Futbol üzrə Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünün bombardiri olan Coy-Lens Mikels “Sabah”la yeni müqaviləyə imza atıb.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Almaniyalı futbolçu ilə 2 illik müqavilə imzalanıb. Əvvəlki müqavilənin müddəti bu yay başa çatırdı. Buna görə Mikelsin paytaxt klubundan ayrılmağa hazırlaşdığı barədə iddialar da var idi. Amma görünür bu, futbolçunun sadəcə, klubdan daha yaxşı müqavilə təklifi almaq üçün xüsusi bir siyasəti imiş.
Mikels “Sabah”ın tarixində ən çox qol vurmuş futbolçudur. O, komandanın heyətində keçirdiyi 139 oyunda 72 qola imza atıb.
Ruanda millisinin də üzvü olan futbolçu “Sabah” forması ilə 1 dəfə Azərbaycan çempionu olub, 2 dəfə isə ölkə kubokunu qazanıb. Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümündə keçirdiyi 25 oyunda 19 qol vurmuş Mikels çempionatın bombardiri olub.
Xatırladaq ki, Coy-Lens Mikels 2021-ci ilin iyul ayından 2023-cü ilin avqustuna qədər “Sabah”da çıxış edib. O, bu müddət ərzində meydana çıxdığı 69 oyunda 33 qol vurub, 20 məhsuldar ötürmə müəllifi olub. 2023-cü ilin yayında “Sabah”dan ayrılaraq Səudiyyə Ərəbistanı “Əl-Faysal”ına keçən Coy-Lens 2024-cü ilin yayında yenidən Azərbaycan klubuna qayıdıb. Almaniyalı vingerin “bayquşlar”la bu ilin yayınadək müqaviləsi mövcud idi. O, “Sabah”da bütövlükdə 139 oyuna 72 qol və 33 məhsuldar ötürmə müəllifi olub.
Mönhenqladbax “Borussiya”sının yetirməsi olan futbolçu, bu klubla yanaşı, “Şalke”nin də ikinci komandasında forma geyinib. Daha sonra o, “Alemanniya” (Aahen), “Vakker” (Norhauzen), “Karl Tseyss” və “Maastrixt” kimi klubların uğurları üçün çalışıb.
