EN

Ev qiymətlərinin kəskin artmasının gözlənilməz səbəbi: Fırıldaqçılıq bazara necə təsir etdi?

"Journal of Financial Economics" jurnalında dərc olunan araşdırma göstərir ki, COVID-19 pandemiyası dövründə tətbiq edilən yardım proqramlarındakı maliyyə fırıldaqları ABŞ-ın daşınmaz əmlak bazarına əhəmiyyətli dərəcədə təsir göstərib. 

Bizim.Media xəbər verir ki, tədqiqat Ostindəki Texas Universitetinin "McCombs" Biznes Məktəbinin tədqiqatçıları tərəfindən həyata keçirilib.

Müəlliflərin iddiasına görə, biznesə dövlət kredit dəstəyi proqramı (Paycheck Protection Program, PPP) çərçivəsində edilən fırıldaqçılıqlar 2020–2021-ci illərdə ev qiymətlərindəki artımın təxminən 22,5%-ni izah edə bilər. Ümumilikdə isə ABŞ-da evlərin median (statistikada və iqtisadiyyatda (xüsusilə də daşınmaz əmlak bazarında) qiymətlərin tam ortasında yerləşən göstəricini ifadə edir) qiyməti 2019-cu ilin sonundan 2022-ci ilin sonuna qədər təxminən 35% artıb.

PPP proqramı pandemiya zamanı kiçik biznesi dəstəkləmək üçün yaradılmışdı, lakin təcili işə salındığı üçün nəzarət mexanizmləri kifayət qədər sərt olmadı. Kreditlərin banklar və fintex şirkətləri vasitəsilə verilməsi isə sui-istifadə riskini daha da artırdı.

Tədqiqatçılar əvvəllər şübhəli kreditləşmənin miqyasını ən azı 117 milyard dollar səviyyəsində qiymətləndirsələr də, yeni işdə əsas diqqəti bu amilin daşınmaz əmlak bazarına göstərdiyi fəsadlara yönəldiblər.

ABŞ-ın təxminən 19 min poçt zonası üzrə məlumatların təhlili aşağıdakıları üzə çıxarıb:

Şübhəli kreditlərin yüksək konsentrasiyada olduğu ərazilərdə ev qiymətlərinin artımı 5,8% daha çox olub.

Belə kreditləri alanların daşınmaz əmlak almaq ehtimalı 17% daha yüksək olub.

Bu təsir ev təklifinin məhdud olduğu regionlarda özünü daha qabarıq büruzə verib.

Araşdırma həmçinin göstərib ki, fırıldaqçılığın təsiri pandemiya dövründə daşınmaz əmlak bazarı üçün çox müzakirə olunan digər amillərdən — o cümlədən distant iş və daxili miqrasiyadan daha güclü ola bilərdi.

Müəlliflərin fikrincə, problem təkcə dövlətin itkiləri ilə məhdudlaşmır, həm də süni şəkildə yaradılan əlavə tələbin qiymətləri yüksəltməsindən ibarətdir ki, bu da sıravi ev alıcılarının cibinə zərbə vurub.

Əlavə olaraq məlum olub ki, şübhəli vəsaitləri əldə edənlər istehlakı da artırıblar: onlar daha tez-tez avtomobil qeydiyyata aldırıb, mağazalarda, restoranlarda və digər xidmət sahələrində daha aktiv pul xərcləyiblər.

Tədqiqatçılar xəbərdarlıq edirlər ki, analoji proqramların uzunmüddətli fəsadları daha sonra da özünü göstərə bilər — necə ki, keçmiş böhranlarda daşınmaz əmlak bazarının həddindən artıq qızışması sonradan maliyyə sarsıntılarına yol açmışdı.

Bizim.Media

Chosen
47
2
bizim.media

3Sources