bu təcrübə burada keçirilən mənzil və şəhərsalma mövzusundakı müzakirələrlə birləşdirilərək şəhər mühitinin daha dayanıqlı, adaptiv və nəticə etibarilə daha təhlükəsiz formaya salınmasına kömək edə bilər”, - deyə Adi Kumar yekunlaşdırıb.

Chosen
30
1news.az

1Sources