Belçikanın “Sent-Trüden” klubunun yarımmüdafiəçisi Mustafa Kamara bundan sonra Azərbaycanın U-21 millisinin formasını geyinəcək.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, mayın 28-dən 30-dək Bakıda, mayın 31-dən iyunun 10-dək isə Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətinə yeni futbolçu cəlb olunub. “Sent-Trüden”in belçikalı futbolçusu Mustafa Kamara U-21 millimizin düşərgəsinə qoşulub.
18 yaşlı sol vinger 2025-2026-cı illər mövsümündə “Sent-Trüden”in U-18 komandasının heyətində ümumilikdə 19 oyun keçirib, 2 qol vurub.
Qeyd edək ki, Mustafa Kamara 2007-2012-ci illərdə “Qəbələ”nin formasını geyinmiş Abdulkader Kamaranın oğludur. Mustafa 2008-ci il martın 3-də Azərbaycanda anadan olub.
Azərbaycanın U-21 millisi Türkiyədəki hazırlıq çərçivəsində iyunun 6-da Bəhreyn yığması ilə qarşılaşacaq. İyunun 9-da isə Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı yoxlama oyunu baş tutacaq.

