EN

Orbanla bağlı İLGİNC İDDİA 

Macarıstanın keçmiş baş naziri Viktor Orbanın BMT sistemində yüksək posta gətirilə biləcəyi barədə diqqətçəkən iddialar ortaya çıxıb.

Musavat.com xəbər verir ki, bu barədə Macarıstanın analitik portalı "VSquare"də maraqlı material dərc olunub.

Nəşrin diplomatik əlaqələri olan macar və xarici mənbələrə istinadən yaydığı məlumata görə, ABŞ Respublikaçılar Partiyasına yaxın siyasi çevrələrdə Orbanın BMT sistemində yüksək vəzifəyə gətirilməsi ilə bağlı hipotetik ssenari müzakirə edilir.

Məqalədə vurğulanır ki, burada əsas məsələ konkret postdan çox, həmin vəzifələrin verdiyi diplomatik status və immunitetdir. 1946-cı il BMT İmtiyazlar və İmmunitetlər Konvensiyasına əsasən, baş katib, onun müavinləri və yüksək səviyyəli köməkçiləri geniş hüquqi toxunulmazlıqdan yararlanır. Bu status müəyyən hallarda rəsmi fəaliyyət çərçivəsində məhkəmə təqibindən müdafiəni də əhatə edir.

Müzakirə olunan nəzəri variantlarda Orban üçün müxtəlif səviyyələrdə diplomatik toxunulmazlıq ehtimalları nəzərdən keçirilir.

Materialda qeyd olunur ki, belə ssenariyə siyasi dəstəyin yalnız ABŞ-dən deyil, digər siyasi fiqurlardan da gələ biləcəyi ehtimal edilir. Bu kontekstdə Argentina prezidenti Xavyer Mileyin adı çəkilir. Həmçinin gələcək BMT baş katibi seçkiləri fonunda Rafael Qrossinin mümkün namizədlərdən biri kimi müzakirə olunduğu bildirilir.

Məqalədə Orbanın ABŞ-yə mümkün səfərləri və ailə üzvlərinin Macarıstandan kənarda görünməsi də bəzi müşahidəçilər tərəfindən daha geniş siyasi konfiqurasiyanın elementi kimi şərh edildiyi qeyd olunur. Bununla belə, konkret qərar və ya birbaşa əlaqə barədə təsdiqlənmiş məlumat yoxdur.

Söhbət hələlik təsdiqlənməmiş və tamamilə hipotetik ssenaridən gedir. İddialar qapalı siyasi müzakirələr səviyyəsindən kənara çıxmaya və reallaşmaya da bilər.

Öz növbəsində Viktor Orban macar mediasına açıqlamasında hər hansı hüquqi risklə üzləşməsi barədə iddiaları rədd edib və yalnız qanun çərçivəsində fəaliyyət göstərdiyini bildirib.

Musavat.com

Chosen
33
musavat.com

1Sources