EN

28 May:Azərbaycanın şərəf və qürur tarixi

ain.az bildirir, Cebheinfo portalına istinadən.

Bu gün – 28 May Azərbaycanda və dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla soydaşımız tərəfindən Müstəqillik Günü kimi qeyd olunur. 

1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi və demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsindən 108 il ötür. Müstəqillik bayramı artıq altıncı ildir ki, işğaldan azad olunmuş ərazilərdə də böyük qürur və coşqu ilə qeyd edilir.

“Cebheinfo.az”-a danışan politoloq Qulamhüseyn Əlibəyli bildirib ki, Müstəqillik Günü Azərbaycan xalqının azadlıq, milli birlik və dövlətçilik ruhunu yaşadan müqəddəs gündür:

"Hər bir xalqın tarixində onun milli kimliyini, azadlıq arzusunu və dövlətçilik ənənələrini əks etdirən xüsusi günlər var. Azərbaycan xalqı üçün belə əlamətdar günlərdən biri 28 May – Müstəqillik Günüdür. Bu gün xalqımızın azadlıq uğrunda mübarizəsinin, milli iradəsinin və dövlətçilik idealının təntənəsi hesab olunur". 

Politoloq qeyd edib ki, Müstəqillik Günü yalnız tarixi hadisənin qeyd olunması deyil, həm də milli birlik, vətənpərvərlik və gələcəyə inam rəmzidir:

"1918-ci il mayın 28-də qurucu babalarımız – Məmməd Əmin Rəsulzadə və silahdaşları tərəfindən Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti elan edildi. Bu mühüm hadisə Azərbaycan xalqının müstəqil dövlət qurmaq iradəsini bütün dünyaya nümayiş etdirdi. 

Cümhuriyyət dövründə bir sıra mühüm islahatlar həyata keçirildi. Parlament yaradıldı, dövlət atributları qəbul edildi, milli ordu formalaşdırıldı, insanlara siyasi, iqtisadi və sosial-mədəni hüquqlar verildi, Avropanın bir çox ölkələrindən və Amerikadan əvvəl qadınların seçki hüquqi tanındı.

Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət mövcud olsa da, ölkənin gələcək dövlətçilik tarixində mühüm rol oynadı". Qulamhüseyn Əlibəyli  vurğulayıb ki, Sovet Rusiyası 1920-ci ildə Azərbaycanı işğal etsə də, sonrakı 71 ildə xalqımızın azadlıq və müstəqillik arzusunu məhv edə bilmədi:

"1991-ci ildə Azərbaycanın yenidən dövlət müstəqilliyini bərpa etməsi xalqımızın milli iradəsinin və mübarizə ruhunun nəticəsi idi. Müstəqillik bərpa edildikdən sonra Azərbaycan siyasi, iqtisadi və mədəni sahələrdə böyük inkişaf yolu keçmişdir. Bu gün müstəqil Azərbaycan beynəlxalq aləmdə öz layiqli yerini tutmuş, Cənubi Qafqazın güclü və nüfuzlu dövlətinə çevrilib".

O bildirib ki, müstəqilliyimizin əbədi olması üçün hər bir vətəndaş məsuliyyət daşıyır:

"Müstəqillik günü bizə tariximizi unutmamağı, milli dəyərlərimizi və dövlətçilik ənənələrimizi qorumağın vacibliyini xatırladır, gələcəyə daha böyük ümidlə baxmağı öyrədir. 

Hər bir Azərbaycan vətəndaşı müstəqilliyimizin qədrini bilməli, onun əbədi olması üçün çalışmalıdır. Çünki müstəqillik bizə babalarımızdan miras qalıb, biz də bu əmanəti gələcək nəsillərimizə layiqincə ötürməliyik".

Əfsanə Rəcəb

"Cebheinfo.az"

Açar sözlər:

28 May Qulamhüseyn Əlibəyli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
35
1
cebheinfo.az

2Sources