EN

Bakıda “Hindistan: Şəhərlər və Memarlıq” mövzusunda mühazirə təşkil edildi

BAKI, 23 may. TELEQRAF

Hindistanın Azərbaycandakı səfirliyi "Bakı Axşamları" adlı məşhur mədəni və intellektual silsilə çərçivəsində tanınmış Hindistan memarı, "TEDx" çıxışçısı və kurator Racendra Kumarın “Hindistan: Şəhərlər və Memarlıq” mövzusunda mühazirəsini təşkil edib.

Teleqraf xəbər verir ki, tədbirdə Azərbaycan, Hindistan və digər ölkələrdən olan elm adamları, tədqiqatçılar, tələbələr, eləcə də Bakıda yaşayan Hindistan diasporunun nümayəndələri iştirak ediblər.

Hindistanın Azərbaycandakı səfiri Abhay Kumar çıxışında ölkəsinin memarlıq irsinin zənginliyini vurğulayıb.

Diplomat bildirib ki, bu memarlıq mənəviyyat və dayanıqlılığın, estetika və funksionallığın, ənənə və müasirliyin harmonik vəhdətini özündə əks etdirir. O, Hindistan və Azərbaycanın mədəni irsə və şəhər ənənələrinə dərin hörmət bəsləyən ölkələr olduğunu qeyd edərək Bakı, Şəki, Caypur və Əhmədabad kimi tarixi şəhərlərin bunun canlı nümunəsi olduğunu diqqətə çatdırıb.

Memar Racendra Kumar isə Hindistan şəhərlərinin müxtəlif memarlıq üslublarını əhatə edən təqdimatla çıxış edib. O, Kempeqouda Beynəlxalq Hava Limanının tikintisində bambukdan innovativ istifadəsi və Koçin Beynəlxalq Hava Limanının tamamilə günəş enerjisi ilə fəaliyyət göstərməsi kimi müasir və ekoloji həllərə dair diqqətçəkən faktları bölüşüb.

Mühazirədən sonra iştirakçıların fəal iştirakı ilə sual-cavab sessiyası keçirilib. Tədbir qonaqlara hind mətbəxinin təamları və qonaqpərvərliyi ilə tanış olmaq imkanı yaradan ziyafətlə yekunlaşıb.

Chosen
65
1
teleqraf.com

2Sources