EN

Ekspert: İran müharibədən qalib çıxıb, ABŞ və İsrail isə strateji uğursuzluqla üzləşib...

Yaxın Şərq üzrə ekspert Devid Herst İran müharibəsində ABŞ və İsrailin strateji məğlubiyyətə uğradığını bildirib...

Poliqon xəbər verir ki, Britaniyalı jurnalist və Yaxın Şərq üzrə ekspert Devid Herst İran ətrafında baş vermiş müharibə nəticəsində ABŞ və İsrailin strateji məğlubiyyətə uğrafığını yazıb. Keçmişdə The Guardian qəzetində redaktor olmuş, hazırda isə Middle East Eye nəşrinin həmtəsisçisi olan Herst müharibənin nəticələrinə dair geniş məqalə yayımlayıb.

Onun fikrincə, ABŞ və İsrailin İranı zəiflətmək cəhdi, ölkənin hərbi infrastrukturuna ciddi zərbələr endirilməsinə baxmayaraq, uğursuz olub. Herst bildirib ki, hücum yanlış kəşfiyyat məlumatlarına əsaslanıb.

Jurnalist vurğulayıb ki, İran əsas təzyiq alətini, Hörmüz boğazına nəzarəti qoruyub saxlayıb. Onun sözlərinə görə, Tehran neft və qaz tədarüklərinə təsir göstərərək “Hörmüzü kran kimi açıb-bağlamaq” qabiliyyətini nümayiş etdirib. Həmçinin İranın, Yəməndəki husilərin vasitəsilə Bab əl-Məndəb boğazını bağlama imkanının qaldığı qeyd olunub.

Herst yazıb ki, Ağ Ev Tehranda ali lider aradan götürüldükdən sonra hakimiyyətin sürətlə dağılacağını gözləsə də, bu baş verməyib.

Bununla yanaşı, müəllif etiraf edib ki, İsrail və ABŞ İranın hava qüvvələrinə və donanmasına ciddi zərər vurub. Lakin onun fikrincə, pilotsuz uçuş aparatları, raketlər və dəniz minaları vasitəsilə asimmetrik müharibə aparmaq imkanları məhv edilməyib. Herst hesab edib ki, Donald Tramp administrasiyası İranda, əvvəllər İraq, Əfqanıstan, Liviya, Yəmən və Suriyada buraxılmış səhvləri təkrarlayıb. Buna görə də İranı ABŞ-nin son 25 ildə Yaxın Şərqdəki “altıncı məğlubiyyəti” adlandırıb.

Müəllif vurğulayıb ki, bu “ardıcıl uğursuzluqlar” ABŞ-nin mübahisəsiz hərbi üstünlüyə malik olduğu dövrdə baş verib və bu, Vaşinqtonun nüfuzuna ciddi zərbə vurub.

Herstin digər nəticəsinə görə, bölgədə İsrailsiz yeni sünni koalisiyası formalaşmağa başlayıb. O, bu ittifaqa Səudiyyə Ərəbistanı, Qətər, Türkiyə, Pakistan və Omanı daxil edib. Herstin fikrincə, Fars körfəzi monarxiyaları ABŞ-nin “təhlükəsizlik çətiri”nin onları qorumağa qadir olmadığı qənaətinə gəlib, həmçinin İsrail siyasətinə qarşı çıxaraq Vaşinqton və Təl-Əviv xəttini izləməyə hazır olmadıqlarını göstəriblər.

Bu kontekstdə, ərəb ölkələri ilə İsrail arasında münasibətlərin normallaşmasına hesablanmış İbrahim sazişləri layihəsinin təhlükə altına düşdüyü bildirilib.

“Tramp Ər-Riyadı saziş imzalamağa məcbur etməyə çalışa bilər, lakin cavab olaraq qulaqbatırıcı sükut əldə edəcək”, deyə Herst yazıb.

Herst hesab edib ki, İranın müharibədən sağ çıxması Yaxın Şərqdə qüvvələr balansını ciddi şəkildə dəyişib və regiondakı anti-İsrail qüvvələrinin, o cümlədən Hizbullahın mövqelərini gücləndirib.

Məqalənin sonunda müəllif nəticəyə gəlib ki, nə Tramp, nə də Benyamin Netanyahu öz ölkələrinə qalib gəldiklərini inandırıcı şəkildə bəyan edə bilməyəcək, müharibə isə ABŞ təsirinin Yaxın Şərqdə zəifləməsinin növbəti göstəricisinə çevrilib.

Poliqon.info

Chosen
53
poliqon.info

1Sources