EN

Xızıda sahibkarlarla görüş: biznes imkanları və dövlət dəstəyi müzakirə edilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin  (KOBİA) təşkilatçılığı və Xızı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. Tədbirdə kənd təsərrüfatı, turizm, xidmət və digər sahələrdə çalışan sahibkarlar, eləcə də dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Görüşdə Xızı Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Əzizov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov rayonda sahibkarlığın inkişafı, mövcud biznes imkanlarının genişləndirilməsi və dövlətin təqdim etdiyi dəstək mexanizmləri barədə məlumat veriblər. Bildirilib ki, Xızı rayonunda turizm və xidmət sektorunun inkişafı üçün geniş potensial mövcuddur. Bu imkanlardan səmərəli istifadə etməklə ekoturizm, kənd turizmi və müxtəlif xidmət mərkəzlərinin inkişafına təkan vermək mümkündür.

Qeyd olunub ki, sahibkarlar arasında əməkdaşlığın genişləndirilməsi və birgə fəaliyyət mexanizmlərinin gücləndirilməsi həm xidmət keyfiyyətinin yüksəldilməsinə, həm də bazar imkanlarının artmasına töhfə verə bilər.

Tədbir çərçivəsində fermer təsərrüfatının inkişafı, çörək sexinin genişləndirilməsi üçün maliyyə dəstəyi, eləcə də torpaq sahələrinin sənədləşdirilməsi kimi məsələlər müzakirə olunub, sahibkarların təklifləri dinlənilib və sualları cavablandırılıb.

Sonda KOBİA nümayəndələri Xızıda fəaliyyət göstərən çörək istehsalı müəssisəsinə də baş çəkərək sahibkarla biznesin inkişafı perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”

Chosen
37
2
azerbaijan-news.az

4Sources