EN

”Azərbaycan üçün şəhərsalma tarixi yaddaşın qorunmasıdır” DEPUTAT DANIŞDI

Sia Az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) həm beynəlxalq urbanizasiya məsələlərinin müzakirə olunduğu platforma, həm də Azərbaycanın dünyaya təqdim etdiyi inkişaf modelini nümayiş etdirir”.

Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.

Onun sözlərinə görə, forumun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev ölkəmizin qədim memarlıq irsini, müasir şəhərsalma siyasətini, eyni zamanda işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma prosesi barədə forum iştirakçılarını məlumatlandırdı:

“Dövlət başçımız Bakının artıq mühüm qlobal tədbirlərin keçirildiyi beynəlxalq mərkəzə çevrildiyini vurğulayaraq qeyd etdi ki, forumda “182 ölkədən 45 mindən artıq qeydiyyata alınmış iştirakçı” var. Bu fakt Azərbaycanın beynəlxalq nüfuzunun artmasının və Bakının qlobal dialoq platforması kimi mövqeyinin güclənməsinin göstəricisidir.

Təsadüfi deyil ki, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax da qeyd etdi ki, bu xarakterli heç bir forum indiyədək bu qədər geniş və müxtəlif qlobal auditoriyanı bir araya gətirməmişdir.

Azərbaycanın tarixlə müasirliyin vəhdətini qorumaq siyasətinə də diqqət çəkən cənab Prezident bildirdi ki, “Bakıda, qədimliklə yenilik, tarixi irsimizin qorunması ilə şəhərsalmanın planlaşdırılması və müasirləşdirilməsi zəruriliyi arasında təbii vəhdət mövcuddur”. Bu fikir əslində Azərbaycanın inkişaf modelinin əsas fəlsəfəsini əks etdirir. Son illərdə Bakıda həyata keçirilən genişmiqyaslı abadlıq və şəhərsalma layihələri göstərir ki, müasir urbanizasiya milli kimliyin və tarixi irsin qorunması ilə paralel şəkildə aparılır.

Azərbaycan üçün şəhərsalma həm də tarixi yaddaşın qorunmasıdır. Bu yanaşma müasir dövrdə urbanizasiya siyasətinin əsas çağırışlarından biridir. Çünki sürətli şəhərləşmə prosesi bəzi ölkələrdə tarixi irsin məhv olması ilə nəticələnir. Azərbaycan isə fərqli yol seçərək inkişafla milli-mədəni dəyərlərin qorunmasını paralel şəkildə həyata keçirir.

Dövlət başçımız eyni zamanda Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma prosesinə diqqət çəkdi. Bildirdi ki, işğal dövründə Ağdam tamamilə məhv edilmişdi və beynəlxalq müşahidəçilər onu “Qafqazın Xirosiması” adlandırırdılar.

Bu, Ermənistanın işğal siyasətinin mahiyyətini və dağıntının miqyasını bütün dünyaya bir daha nümayiş etdirdi.

Eyni zamanda, Prezidentin səsləndirdiyi rəqəmlər Azərbaycanın həyata keçirdiyi quruculuq prosesi barədə reallıqların təqdimatı idi. Beş il ərzində 70 kilometr tunelin, yüzlərlə körpünün, hava limanları, məktəblər və yaşayış məntəqələrinin tikilməsi güclü siyasi iradənin nəticəsidir.

Azərbaycan öz tarixini qoruyaraq müasir dövlət qurur, işğaldan azad olunmuş əraziləri yenidən dirçəldir, dayanıqlı şəhərsalma modelini inkişaf etdirir və qlobal urbanizasiya gündəliyində fəal rol oynayır. Bakıdan dünyaya verilən bu mesaj inkişafın, milli kimliyin və humanitar yanaşmanın göstəricisidir. Bakı forumu adekvat mənzilin hər kəs üçün əlçatanlığına ümidləri artırır”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
14
2
sia.az

10Sources