EN

Şərqi Zəngəzurun məhsulu xarici bazarlarda: Ağalı bağlarından ixraca gedən meyvələr

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Zəngilan, 30 may, AZƏRTAC

Azərbaycan kənd təsərrüfatında rəqəmsal texnologiyaların və innovativ həllərin tətbiqi, xüsusilə işğaldan azad edilmiş torpaqların zəngin aqrar potensialının hərəkətə gətirilməsi qeyri-neft sektorunun inkişafında yeni mərhələnin əsasını qoyur. Bu kontekstdə, ən müasir texnologiyalara əsaslanan intensiv bağçılıq ölkənin aqrar siyasətinin əsas prioritetlərindən birinə çevrilməkdədir.

Prezident İlham Əliyev mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə intensiv bağçılığın əhəmiyyətini vurğulayarkən, bir vaxtlar düşmən tapdağı altında qalan, bu gün isə yenidən dirçələn Şərqi Zəngəzur torpağında – Zəngilanın “ağıllı kənd”i olan Ağalı yaxınlığında salınan meyvə bağını buna nümunə göstərdi. Dövlətimizin başçısı bu yaxınlarda Zəngilana səfəri zamanı həmin bağlardan artıq xarici bazarlara məhsul ixrac olunduğu barədə məlumat verildiyini diqqətə çatdırdı.

İntensiv bağçılıq – minimum su sərfi, maksimum məhsuldarlıq və dünya standartlarına uyğun yüksək keyfiyyət deməkdir. Məhz bu müsbət dinamika dövlətimizin aqrar sahədəki strateji xəttini müəyyən edir. Qarşıda isə ölkə üzrə daha 20 min hektar sahədə müasir intensiv bağların qurulması kimi böyük və iddialı bir hədəf var ki, bu da regional inkişafa və məşğulluğa misilsiz töhfə verəcək.

AZƏRTAC-ın bölgə müxbirinin Ağalıda salınan həmin intensiv bağdan hazırladığı reportajı təqdim edirik.

Böyük Qayıdışın ilk ünvanı olan Zəngilan rayonu Ağalı kəndinin münbit torpaqlarında salınan intensiv meyvə bağının məhsulu elə kənd ərazisindən keçən Həkəri çayının suyundan bəhrələnir. Əlverişli hava şəraiti isə ağacların inkişafında mühüm rol oynayır. Ümumi sahəsi 100 hektar olan bağ 2022-ci ildə salınıb və hazırda orada 66 min meyvə ağacı var. Onlardan 26 min 400-ü ərik, 39 min 600-ü isə şaftalı ağacıdır. İntensiv texnologiyalar əsasında salınan bağda damlama suvarma sistemi qurulub. Bunun üçün Həkəri çayından götürülən su bağın ərazisində olan gölə vurulur. Buradan isə sistem vasitəsilə ağaclara ötürülür. Bağın layihə rəhbəri Ravik Müslümov deyir ki, müasir suvarma sisteminin tətbiqi suya qənaət etməklə yanaşı, həm də məhsuldarlığa müsbət təsir göstərir: “Ötən il bağda ilk məhsul ilimiz oldu. 72 ton ərik, 118 ton isə şaftalı toplanıldı. Məhsulun əsas hissəsi xarici bazarlara ixrac edildi. Bu il isə daha çox məhsul əldə etmişik. Bu mövsüm üzrə də 40 hektarlıq ərik sahəsində yığım bitib və 140 ton məhsul yığılıb, ixrac olunub. Yaxın günlərdə isə 60 hektarlıq şaftalı sahəsində yığım başlayacaq. Hazırda bağda ot-alaqdan təmizləmə işləri görülür. Bağın salınması həm də ərazidə əlavə iş yerlərinin açılması deməkdir. Bu təsərrüfatda daimi 20 nəfər çalışır. Mövsümlə əlaqəli isə 100-dən çox işçi bağda işləyir".

Bağda çalışan işçilər isə əsasən Ağalı və Məmmədbəyli kəndinin sakinləridir. Uzun illər torpaq həsrəti ilə yaşayan sakinlər bu torpaqların dirçəlməyində əmək sahibi olduqları üçün qürur duyduqlarını deyirlər.

Nəsir Zeynalov Ağalıya, doğma yurda 64 yaşında qayıdıb, buna baxmayaraq özünü gümrah və gənc hiss edir.

"Bizim torpaqlarımız hər zaman münbitliyi, bərəkəti ilə seçilib. Həm də bolsulu çaylarımız, gözəl havası olan Zəngilanımızın torpağında həmişə bol məhsul əldə etmişik. Uzun illər torpaqlarımızın həsrətini çəkmişik. Şükür bu günümüzə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə güclü Ordumuz torpaqlarımızı işğaldan azad etdi. Qəhrəman oğullarımız bu torpaqlar uğrunda canını fəda etdi. Allah şəhidlərimizə rəhmət etsin. Qazilərimizə can sağlığı arzu edirəm ki, onların sayəsində el-obamıza qayıtdıq. Ağalıda bizim üçün gözəl şərait yaradılıb, müasir evlər inşa edilib, kəndimizin yaxınlığında yerləşən bu bağda isə çalışıram. Nə xoş bizlərə ki, Zəngilanın dirçəlməsində əməyimiz var. 4 aydır burada çalışıram. Bura mənim üçün təkcə iş yeri deyil, həm də sevərək can atdığım bir məkandır. Burada işləmək, çalışmaq, qurub-yaratmaq biz sakinlər üçün qürurvericidir", - deyə Nəsir Zeynalov bildirib.

Zeynəb Həsənova Zəngilan rayonu Məmmədbəyli kəndində doğulub boya-başa çatıb. Ömrümün 25 ilini burada yaşayıb. İşğal zamanı isə öz doğma torpağından məcburi köçkün düşüb.

"İşğal vaxtı kəndimiz, evimiz dağıdıldı. Qaçqınlıq çox çətin idi, Vətən həsrəti bizə ağır gəlirdi. Lakin ümidlə yaşadıq, öz doğma yerimizə qayıdacağımız günü səbirsizliklə gözlədik. Şükür bu günlərə, doğma kəndimizdəyik. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Onların canlarını fəda edərək azad etdiyi torpaqlarda yaşamaq, çalışmaq bizlər üçün şərəfdir. 60 yaşımda qayıtmışam. Dövlətimiz bizi burada, gözəl şəraiti olan kənddə evlə təmin edib. Gəldiyimdə isə burada bir bağın olduğunu bildim və çalışmaq, torpaqlarımızın canlanmasında mənim də rolumun olmağını istədim. Doğma torpaqda çalışmağın özü bir qürurdur.

Bizim artıq “qaçqınlıq” deyə bir adımız yoxdur. Öz elimizdə, obamızda, qəhrəman oğullarımızın canı-qanı bahasına azad edilən bu müqəddəs torpaqda yaşamaq, işləmək bizlər üçün şərəflidir. Bura qayıdan gündən özümü sanki yenidən dünyaya gəlmiş kimi hiss edirəm. Zəngilan hər zaman münbit torpaqları ilə seçilib. Bura köçəndən sonra həyətimizdə hər bitkidən əkmişəm. Hamısı da bar-bəhrəlidir. Çünki Zəngilanın torpağı, havası, suyu çox münbitdir. Bizim rayonun zoğal, çinar meşələri olub. Turş sularımız, bulaqlarımız olub. İndi həmin təbii sərvətlərimiz yenidən canlanır. Bu meyvə bağı da artıq bol məhsulu ilə seçilir. Bu nemətləri bizə yenidən bəxş edən şəhidlərimizdir. Buralarda gəzəndə hər atdığım addımda düşünürəm ki, bəlkə də bu yerdə hansısa qəhrəman oğlumuz şəhid olub və buna görə bu yerlərin hər qarışı bizlər üçün müqəddəsdir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə güclü Ordumuz tarix yazdı və biz artıq doğma elimizdəyik. Bundan böyük nə xoşbəxtlik ola bilər ki?", - deyə Zeynəb Həsənova vurğulayıb.

İlqar Dünyamalıyev də bağın işçilərindəndir. Deyir ki, ötən ildən başlayaraq bağda məhsul bol olub və burada zəhməti olduğu üçün qürur duyur: "Bu kənddə doğulmuşam, bu kənddə böyümüşəm. Torpaqlarımız işğal olunan zaman məcburi köçkün düşdük. 30 il Vətən həsrəti ilə yaşasaq da, bura qayıdacağımız günü ümidlə gözlədik. Allah şəhidlərimizə rəhmət etsin, dövlətimiz var olsun. Öz doğma kəndimizə qayıtmışıq. Bizim üçün yeni evlər inşa olunub və tam müasir, hər bir şəraiti olan Ağalı kəndində yaşayırıq. İş yerim isə elə bu meyvə bağıdır. Kəndimizə də çox yaxındır. Burada çalışmağın özü bir qürurdur. İşimiz səhər saat 8-də başlayır. Günəş yeni şəfəq saçanda biz bağa gəlirik. Ağalının hər fəsli gözəldir. Yaz bolluq-bərəkət fəslidir. Nə əkilsə, bol məhsul verir. Neçə illər yurd həsrəti ilə yaşamışıq, bizlər artıq bu həsrəti bitirmişik. Bu günləri bizlərə bəxş edən Ali Baş Komandan İlham Əliyevə və Müzəffər Ordumuza təşəkkür edirik. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin. Qəhrəman oğullarımız öz canlarını fəda edərək torpaqlarımızı azad edib və buna görə də bu torpaqlarda yaşamaq, çalışmaq bizlər üçün qürurdur"

Beləliklə, bir vaxtlar işğalın izlərini daşıyan torpaqlarda bu gün bol məhsul yetişdirilir. Ağalıdan xarici bazarlara göndərilən hər məhsul Şərqi Zəngəzurun dirçəlişinin və Böyük Qayıdışın növbəti uğur göstəricisinə çevrilir. Ağalı kəndində yaradılan intensiv bağ da buna bariz nümunədir. Burada yetişdirilən məhsullar əsasən ixrac potensialının artırılmasına xidmət edir. Müasir texnologiyaların tətbiq olunduğu bağda işlər davam edir.

Müxbir-Aydın Yavərzadə

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
24
2
azertag.az

3Sources