EN

Ermənistanda “çevriliş ssenarisi” ön plana keçir: Silahlı toqquşmalar və kənar hərbi müdaxilə olacaq

Parlament seçkilərinin nəticələri Kremli qane etməzsə, Rusiya hər hansı bəhanə ilə Ermənistanda hərbi əməliyyatlar keçirə və Paşinyan hakimiyyətinin devrilməsinə nail ola bilər... Bunun üçün Ermənistandakı Rusiya hərbi bazalarından və agentura şəbəkəsi üzərindən törədiləcək kütləvi iğtişaşlardan əsas müdaxilə mexanizmləri kimi istifadə oluna biləcəyi qətiyyən istisna deyil...

Cənubi Qafqazda sülhə və sabitliyə olduqca ciddi təhlükə yaranmağa başlayıb. Belə ki, Kreml və Rusiyanın agentura şəbəkəsinə daxil olan siyasi qruplaşmalar Ermənistanda hakimiyyət dəyişikliyi üçün bütün mümkün variantları sınaqdan keçirtmək niyyətini biruzə verirlər. Ona görə də, növbəti parlament seçkilərinin keçiriləcəyi gün yaxınlaşdıqca Ermənistanda ölkədaxili situasiya gərginləşməkdə, vətəndaş qarşıdurması dərinləşməkdə davam edir. Və Rusiyaya bağlı siyasi qüvvələr seçkilərdə qalib gələcəkləri təqdirdə, Ermənistanı yenidən uydurma “hədəflər” uğrunda mübarizə kursuna qaytaracaqlarını da qətiyyən gizlətmirlər.

Onu da qeyd etmək lazımdır ki, hazırda yalnız Ermənistanda ölkədaxili siyasi-ictimai ziddiyyətlər deyil, həm də Kremllə Paşinyan hakimiyyəti arasında münasibətlərdəki mövcud gərginlik də sürətlə kəskinləşir. Belə ki, seçki günü yaxınlaşdıqca, Kreml Paşinyan hakimiyyətinə qarşı Ermənistandakı bütün təzyiq mexanizmlərini işə salmağa çalışır. Xüsusilə də, Rusiya bazarları Ermənistan istehsalı olan kənd təsərrüfatı məhsulları üçün qapadılıb. Və Kremlin bu radikal addımı birmənalı şəkildə məhz seçkilərin nəticələrinə təsir göstərilməsinə hesablanıb.

Məsələ ondadır ki, Kremldə Rusiya bazarlarına çıxışı qapadılmış Ermənistan vətəndaşlarının Paşinyan hakimiyyətinin əleyhinə səs vermək məcburiyyətində qalacaqlarına ümid bəsləyirlər. Eyni zamanda, Kreml rəsmi İrəvanın indiki xarici siyasət kursu davam etdiriləcəyi təqdirdə, Ermənistana dünya bazarlarında olan qiymətdən daha ucuz satılan Rusiya enerji resurslarının bahalaşdırılacağına yönəlik də mesajlar verir. Üstəlik, Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxarıla biləcəyi barədə də xəbərdarlıqlar edilir. Və bütün bunlar birmənalı şəkildə Ermənistanın onsuz da çox zəif olan iqtisadiyyatı üçün çökmə təhlükəsi yaratdığından erməni seçicilərə təhdid xarakteri daşıyır.

Belə anlaşılır ki, Kreml sosial-siyasi və iqtisadi-ticari təzyiq metodları ilə Ermənistan vətəndaşlarını məhz Rusiyanın maraqlarını dəstəkləyən siyasi qüvvələrə səs verməyə məcbur etmək istəyir. Halbuki, Kremldə Rusiyanın agentura şəbəkəsinə daxil olan siyasi düşərgənin seçkilərdə qələbə şansının möcüzəyə bağlı olduğunu da anlamamış deyillər. Rusiyanın son radikal addımlarının bu şansı artırıb-artırmayacağı isə hələlik qeyri-müəyyən xarakter daşıyır. Hər halda, Kremlin davranışları Paşinyan hakimiyyətinə qarşı yönəlmiş olsa da, Ermənistan cəmiyyətində Rusiyaya qarşı narazılığı da ciddi şəkildə artırır.

Maraqlıdır ki, ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstutunun Ermənistanda keçirtdiyi son ictimai rəy sorğusunun nəticələri Rusiya üçün məyusedici məzmun daşıyır. Belə ki, rəyi soruşulanların mütləq əksəriyyəti – 75 faizi məhz Ermənistanın ehtimal olunan Avropa Birliyi üzvlüyünü dəstəkləyir. Əlbəttə ki, Ermənistanın Avropa Birliyi üzvlüyü uzaq perspektivə bağlı qeyri-müəyyən prosesdir. Hətta bu ölkənin nə vaxtsa, həmin hədəfə çatma ehtimalı da oldquca ciddi şübhələr doğurur. Bunun belə, rəyi soruşulanların mövqeyi əslində, Paşinyan hakimiyyətinin Rusiyadan uzaqlaşma və Qərbə yaxınlaşma xarici siyasət kursunun Ermənistanda ciddi dəstək qazandığını göstərir. Və bu, Paşinyan hakimiyyətinin seçkilərdə qələbə şansını Rusiyanın emissarları ilə müqayisədə ciddi şəkildə artırır.

Bütün bunlara paralel olaraq, ABŞ-ın dövlət katibi Marko Rubionun məhz seçki ərəfəsində Ermənistana səfəri Paşinyan hakimiyyətinə beynəlxalq dəstək kimi izah olunur. Xüsusilə də, Kreml və Rusiyanın agentura şəbəkəsi bu səfəri Ermənistanda parlament seçkilərinə kənardan müdaxilə cəhdi kimi qəbul edir. Ona görə də, həm Kremlin, həm də Rusiyanın emissarlarının Paşinyan hakimiyyətinə qarşı açıqlamaları aqressiv ritorika qazanmağa başlayıb. Rusiya Təhlükəsizlik Şurasının sədri Sergey Şoyqu rəsmi İrəvanı əsas “təhlükə mənbəyi”ndən Ermənistana dəstək ummaqda suçlayıb. Və onun müavini Dmitri Medvedyev isə ümumiyyətlə, Paşinyan hakimiyyətini “çevriliş ssenarisi” ilə hədələyib.

Onu da qeyd etmək lazımdır ki, Rusiyanın agentira şəbəkəsinə daxil olan bəzi erməni siyasətçilərin son açıqlamaları Kremlin həqiqətən də “çevriliş ssenarisi” üzərində hazırlıq aparmış ola biləcəyindən şübhələnməyə müəyyən əsaslar verir. Belə ki, Ermənistanın keçmiş prezidenti, hərbi cinayətkar Robert Köçəryan Paşinyan hakimiyyətinin seçkilərin nəticələrinə administrativ müdaxilə edəcəyi təqdirdə, “əsl xalq inqilabı” ilə qarşılaşacağını bildirib. Və Kremlin son aqressiv davranışlarına paralel olaraq, Rusiyanın agentura şəbəkəsinin liderlərindən biri olan Robert Köçəryanın bu təhdidkar açıqlaması Rusiyanın Ermənistanda “çevriliş planı”nı istəmədən də olsa, ifşa etməsi kimi qəbul olunur.

Məsələ ondadır ki, Robert Köçəryan həm də Paşinyan hakimiyyətinin Qərbə yaxınlaşma siyasi kursunu məhz vaxtilə Gürcüstanda Rusiyanın emissarı Bidzina İvanişvili tərəfindən devrilmiş keçmiş prezident Mixail Saakaşvilinin davranışları ilə müqayisə edib. Onun iddiasına görə, əgər, baş nazir Nikol Paşinyan hakimiyyətdə qalsa, Rusiyaya gedən bütün yollar mütləq bağlanacaq. Ermənistan əhalisinin mütləq əksəriyyəti isə bundan ciddi şəkildə ziyan çəkəcək. Və Robert Köçəryan vəd edir ki, əgər, seçkilərdə Paşinyan hakimiyyəti məğlub edilərsə, Ermənistanın Rusiya ilə heç bir problemi qalmayacaq.

Göründüyü kimi, həm Kreml, həm də Rusiyanın agentura şəbəkəsi yalnız Paşinyan hakimiyyətini deyil, həm də Ermənistan vətəndaşlarının Qərbə yaxınlaşma kursunu dəstəkləyən hissəsini açıq-aşkar təhdid edir. Əgər, bütün bunlar bir nəticə verməzsə, Paşinyan hakimiyyəti qalib gələrsə, Kremlin Paşinyan hakimiyyətinə qarşı daha radikal addımlar ata biləcəyi qətiyyən istisna deyil. Belə ki, Rusiya enerji qiymətlərini artırmaq niyyətini artıq biruzə verməkdədir. Eyni zamanda, Rusiya ordusunun ölkə xaricində hərbi əməliyyatlar aparmasına icazə verən qanun da məhz Ermənistandakı seçkilər ərəfəsində qüvvəyə minib.

Belə anlaşılır ki, seçkilərin nəticələri Kremli qane etməzsə, Rusiya hər hansı bəhanə ilə Ermənistanda hərbi əməliyyatlar keçirə və Paşinyan hakimiyyətinin devrilməsinə nail ola bilər. Bunun üçün Ermənistandakı Rusiya hərbi bazalarından və agentura şəbəkəsi üzərindən yaradılacaq kütləvi iğtişaşlardan əsas müdaxilə mexanizmləri kimi istifadə oluna biləcəyi qətiyyən istisna deyil. Və bu baxımdan, Ermənistanda yaxın həftələrdə ölkədaxili xaos təhlükəsinin ön planda olacağı o qədər də ciddi şübhə doğurmur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

004821fae7991696e809ed2abb664862-1.jpg

Chosen
90
50
musavat.com

10Sources