EN

Bir qrup QHT bu şirkətlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdi

Bir qrup QHT nümayəndəsi İsveçrənin Holcim Qrupuna daxil olan Lafarge şirkətinin və onun törəmə müəssisəsi olan “Lafarge Cement Syria”nın fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərliyə və Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadəyə məktubla müraciət ediblər.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, məktubda bəzi vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatları adından sözügedən şirkət və törəmə müəssisənin silahlı münaqişə dövründəki fəaliyyəti ilə bağlı sənədləşdirilmiş ittihamlar və məhkəmə qərarları barədə ciddi narahatlıq ifadə edilib.

Qeyd edilib ki, məlumatlara əsasən, Lafarge şirkəti 2012–2014-cü illərdə təhlükəsizlik vəziyyətinin sürətlə pisləşməsinə və silahlı ekstremist qrupların bölgədə nəzarətinin artmasına baxmayaraq, Suriyanın şimalındakı Cəlabiyə sement zavodunda fəaliyyətini davam etdirib.

Məktubda bildirilib ki, keçmiş əməkdaşların ifadələri və məhkəmə materialları göstərir ki, şirkət kommersiya fəaliyyətini yerli işçilər ağır təhdidlər, adam oğurluqları və zorakılıq halları ilə üzləşdiyi bir şəraitdə aparıb: “Kommersiya fəaliyyətinin davam etdirilməsi müqabilində beynəlxalq səviyyədə terror təşkilatı kimi tanınan İŞİD kimi qruplara maliyyə və maddi dəstək göstərilməsi ilə bağlı ciddi faktlar hüquqi, etik və humanitar baxımdan dərin narahatlıq doğurur.

2022-ci ilin oktyabr ayında ABŞ federal məhkəməsində Lafarge və onun Suriyadakı törəmə müəssisəsi xarici terror təşkilatlarına maddi dəstək göstərdiyini etiraf edib. Məhkəmə qərarına əsasən, şirkət sement zavodunun fəaliyyətini davam etdirmək məqsədilə İŞİD və “Əl-Nusra Cəbhəsi”nə ödənişlər etdiyinə görə cinayət cərimələri və müsadirə daxil olmaqla, ümumilikdə 777,78 milyon dollar məbləğində cərimə ödəyib.

Bundan əlavə, 13 aprel 2026-cı il tarixində Paris Cinayət Məhkəməsi Lafarge şirkətini və onun dörd keçmiş rəhbər şəxsini 2013–2014-cü illərdə terror qruplaşmalarına 5.5 milyon avro ödənilməsində təqsirli bilmişdir. Məhkəmə şirkət barəsində maksimum məbləğdə cərimə, keçmiş rəhbərlər barədə isə həbs cəzaları müəyyən etmişdir. Hazırda Lafarge şirkəti insanlıq əleyhinə cinayətlərdə mümkün iştirakla bağlı istintaq altındadır”.

Aidiyyəti dövlət qurumlarına ünvanlanan müraciətdə vurğulanıb ki, beynəlxalq araşdırmalarda və məhkəmə proseslərində bildirildiyi kimi, bu hərəkətlər silahlı zorakılıqda, terrorizmin maliyyələşdirilməsində, mülki əhaliyə qarşı genişmiqyaslı pozuntular və insanlıq əleyhinə cinayətlərdə korporativ iştirakın qarşısını almağa yönəlmiş beynəlxalq normalara ziddir.

“Holcim Azərbaycan şirkətinin regionda əhəmiyyətli sənaye aktoru kimi rolunu nəzərə alaraq, hesab edirik ki, o, ən yüksək şəffaflıq, insan hüquqları üzrə lazımi araşdırma və etik biznes standartlarına riayət etmək məsuliyyəti daşıyır. Şirkət, beynəlxalq humanitar hüquqa, korrupsiyaya qarşı mübarizə standartlarına və silahlı və ya sanksiya altında olan qruplara birbaşa və ya dolayısı yolla dəstəyin qarşısının alınmasına dair açıq və şəffaf öhdəlik nümayiş etdirməlidir.

Qeyd edilənləri nəzərə alaraq, Holcim Qrupunun törəmə şirkəti olan Holcim Azərbaycan şirkətinin bütün fəaliyyətləri ilə bağlı şəffaf araşdırmalar aparılmasını xahiş edirik”, - deyə müraciətdə qeyd olunub.

Chosen
18
50
bakivaxti.az

10Sources